Qadınlara qarşı zorakılıqla mübarizə və milli dəyərlər. Ermənistanda İstanbul Konvensiyasının ratifikasiyasına qarşı etiraz edirlər
Yerevanda parlament binasının qarşısında İstanbul Konvensiyasının ratifikasiyasına qarşı aksiya keçirilib. Bu konvensiya qadınlara qarşı və ailədaxili zorakılığın qarşısının alınması üçün nəzərdə tutulub. Ermənistan cəmiyyətində alışıblar ki, ölkədə belə bir halın lmadığını düşünsünlər.
Ermənistan parlamentində Avropa Şurasının yüksək vəzifəli şəxslərinin iştirakı ilə konvensiyanın ratifikasiyası məsələsinin müzakirəsi təyin edilib. Parlamentdə bu sənədin ratifikasiyasının qarşısını almaq üçün mübarizə aparan fəallar yenidən küçələrə çıxıblar.
• Ermənistanda seksual zorakılıq. Tabuların öhdəsindən gəlib, bu haqda danışa bilənlər haqda
Fəallar nəyə qarşı çıxırlar?
Fəallar əmindirlər ki, konvensiya ənənəvi erməni dəyərlərini təhlükə altına qoyur.
“İradə” təşəbbüsünün rəhbəri Vaaqn Çaxalyan aksiyalarının davam etdiyini bildirib:
“Vətəndaşlar Ermənistanın müxtəlif şəhərlərində itaətsizlik aksiyaları təşkil etməyə hazırdır. Biz bildiririk ki, buna hələlik ehtiyac yoxdur, çünki sənəd hələlik ratifikasiya mərhələsindədir. Əgər Ermənistanın Milli Məclisi vətəndaşların səslərinə qulaq asmasa və fikrinin əksinə getsə, o zaman bütün şəhərlərdə etiraz aksiyaları baş tutacaq”.
Bu dəfə etiraz aksiyası əvvəlcə parlament binasının qarşısında keçirilib. Bir neçə saat sonra Yerevan küçələrində yürüş keçirmək də qərara alınıb.
İstanbul Konvensiyası haqqında
Ermənistan 2018-ci ilin yanvarında, hələ ötən hakimiyyət dövründə konvensiyaya qoşulub, amma o zaman məsələ bu cür səs-küylü qalmaqal doğurmayıb.
İstanbul Konvensiyası (və ya “Avropa Şurasının qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması və bununla mübarizə haqda Konvensiyası”) 2011-ci ildə İstanbulda (Türkiyə) imzalanıb.
Avropa Şurasının 47 üzv ölkəsində 34-ü Konvensiyanı ratifikasiya edib, 11-i isə, o cümlədən də Ermənistan sadəcə imzalayıb. Rusiya və Azərbaycan sənədi imzalamaq istəməyib, Bolqarıstan isə ümumiyyətlə konvensiyanı konstitusiyaya zidd hesab edib.
Hökumətin proqramına əsasən, İstanbul Konvensiyası 2019-cu il sentyabrın ikinci yarısında ratifikasiya olunmalı idi.
Konvensiyanın ratifikasiyası haqda rəylər
“Çiçəklənən Ermənistan” parlament partiyasının deputatları fəallarla həmrəydirlər. Onlar hətta konvensiyanın ratifikasiyasına qarşı “İradə” təşəbbüsünün təşkil etdiyi imzatoplama kampaniyasına da qoşulublar.
“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Gevorq Petrosyanın fikrincə, İstanbul Konvensiyası Ermənistanın konstitusiyaslna və ölkənin dəyərlər sisteminə ziddir.
Ermənistanda yalnız 2018-ci ildə qadınlara qarşı zorakılığın tətbiq edilməsi ilə bağlı 400-dən çox cinayət işinin qaldırılması faktı ilə bağlı isə deputat bunları bildirib:
“Bizdə ailədə zorakılığa görə cəza nəzərdə tutan qanunvericilik mövcuddur. Bu bəhanə ilə mahiyyətcə milli dəyərlər sistemimizin məhv edilməsinə yönəlmiş bir şeyi ratifikasiya etmək olmaz”.
Gevorq Petrosyan “Ailədə zorakılığın qarşısının alınması, ailədə zorakılığa məruz qalmış şəxslərin müdafiə edilməsi və ailədə barışın təmin edilməsi haqda” Qanunu nəzərdə tutur. Bu qanun 2017-ci ildə qəbul edilib, yenə də cəmiyyətdə qızğın mübahisələrdən və etirazlardan sonra, 2018-ci ilin yanvarında isə qanun qüvvəyə minib və 2018-ci il iyulun 1-dən təcrübədə tətbiq olunmağa başlayıb.
Etirazların fəallaşması ilə bağlı dövlətçilik və hüquqi məsələlər üzrə parlament komissiyasının sədri Vladimir Vardanyan aydınlıq gətirib: hazırda İstanbul Konvensiyasının ratifikasiyası Milli Məclisin gündəmində deyil.
“Amma bunları dəqiq anlamaq lazımdır: Ermənistan Avropa Şurasının üzvüdür və biz müəyyən mənada bu istiqamətdə getməliyik. Söhbət (konvensiyanın) müzakirəsindən gedir”.
Niyə çoxları düşünür ki, belə bir hal mövcud deyil?
İş orasındadır ki, zorakılıq qurbanları susmağı üstün tuturlar. Çox nadir hallarda zorakılığa məruz qalan qadınlardan kimsə baş verənlər haqda danışmaq qərarına gəlir, hüquq-mühafizə orqanlarına müraciət edənlərin sayı isə daha da azdır. Elə bu da Ermənistanda qadınlara qarşı zorakılığın olmadığı təəssüratını yaradır.
Eyni zamanda psixoloq Anuş Aleksanyanın JAMnews-a izah etdiyi kimi zorakılıq qurbanları cəmiyyətin reaksiytasından qorxduqları üçün susmağa üstünlük verirlər:
“Cəmiyyətdə zorakılığa məruz qalan insanlara qarşı düzgün münasibət yoxdur, dəstək yoxdur. Buna görə də onlar sadəcə susmaq və ya anonimliyin tımin edilməsi şərti ilə danışmaq qərarına gəlirlər. Bizdə belə mövzuların müzakirəsi mədəniyyəti yoxdur”, – psixoloq deyir.
Aleksanyan hesab edir ki, cəmiyyətin çox vaxt təcavüzkara haqq qazandırıb, qurbanı günahlandırması böyük problemdir.
Psixoloq izah edir ki, insanlar günahkarlıq hissi üzündən özlərinə qarşı zorakılıq haqda sussurlar. Axı onlar öz cəmiyyətlərinin stereotiplərinin daşıyıcılarıdır vəə çox vaxt başqaları kimi baş verənlərdə özlərinin günahkar olduqları fikrinə qapılırlar.
Seksual zorakılığa gəlincə, əgər təcavüzkar qanuni ərdirsə, Ermənistanın cinayət məcəlləsi ümumiyyətlə cəza nəzərdə tutmayıb.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.