Qarabağ münaqişəsi və Ermənistanın yeni parlamenti: Bakıdan baxış
Yadımda olduğu qədərincə (mənim isə artıq 56 yaşım var) Azərbaycan xalqı ilk dəfə Ermənistanda keçirilən seçkilərə bu qədər dərin maraq göstərirdi. 2003-cü ildən bəri, keçmiş prezident Heydər Əliyevin vəfatından və oğlu, hazırkı prezident İlham Əliyev onu əvəzləyəndən sonra heç öz ölkəmdə də seçkilərə belə maraq görməmişəm.
Yox, əlbəttə ki, media mütəmadi olaraq yerli seçkilər haqda yazır, kampaniyalar keçirilir, hətta bəzi namizədlərin proqramları da olur. Amma mən sadə camaatı nəzərdə tuturam.
Məsələn, mağazaya çörək almağa girirəm, satıcı isə soruşur: “Müəllim, deyirlər, Koçaryan yenə hakimiyyətə gələcək və müharibə başlayacaq, hə?” Mən ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyəti izah etməyə çalışana qədər digər alıcılar da ətrafımıza toplaşır və dinləməyə başlayırlar, bəziləri hətta konspiroloji nəzəriyyələr də irəli sürür.
Niyə Ermənistanda keçirilən seçkilərə Azərbaycanda bu qədər maraq göstərilir? Cavab sadədir – insanlar yeni müharibə istəmirlər.
Əksəriyyətin səthi yanaşmasında Nikol Paşinyan sülh tərəfdarı, eks-prezident Robert Koçaryan isə revanşistdir.
Robert Koçaryan 1994-cü ildən 1997-ci ilə qədər tanınmamış Dağlıq Qarabağ Respublikasının lideri, 1998-ci ildən 2008-ci ilə qədər isə Ermənistan prezidenti olub.
Güman edirəm ki, bu səthi yozum Azərbaycanın hökumətyönlü mediası (başqaları isə bizdə demək olar ki yoxdur) tərəfindən bilərəkdən tirajlanır. Müharibə vaxtı Paşinyanın ünvanına səslənən istehza, onun Şuşada Cıdır Düzündəki rəqsini, Ermənistanın birinci ledisinin qadın döyüşçülərə təlim keçməsini əks etdirən kadrlar və sairə efirdən yığışdırılıb.
Böyük ehtimalla məhz Paşinyanın komandası ilə (əgər yüksək səyiyyədə şəxsən onunla olmasa) gələcək dialoqun təməli hazırlanır. Nikol Paşinyanın “Vətəndaş Sazişi” bloku Ermənistan xalqından öz mandatını qazandı. Ermənistan mətbuatını izlədiyim qədər gəldiyim qənaətə görə, müxalifətin buna xüsusi etirazı olmadı.
Hazırkı hakimiyyətin əsas rəqibi Ermənistanın ikinci prezidenti Robert Koçaryan “nəticələr şübhəli görünür”, “mən hələ qərar verməmişəm, parlamentdə olacam, ya yox” ifadələri ilə münasibətini açıqlayıb. Bu, əvvəlki Koçaryana heç oxşamır. Mən Ermənistanın daxili siyasətini analiz etmək niyyətindən uzağam, amma buradan, Bakıdan baxanda, şəxsən mənə elə gəlir ki, Rusiyanın Koçaryanın blokunu dəstəklədiyi haqda təəssürat çox şişirdilmişdi (elə onun tərəfdarları tərəfindən). Yəni Ermənistana böyük təsir gücünə sahib olan Rusiya da passiv olsa da, Paşinyanın blokunu dəstəkləyib.
Təkrar edirəm ki, bu, sadəcə səthdə olan şeylərdir. “Vətəndaş Sazişi” blokunun qələbəsinin daha uzaqgedən nəticələri ola bilər.
Birincisi, bu, Rusiya sülhməramlılarının nəzarət etdiyi Dağlıq Qarabağın qalan hissəsi ilə Ermənistan Respublikası arasındakı onsuz da dərin parçalanmanı daha da dərinləşdirə bilər. Yəni Nikol Paşinyanın “Artsax Ermənistandır və nöqtə” ifadəsi indi həddən artıq şübhəli görünür.
Azərbaycan üçün əsas təhlükə 2025-ci ildə (Rusiya sülhməramlılarının mandatının müddəti bitdiyi zaman) yeni seçilmiş Putinin (2024-cü ildə Rusiyada seçki keçiriləcək) “Artsax Rusiyadır və nöqtə” bəyanatı ola bilər. Bəlkə də bu onun seçki kampaniyasına da daxil olacaq, əgər o, növbəti qonşu ölkənin əlindən nəsə almaq niyyətinə düşsə.
