Qarabağ münaqişəsi: “Sıçrayış yoxdur, amma sülh haqda ciddi söhbət baş tutub”
Martın 29-da Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin ilk rəsmi görüşü baş tutub. Qarabağ münaqişəsi üzrə ekspert Tatul Hakopyan Avstriyada görüşü işıqlandıran jurnalistlər arasında olub. Vyanada “Bristol” otelində baş verənlərlə bağlı onun dəyərləndirməsini təqdim edirik: tərəflərin mövqeləri dəyişibmi və yaxın gələcəkdə nə gözləmək mümkündür?
Danışıqlardan dərhal sonra
Hökumətin boinqi Vyanadan Yerevana qayıtmaq üçün havalandığı müddətdə baş nazir Nikol Paşinyan təyyarədə bir-bir jurnalistlərə yaxınlaşıb, əl verir və təmkinli təbəssümlə soruşurdu:
– Necəsiz, hər şey yaxşıdırmı?
Mənə yaxınlaşanda onu qabaqladım:
– Necəsiz, hər şey yaxşıdır? Əliyevlə görüşdən sonra əhvalınız necədir?
– Yaxşı, çox yaxşı, – əminliklə dedi.
Ermənistanın baş nazirini tələbə vaxtlarımızdan tanıyıram, iyirmi il onun jurnalist fəaliyyətini və siyasi karyerasını izləmişəm, onunla çox sayda müsahibə eləmişəm və Məxməri inqilab zamanı [2018-ci ilin aprelində Ermənistanın ikinci şəhəri Gümridən Yerevana yürüşlə başlayan etiraz hərəkatı daha sonra paytaxt küçələrində davam edib – JAMnews] onunla birlikdə onlarla kilometr addımlamışam. Mən onu heç vaxt Vyanadan Yerevana uşan təyyarədəki qədər sakit və dinc görməmişdim.
• Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ilk rəsmi görüşünün nəticələri
• Qarabağ münaqişəsi ilə bağlı Gürcüstanın mövqeyi dəyişirmi?
Danışıqların ilk dəyərləndirməsi
Bundan bir neçə saat əvvəl Paşinyan Avstriyadakı erməni icması ilə görüşdə alqış və “Ni-kol, Ni-kol” sədalarının susmasını gözləyib ilk növbədə danışıqlar haqda danışıb. O, burada Azərbaycan prezidenti ilə görüş haqda müsbət dəyərləndirmə səsləndirib.
“Mən deyə bilmərəm ki, danışıqlarda sıçrayış, inqilab oldu, amma mühüm olan odur ki, gündəliyimizdə duran məsələlərin müzakirəsinə imkan verən proses başladı. Bu, çox dərin, ciddi problemdir və mən öz mövqelərimizi bildirə biləcəyimiz, danışa və bir-birimizi anlayacağımız atmosferin mövcudluğunu vacib hesab edirəm”, – baş nazir Ermənistanın Vyanadakı səfirliyinin ağzına qədər dolu zalında bildirib.
Ermənistanın baş naziri və Azərbaycan prezidentinin Vyana görüşü üç saatdan çox davam edib və sayca dördüncü olsa da, Qarabağ nizamlaması prosesinin mahiyyət etibarilə müzakirə olunduğu ilk görüş olub.
2016-cı il aprel müharibəsindən üç il və 2018-ci ilin aprelində baş verən məxməri inqilabdan bir il sonra Qarabağ münaqişəsinin nizamlanması prosesində yeni mərhələ bağlayıb. Münaqişə tərəfləri və beynəlxalq oyunçular atəşkəsin möhkəmləndirilməsi, münaqişə tərəfləri arasında birbaşa əlaqə mexanizmlərinin yaxşılaşdırılması, humanitar sahədə əməkdaşlığın mümkünlüyü və sülh üçün şərait yaradan atmosferin formalaşmasının vacibliyi haqda daha qətiyyətli danışır.
Məhz müharibə ritorikalı bəyanatların və nifrət təbliğatının istisna olduğu atmosferdə konstruktiv dialoq aparmaq, mübahisəli məsələləri müzakirə etmək, tərəflər üçün ağrılı olsa da, vəziyyətdən layiqli – regiona və buradakı xallara uzun müddətli sülh gətirəcək həll yolu tapmaq mümkündür.
Ermənistanın mövqeyi
Rəsmi Yerevan üçün danışıqlar prosesində hansı məsələlər vacibdir?
