Qarabağa səfər Fransa və Azərbaycan arasında diplomatik qalmaqala səbəb olub
Azərbaycan prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin ünvanına səsləndirdiyi sözlər Paris və Bakı arasında qalmaqala səbəb olub. Fransa xarici işlər naziri etiraf edib ki, Pekresin Xankəndiyə səfərindən xəbərdar olmayıb, amma Əliyevin sözlərini qınayıb. Azərbaycan XİN öz növbəsində cavab bəyanatı ilə çıxış edib.
Fransa prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Valeri Pekresin Qarabağın Rusiya sülhməramlı kontingentinin yerləşdiyi hissəsinə səfəri Fransa və Azərbaycan arasında diplomatik qalamaqala səbəb olub.
Həmin səfərdən dərhal sonra Fransanın Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb və ona etiraz notası verilib. Xarici İşlər Nazirliyinin müvafiq bəyanatındaPekresin Xankəndiyə səfəri qanunsuz adlandırılıb və fransalı prezidentliyə namizəd “persona-non-qrata” elan olunub.
- Qarabağa avtobus marşrutlarının açıldığı elan olunub
- “Bir-birimizə baxırıq” – ermənilər və azərbaycanlılar müharibədən sonra Qarabağda
- Azərbaycanda “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun hazırlanır: bu nə deməkdir? Şərhlər
Əliyev nə deyib?
Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Pekresin Qarabağa səfərinə toxunub.
“O ki qaldı, qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır.
Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də.
Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar.
Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır”, – Əliyev bildirib.
Pekresin partiyası üzr istənilməsini tələb edib
Yanvarın 16-da Pekresin prezidentliyə namizəd olduğu sağçı Respublikaçılar Partiyasının nümayəndələri JDD nəşrində Fransa prezidenti Emmanuel Makrona ünvanlı açıq müraciət dərc edilblər.
“Biz sizdən xahiş edirik ki, Azərbaycan Respublikasından rəsmi üzr istənməsini tələb edəsiz, həmçinin qısa müddətdə bu baş verməzsə, səfirimizin geri çağırılması ehtimalını nəzərdən keçirəsiz. Fransanın şərəfi bundan asılıdır”, – bu müraciətdə deyilir.
Bir gün sonra eyni zamanda İl-de-Frans regionunun başçısı olan Valeri Pekresin özü “Europe 1” radiostansiyasına müsahibəsi zamanı bildirib ki, “ölüm hədəsinə” görə Azərbaycan prezidentinə qarşı hüquq-mühafizə orqanlarına şikayət edib.
“Mən Ermənistana getmişəm, çünki Yaxın Şərqdəki xristianların məsələsi məni hədsiz narahat edir və çünki Ermənistanı müdafiə etmək çox vacibdir”, – o qeyd edib.
“Prezidentliyə namizədi müdafiə etməyən hökumətin qulaq batıran sükutu qəbuledilməzdir”, – Pekres əlavə edib.
Fransa xarici işlər nazirinin bəyanatı
Milli Məclisdə (parlamentin aşağı palatasında) deputatların suallarına cavab verərkən Fransanın XİN rəhbəri Jan-İv Le Drian bildirib ki, rəhbərlik etdiyi qurum “Azərbaycan tərəfinin Dağlıq Qarabağa səfərindən sonra Fransa prezidentliyinə namizəd Valeri Pekresin ünvanına səsləndirdiyi fikirləri qəbuledilməz hesab edir”.
O həmçinin “bundan sonra Fransanın parlament üvzlərinin və məmurlarının öz səfərləri haqda respublika hakimiyyətini məlumatlandıracaqlarına” ümid etdiyini vurğulayıb.
“Prezident Əliyevin sözləri seçkili vəzifəli şəxsə və Fransa prezidentliyinə namizədə aiddir, bunlar formasına və mahiyyətinə görə qəbuledilməzdir. Mən bu haqda Azərbaycanın Fransadakı səfirinə bildirmişəm”, – Le Drian əlavə edib.
Azərbaycan XİN-in cavabı
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında çıxışını şərh edib.
“Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilmişdir. Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirmişdir.
Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür.
Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı ona münasibətdə də adekvat ölçü götürülərdi.
Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etmişdir.
Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.
Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaqdır”, – bəyanatda deyilir.
Ekspert şərhi
“ATƏT-in Minsk Qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri kimi Fransanın üzərinə çox ciddi öhdəliklər düşür: Azərbaycan hər zaman bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçi dövlətlər kimi obyektiv, tərəfsiz, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqe nümayiş etdirməlidir”, – parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Fransa işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa və Azərbaycan arasında diplomatik qalmaqalı şərh edib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər beynəlxalq hüquq normalarına açıq hörmətsizlikdir. Eyni zamanda Fransa parlamentində səsləndirilən fikirlər və ölkənin xarici işlər nazirinin adekvat olmayan reaksiyası diplomatik etiket qaydalarına ziddir və ikitərəfli münasibətlərdə bərpası çətin olan zədələr açır:
“Fransada ardıcıl olaraq Azərbaycanın hədəfə alınması, rəsmi Parisin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olduğuna dair əsaslı şübhələrə səbəb olur. Belə bir təsəvvür yaranır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə hər fürsətdə regionda vəziyyətin yenidən gərginləşməsini istəyir, bütün bölgənin taleyini yaxşı mənada dəyişəcək münasibətlər sisteminin formalaşmasına mane olmağa çalışır.
Azərbaycanın ərazi bütövlüyü heç bir ölkədə seçki kampaniyasının, namizədlər arasında siyasi mübarizənin elementinə çevrilə bilməz. Hesab edirəm ki, bu, kifayət qədər aydın və ədalətli bir tələbdir. Eyni zamanda, hər hansı bir ölkənin deputatının Azərbaycan dövlətinin ali rəhbərliyi haqqında nəzakət çərçivələrini aşan ifadələr işlətməsi qəti şəkildə yolverilməzdir.
Düşünürəm ki, bu, hər şeydən əvvəl bir mənəviyyat məsələsidir. Təəssüf ki, Fransada bəzi siyasətçilərin şəxsi maraqlarının, ambisiyalarının və xarakterinin mənəviyyat prinsiplərindən xeyli dərəcədə uzaq olduğunu müşahidə edirik”.