Gürcüstan XİN: Gürcüstan ərazisindən hərbi tranzit keçmir. Uçuşlar sırf humanitar və mülki xarakter daşıyır
Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin hava ərazisindən Azərbaycan və Ermənistana mülki reyslərlə hərbi yük daşınması haqda şayiələri təkzib edib. Bu haqda Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib.
Onun sözlərinə görə, Gürcüstan ərazisindən hərbi tranzit həyata keçirilmir.
“Gürcüstan vasitəsilə həm Azərbaycana, həm də Ermənistana hərbi yüklərin quru və hava yolu ilə tranziti dayandırılıb. Buna görə də bir daha bildirmək istəyirik ki, Gürcüstan ərazisindən hərbi tranzit həyata keçirilmir. Gürcüstanda olan sənədlərə əsasən, Gürcüstanın hava məkanından uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır”, – Darsaliya deyib.
Nazir müavininin sözlərinə görə, Gürcüstan humanitar və mülki, o cümlədən də kommersiya yükləri sahəsində öz beynəlxalq öhdəliklərini yerinə yetirir
•Gürcüstan öz ərazisindən silah tranzitinə imkan verməyəcək
•Gürcüstanlı siyasətçilər və ekspertlər Qarabağ münaqişəsi haqda
Gürcüstan vasitəsilə hərbi yüklərin tranziti haqda informasiyanın yayılması manipulyasiyadır – rəsmi Tbilisi bildirir.
“Mediada Gürcüstandan guya mülki reyslərlə hərbi daşımaların həyata keçirilməsi ilə bağlı informasiya manipulyasiyaları çoxalıb. Konkret yük daşıyan və yük sahibi beynəlxalq hüquq normalarına tam riayət etməyə borcludur və humanitar dəhlizlərdən sui-istifadə etməməlidir. Əgər pozuntu varsa və səhih sübutlar varsa, Gürüstan müvafiq formada reaksiya verəcək”, – Laşa Darsaliya deyib.
O bildirib ki, pozuntuya yol verənlər beynəlxalq hüquqa, o cümlədən də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qarşısında götürdükləri öhdəliklərə müvafiq olaraq məsuliyyətə cəlb olunacaqlar.