Bundan başqa, “2025-ci il problemi” Azərbaycan üçün prezident və parlament seçkilərinin üst-üstə düşməsi ilə daha da dərinləşir. Bu seçkilər ayrı-ayrılıqda kifayət qədər təhlükəsiz və nəticəsi bəlli olsa da, belə üst-üstə düşməsi nəticəsində ənənəvi saxtakarlıqlar “rezonans” – xırda iğtişaşlar doğura bilər. Bunu nəzərə alaraq, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı çox mümkündür. Hakimiyyətin ötürülməsindən hələlik söhbət getmir, göründüyü qədər İlham Əliyevin salamlığı möhkəmdir.
Yəni Qarabağ klanının məğlubiyyəti Ermənistan cəmiyyətinin “miatsum” (“Ermənistanla birləşmək” – 1988-ci il fevralın ortasında Azərbaycan Sovet Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində ilk mitinqlər bu şüar altında keçirilib) ideyasından de-fakto imtinasıdır.
Zənnimcə, bu, irəliyə doğru addımdır. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın “Yeni müharibə yeni ərazilərdir” devizi XX əsrdə qaldı. Ərazilərə nəzarət nə verir? Nəticəsini biz gördük.
“Vətəndaş Sazişi”nin qələbəsi, qarabağlı və şərti desək, “materikli” ermənilər arasında ziddiyyətlərin dərinləşməsi, hər şey bir yana, Xankəndinin (Stepanakert) de-fakto hakimiyyətini də sarsıdır. Müharibə başlayana qədər Araik Harutyunyan qarabağlı ermənilərin bu və ya digər dərəcədə legitim seçilmiş nümayəndəsi sayılırdısa, indi “vəziyyətin ağası” keçmiş səhra komandiri, Robert Koçaryanın yaxın adamı Vitali Balasanyandır.
Bu, Bakı üçün nə deməkdir?
- Ermənistan hakimiyyətinin Dağlıq Qarabağa təsiri azalacaq.
- Dağlıq Qarabağın Azərbaycan qoşunlarının nəzarətindən kənarda qalan hissəsindən əhalinin köçü artacaq. Hara? Böyük ehtimalla Rusiyaya. Ənənəvi Rusiya pasportlarının paylanması təcrübəsi, Rusiyanın özündə də demoqrafik problem yaşanır.
- Əminəm ki, Qarabağ erməniləri Paşinyanın imzaladığı yeni sənədi rədd edəcəklər. O isə imzalamalı olacaq, o, xalqın (erməni xalqı da müharibə istəmir) etimadına sahibdir və istənilən halda reallaşdırmalı olduğu öhdəlikləri var (“Zəngəzur dəhlizini” nəzərdə tuturam, 10 noyabr sənədində “dəhliz” sözü qeyd olunmasa da, sənin ərazindən rəqibin qatarları keçib gedirsə, istəyirsən lap adını “bülbül” qoy, mahiyyət dəyişmir).
Azərbaycanda hakimiyyət deyir ki, “Qarabağ münaqişəsi həll olunub” və artıq tarixdə qalıb. Amma əhali adəti üzrə ictimaiyyət arasında TV-də eşitdiyi mantraları təkrar etsə də, xəlvətdə “bu xəmirin hələ çox su aparacağını” pıçıldayır.
Bəs tarixi imkandan yararlanıb Qarabağ üzrə sülh müqaviləsi bağlamaq üçün nə lazımdır? Çox şey, lap çox.
Qaçqınların geri qaytarılması haqda razılığa gəlmək, ilkin mərhələdə DQ-nin daxilində, yəni azərbaycanlılar Xocalı və Xankəndiyə, ermənilər isə Hadrut, Şuşa və digər yaşayış məntəqələrinə qayıdır.- Onları kim qoruyacaq? Deməli, birgə polis dəstələri ilə bağlı razılığa gəlmək lazımdır, dünyada bunun nümunələri var, məsələn, Belfastda.
- Sərhədin delimitasiyası ən böyük problem deyil, amma “dəhlizlərlə” bağlı razılığa gəlmək daha çətindir.
- Məncə ən böyük problem Dağlıq Qarabağın statusudur. Orada seçkili hakimiyyət nümayəndələri olacaqmı, onlar öz şəhər və kəndlərinin sakinlərinin həyatı haqda danışıqlarda iştirak edəcəklərmi, yoxsa prezident Əliyevin dediyi kimi “status cəhənnəmə gedib”? Bu mövzunun seçkilərə aidiyyatı yoxdur, bu haqda ətraflı danışmaq lazımdır.
Daha bir sual: məhz kim danışacaq? Yuxarıda yazmışdım ki, seçilmiş “Artsax prezidenti” Araik Harutyunyanın nüfuzu demək olar ki, sıfıra bərabərdir, qərarları hərbçilər qəbul edir. Görünür ki, Harutyunyanın bu günlərdə elan etdiyi etimad haqda referendumun nəticələrini gözləmək lazım gələcək. Deyəsən, onun üçün bu, qeyri-populyar qərarın qəbuluna görə məsuliyyətdən azad olmaqdan ötrü yaxşı şansdır. - Mədəni irsin qorunması haqda razılığa gəlmək və sairə.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.