Birinci. Paşinyan dəfələrlə deyib ki, artıq iyirmi ildir mövcud olan format – mahiyyətcə Stepanakertin təmsil olunmadığı yüksək səviyyədə Yerevan-Bakı görüşləri Ermənistanı təmin etmir.
Qarabağ tərəfinin danışıqlarda iştirakı vacibdir, çünki Ermənistan DQ-nin təhlükəsizliyinin yeganə qarantı olaraq danışıqlara, mümkün proqress və münaqişənin həlli, ən əsası isə uzun müddətli sülhə görə tam məsuliyyət daşıya bilmir.
İkinci. Yerevan üçün danışıqlar hansı nöqtədən davam edəcək? Faktiki olaraq, prosess 2011-ci il Kazan görüşündə qalıb, o zaman Əliyev nizamlama üzrə işçi sənədi rədd etmişdi. 2016-cı ilin aprelində baş verən Dördgünlük müharibə nizamlama prosesinə öldürücü zərbə endirdi. Bu müharibə Bakının qələbəsi, yaxud Yerevanın və Stepanakertin məğlubiyyəti olmasa da, danışıqların təməlini laxlatdı və tərəflər arasındakı etimadı minimuma endirdi.
Üçüncü. Əgər nizamlamanın əsasını Madrid sənədi, yaxud onun üç prinsipindən:
- milli müqəddərat,
- ərazi bütövlüyü,
- güc tətbiqinin və ya güc tətbiqi təhdidinin istisna olunması
və altı elementindən:
- Dağlıq Qarabağın müvəqqəti statusu,
- ərazilərin Azərbaycana qaytarılması,
- Ermənistanın Qarabağla quru dəhlizi,
- Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi,
- qaçqın və məcburi köçkünlərin geri qaytarılması,
- təhlükəsizlik zəmanəti
ibarət törəmə variant təşkil edirsə, o zaman bunlar dəqiqləşdirmə tələb edir ki, bütün maddələr üzrə fərqli yozumların qarşısı alınsın.
Dördüncü. Ermənistanı maraqlandırır: münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır, yoxsa Azərbaycan tərəfi 2016-cı ilin aprelində olduğu kimi müharibəni alternativ kimi nəzərdən keçirəcək? Münaqişəyə cəlb olunmuş cəmiyyətləri sülhə hazırlamaq lazımdırmı, yoxsa biz hərbi ritorikaya və nifrətin təbliğinə qayıdacağıq?
Azərbaycanın mövqeyi dəyişibmi?
Azərbaycanda danışıqlarda Ermənistanın keçmiş prezidentiləri Robert Koçaryan və Serj Sarqsyanla hazırkı baş nazir Paşinyanın rolunu fərqləndirirlər. Üstəlik, onlara qarşı münasibət ilk ikisinin Dağlıq Qarabağda doğulub, müharibədə iştirak etməsi, Paşinyanın isə Ermənistanda anadan olması, müharibə və münaqişəyə bilavasitə aidiyyatının olmaması ilə şərtlənir. Amma Ermənistan tərəfinin Qarabağ münaqişəsinə yanaşması şəxslərə əsaslanmır, çünki bu, bütün erməni xalqının təhlükəsizlik məsələsidir.
Azərbaycan üçün də danışıqların hansı nöqtədən davam edəcəyi məsələsi önəmlidir. Bakı hələ də hesab edir ki, Dağlıq Qarabağın öz müqəddəratını müəyyən etməsi məsələsinə yalnız sovet Azərbaycanının ərazi bütövlüyü çərçivəsində baxıla bilər.
Bakı üçün danışıqların yeganə qəbul edilən formatı Yerevanla ən yüksək səviyyədə birbaşa danışıqlardır. Bununla da Azərbaycan beynəlxalq səviyyədə münaqişənin iki ölkə arasındakı ərazi mübahisəsindən ibarət olduğu və Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi təsəvvürünü möhkəmləndirmək istəyir.
Paşinyan ona qalan “mirasdan” məmnun deyil
Nikol Paşinyan ictimai çıxışlarında və şəxsi söhbətlərində ona eks-prezident Serj Sarqsyandan qalan danışıqlar “mirasından” narazı olduğunu gizlətmir.
Birinci. Paşinyanı narahat edir ki, o, danışıqlar prosesini müttəfiq dövlətlərin heç bir status olmadan Dağlıq Qarabağ ətrafındakı beş rayonu geri qaytarmalı olduqlarına əmin olduqları bir vəziyyətdə davam etdirir.
