Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ilk rəsmi görüşünün nəticələri
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin ilk rəsmi görüşü Vyanada baş tutub.
Görüş necə keçib?
Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların ilk 40 dəqiqəsi ATƏT Minsk Qrupunun həmsədrləri ilə birlikdə keçib.
• Qarabağ münaqişəsinə münasibətdə Gürcüstanın mövqeyi dəyişirmi?
Paşinyan və Əiyevin təkbətək görüşü iki saat davam edib. Sonra Minsk Qrupunun həmsədrləri yenidən danışıqlara qoşulub.
Bu görüşdən sonra media üçün hər hansı açıqlama verilməyib. İlham Əliyev jurnalistlərin suallarına cavab vermədən Vyanadakı “Bristol” otelindən ayrılıb. Nikol Paşinyan isə yalnız “TASS” informasiya agentliyinin sualına cavab verib.
“Görüş normal keçdi”, – o, jurnalistə qısa cavab verib.
O, planda olan görüşə getməli idi – Avstriya kansleri Sebastyan Kurts onu gözləyirdi.
Bi qədər sonra ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Paşinyan və Əliyev görüşünü “davamlı, məzmunlu və səmərəli” adlandırıb.
O həmçinin bildirib ki, vasitəçilər növbəti görüşü gözləyirlər, həm də yaxın zamanda.
Ermənistan baş nazirinin danışıqlara dair dəyərləndirməsi
Martın 29-da axşam Nikol Paşinyan Avstriyanın erməni icması ilə görüşüb və bəyan edib ki, bu danışıqları müsbət dəyərləndirir. Onun sözlərinə görə, danışıq iştirakçıları görüşü qalib statusunda bitirmək haqda düşünməyib. Onlar bir-birinin fikrini dinləyib, hərə öz mövqeyində qalsa da, qarşı tərəfin mövqeyində faydalı nəyin olduğunu dəyərləndirib.
Azərbaycan prezidentinin danışıqlara dair dəyərləndirməsi
İlham Əliyev də “RİA Novosti” agentliyinə verdiyi açıqlamada görüşün pozitiv və konstruktiv şəraitdə keçdiyini vəri ə tərəflərə öz mövqelərini aydınlatmaq imkanı verdiyini deyib. O vurğulayıb ki, danışıqlar formatı dəyişməz qalıb. Ölkə liderləri yenidən atəşkəsin möhkəmləndirilməsinin və birbaşa ünsiyyətin təkmilləşdirilməsinin vacibliyini təsdiqləyiblər.
Paşinyan və Əliyev görüşlərinin tarixçəsi
İndiyə qədər Paşinyan və Əliyev bir neçə dəfə qeyri-formal şəraitdə görüşüblər. Amma bu planlaşdırılmamış görüşlər zamanı tərəflər təmas xəttində daha sakit şəraitin yaradılması ilə bağlı razılığa gəliblər.
Məhz o zaman Ermənistan və Azərbaycan münaqişə tərəflərinin strukturları arasında birbaşa operativ əlaqə mexanizmi hazırlamaq və qurmaq qərarına gəliblər.
Amma o zaman Ermənistanın baş naziri bəyan etmişdi ki, onların Azərbaycan prezidenti ilə görüşünü danışıqlar prosesinin başlanğıcı saymaq olmaz, onlar yalnız öz mövqelərini dəqiqləşdiriblər və danışıqlar predmetini konkretləşdirməyə çalışıblar.
Ermənistan və Azərbaycan XİN rəhbərləri də bir neçə görüş keçirib və bu zaman ATƏT-in iki ölkə xalqlarının sülhə hazırlanmasının vacibliyi haqda bəyanatı səslənib.
Görüşdən bir gün öncə yaranan vəziyyət
Nikol Paşinyan baş nazir olan kimi Qarabağ nizamlaması ilə bağlı öz mövqeyini bəyan edib.
O bildirib ki, Dağlıq Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır. Azərbaycan tərəfi bununla razı deyil, baxmayaraq ki, 1994-cü ildə atəşkəs haqda sənədi Qarabağ tərəfi də imzalayıb və bu da danışıqlar prosesinin ilk mərhələsində onun iştirakını təsdiqləyir.
Danışıqlarda vasitəçi kimi iştirak edən ATƏT-in Minsk Qrupu az əvvəl səsləndirdiyi bəyanatında tərəfləri danışıqlar formatının birtərəfli şəkildə dəyişdirilməsini tələb etməkdən çəkindirib.
Həmsədrlərin bu bəyanatına cavab verərkən Ermənistanın baş naziri yanaşmasının dəyişməzliyini vurğulayıb:
“Məsələ orasındadır ki, bu gün danışıqlar masasında Artsaxın legitim, səlahiyyətli nümayəndəsi yoxdur… Dəfələrlə demişəm ki, Ermənistanın baş naziri bu cür səlahiyyətlərə sahib deyil… Və bu naz deyil, ön şərt deyil, legitimlik məsələsidir. Yeri gəlmişkən, Ermənistan Respublikasının və ya baş nazirinin bu yolla öz üzərindən məsuliyyəti Artsax hakimiyyətinin və ya xalqının üzərinə qoyduğu haqda şərhlər absurddur… Ermənistan Respublikasının dünən, bu gün və sabah Artsaxın təhlükəsizliyinin əsas qarantıdır və sülh prosesində iştirakını davam etdirəcək”.
Ermənistanın müdafiə naziri də az əvvəl vacib bəyanatla çıxış edib. David Tonoyan bildirib ki, Qarabağda hərbi əməliyyatlar yenidən başlayarsa Ermənistan müdafiədən hücuma keçməyə hazırdır:
“Psixologiya dəyişir, yanaşmalar dəyişir, çünki müdafiə olunan ordular həmişə məğlubiyyətə uğrayır. Biz müdafiə mövqeyində qalmaq niyyətində deyilik”, – həmin vaxt nazir deyib.