İkinci. Koçaryan və Sarqsyan dövründə danışıqların əsaslandığı Madrid prinsipləri və ya 3 prinsip və 6 element onlarla bağlı fərqli yozumlar olduğu müddətcə qəbul edilməzdir.
Bu yaxınlarda Stepanakertdə Paşinyan danışıqlar prosesi üçün mühüm olan sualları səsləndirdi:
- Ermənistan ATƏT-in Minsk Qrupunun danışıqlarının əsası kimi təklif etdiyi 3 prinsip və 6 elementi qəbul edirmi?
- Bu prinsiplər təcrübədə nə anlama gələ bilər və kim onları yozmaq hüququna malikdir?
Azərbaycanın anladığı kimi onlar Ermənistan üçün qəbulolunmazdır, baş nazir vurğulayıb.
Üçüncü. Ən vacib məsələ xalqların sülhə hazırlanmasıdır. Paşinyan hesab edir ki, xalqların sülhə hazırlanması danışıqlara cəlb olunmuş hökumətlərdən birinin ayrıca vəzifəsi ola bilməz, bu, müştərək işdir. Paşinyanın sülhə hazırlıqla bağlı bəyanatı inqilabi, alışılmamış və misilsizdir:
“Azərbaycan cəmiyyətinin sülhə hazırlanması yalnız Azərbaycan hakimiyyətinin yox, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə baş verməlidir. Qarabağ məsələsinin istənilən nizamlama variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan sakinləri üçün qəbulolunan olmalıdır. Bu, mənim yalnız Ermənistan və Qarabağ yox, həm də Azərbaycan xalqının sülhə hazırlanmasına töhfəm idi.
Biz Azərbaycan prezidenti tərəfindən müvafiq bəyanat və addımları görmürük. Amma buna baxmayaraq, mən yalnız Azərbaycan prezidenti ilə yox, həm də xalqı ilə dialoqu davam etdirməyə hazıram, çünki əminəm: Azərbaycan xalqı da Ermənistan və Dağlıq Qarabağ sakinləri kimi sülhsevərdir”.
Dördüncü. Paşinyan bəyan edir ki, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı Ermənistanın nə şıltaqlığı, nə də ön şərtidir. Bu, adi faktların konstatasiyasıdır ki, Qarabağ münaqişəsinin nizamlanmasında Stepanakertin cəlb olunmasının mühüm önəmi var.
Paşinyan vurğulayır ki, Ermənistan adından danışıqlar aparmaq hüququ var, münaqişə isə Dağlıq Qarabağla bağlıdır. Müvafiq olaraq kimsə Stepanakerti təmsil etməlidir. Dağlıq Qarabağda seçki nəticəsində formalaşmış hakimiyyət var. Amma Qarabağ sakinləri Ermənistandakı seçkilərdə iştirak etmir.
“Onlar mənə maraqlarını hardasa təmsil etmək üçün mandat verməyib. Dağlıq Qarabağ sakinlərinin öz təmsilçiləri var və onlar danışıqlar prosesində iştirak etməlidirlər”, – Paşinyan vurğulayıb.
Vyana görüşündən sonra İlham Əliyev vurğulayıb ki, “danışıqlar formatı eyni qalıb və danışıqlar uzun illər olduğu kimi Ermənistan və Azərbaycan arasında aparılacaq”.
Xülasə
Danışıqların formatı şübhəsiz ki, çox vacibdir. Danışıqların hansı nöqtədən davam edəcəyi də mühümdür. Amma bunlar hər halda həll olunası məsələlərdir.
Ən əsası başqa şeydir: tərəflər sülh istəyirmi, yoxsa sülhün vacibliyindən danışsalar da, sülhün bədəlini ödəməyə hazıq deyillər. Əgər ağrılı güzəştlərə hazır deyillərsə, o zaman “nə müharibə, nə sülh” vəziyyəti hələ onilliklər boyu davam edəcək, yeni-yeni insan həyatlarına son qoyacaq və müharibə üçün qapını açıq buraxacaq, aprel müharibəsi kimi, bu dəfə başqa adlar altında.
Tatul Hakopyan – “Sivil Net” internet nəşrinin analitiki, “Ani” Ermənistan Tədqiqatlar Mərkəzinin koordinatoru, “Yaşıl və qara: Qarabağ gündəliyi” və “Araratdan baxış: ermənilər və türklər” kitablarının müəllifi.