Tabu pozulub: Ermənistanda seksual zorakılıq halları haqda açıq danışmağa başlayıblar
Seksual zorakılıq – tabu qoyulmuş mövzu
2019-cu ildən Ermənistanda seksual zorakılıq mövzusu fəal müzakirə olunmağa başlayıb.
Əvvəlcə sosial şəbəkə istifadəçilərinin diqqətini Ermənistanda bu anlayışın mövcudluğuna çexiyalı Eva yönəltdi. O, Ermənistan vilayətlərindən birində zorlanması, həmçinin cəmiyyətin baş vermiş hadisəyə reaksiyası, daha dəqiq desək, bunun tamamilə yoxluğu barədə danışdı.
«Mən müqavimət göstərirdim, təpik atırdım, qışqırırdım, o isə əlini ağzıma saldı və boğmağa başladı. Sonra o, alt paltarımı çıxarmağa müyəssər oldu. Boğazımdan yapışdı və məni boğmağa başladı. O ana qədər mənə elə gəlirdi ki, kifayət qədər gücüm var və qaça biləcəyəm. Lakin boğulduğumu anlayanda dərk etdim ki, o, məni sadəcə olaraq, öldürə bilər – məhz belə və heç kim köməyimə gəlməyəcək», – Eva deyib.
Zorlayan şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.
• Gürcüstanda seksual maariflənmə – qapalı və təhlükəli mövzu
• Ermənistanda məişət zorakılığı. Ölümlə bitən ailə problemləri
Bu əhvalatın müzakirəsi başlayarkən bloger və jurnalist Lüsi Koçaryan özünün “Facebook” səhifəsində #zorakılığın_səsi heşteqi ilə kampaniyaya başladı. O, bir neçə insanın anonim məktublarını dərc etdi ki, həmin insanlar seksual zorakılığa məruz qalmışdılar. Bir neçə saatdan sonra belə əhvalatlar yazılmış məktubların sayı iki yüzə çatdı. Bu vaxt o, xüsusi “Zorakılığın səsi” səhifəsini açdı və burada istənilən şəxs anonim olaraq öz əhvalatını nəql edə bilərdi.
«Mənim 5-6 yaşım olardı, bizim oyun otağımız vardı, bacılarımla tez-tez orada oynayırdıq. Məndən 10 yaş böyük olan əmim oğlu bizə qonaq gəlmişdi, məni elə paltarlı uzandırdı, eyni zamanda məni möhkəm tutmuşdu və xoşagəlməz şəkildə mənə sürtünürdü, hansısa hərəkətləri edirdi, hiss edirdim ki, mənə “nəsə möhkəm bir şeyi” sıxır. Bu, çox xoşagəlməz idi, lakin mən azad ola bilmirdim… Yalnız toydan sonra anladım ki, bu nə idi… Maraqlıdır ki, mən bunun nə olduğunu bilmirdim, amma heç kimə, hətta anama da bu barədə danışmağa cəsarətim çatmadı…», – anonim qurbanlardan biri yazır.
Bir çoxlarına bu əhvalatlar inandırıcı görünmədi, çünki əksər hallarda zorakılıq edənlər ailənin üzvləri idi – baba, əmi, əmioğlu. Bundan başqa, tez-tez söhbət uşaqlara qarşı zorakılıqdan gedirdi. Məktubların anonim olması da etibarsızlıq yaradırdı.
Məhkəmə təcrübəsindən əhvalatlar
Şəbəkədə anonim əhvalatların həqiqətə uyğun olub-olmaması müzakirə edildiyi və çoxlarının bunun real olduğuna inanmadığı vaxt jurnalist Gevorq Tosunyan həmin emosional söhbəti faktlar müstəvisinə keçirməyə qərar verdi. O, məhkəmə işlərindən real əhvalatları dərc etdi:
«Jurnalist Lüsi Koçaryanın səs-küyə səbəb olmuş yazılarından sonra cəmiyyətdə, o cümlədən mənim dostlarımın arasında bu hala ədalətli etibarsızlıq müşahidə etdim. Mən isə bununla çox rastlaşmışdım, bu anlayışı öyrənmişdim və əmin olmuşdum ki, o mövcuddur, özü də çox təhlükəli formada. Eyni zamanda, mən görürdüm ki, Lüsi Koçaryanın səhifəsində yazılanlar müəyyən mənada şişirdilib və sünidirlər.
Bir neçə gün müzakirələri izlədim və gördüm ki, bir çox kifayət qədər dərrakəli insanlar onlara inanmır və belə bir fikir möhkəmlənir ki, cəmiyyətimizdə bu anlayış süni şəkildə qabardılır. Bu vaxt qərara aldım ki, insanlara real hadisələri təqdim edim. Axtarışlar üçün mənə çox vaxt gərək olmadı, belə ki, əvvəllər bu cür məhkəmə işləri ilə çox rastlaşmışdım. Mənim bir məqsədim vardı – nüfuzli media nəşrinin, bu halda “SivilNet”in köməyi ilə real faktları təqdim edim».
Bu da Gevorqun dərc etdiyi məhkəmə işlərindən birinin nəqli:
«2008-ci ildə Artur və dostu onun evində içirdilər. Araq qurtarandan sonra o, qızı Anaiti araq dalınca göndərdi. Qız imtina etdi, çünki küçədə artıq qaranlıq idi. Ata söyüş söyərək qızını döyməyə başladı, sonra isə bıçaqla hədələyərək yataq otağına keçməyə məcbur etdi.
Artur qızını otağa aparıb zorladı. Digər qızı bunları eşidirdi, lakin araya girməyə qorxmuşdu. Bir neçə dəqiqədən sonra Anait evdən çıxdı, onun rastına maşında iki gənc oğlan çıxdı. Onlar qıza Yerevana qədər getməyi təklif etdilər. Gənclərdən biri maşında qızı zorladı.
Anaitin bacısı zorlamadan sonra otağa daxil oldu və otağın vəziyyətini görəndən sonra atasının nə etdiyini anladı, özünü öldürməyə qərar verdi, anasının dərmanlarından səkkiz tablet içdi. Atasının dostu bunu görüb qızı xəstəxanaya apardı və burada ona köməklik edib xilas etdilər.
Zorlayan şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. İndi o artıq azadlıqdadır».
Gevorq əmindir ki, insanlara ölkədəki vəziyyət haqqında məlumat vermək lazımdır:
«Bu problemə gözlərimizi nə qədər yumsaq da, o, öz-özünə yox olmayacaq. Bununla birlikdə, mən bilərəkdən diqqəti məhkəmə təcrübəsinə yönəltdim. Mən bu anlayışı şərh etmədim, məhkəmə qərarlarını vurğulamadım, halbuki onlar zorakılıq etmiş şəxslərə qarşı kifayət qədər yumşaqdırlar. Mən gördüm ki, bu baxış bucağından məqsədimə çatdım, insanlar artıq bu halla razılaşmadıqlarını bildirirdilər».
Qurbanlar niyə susur
Psixoloq Anuş Aleksanyan əmindir ki, seksual zorakılığa məruz qalmış insanlar bu barədə susmağı üstün tuturlar, çünki cəmiyyətin reaksiyasından qorxurlar:
«Cəmiyyətdə zorakılığa məruz qalmış insanlara düzgün yanaşma yoxdur, dəstək yoxdur. Bu səbəbdən də onlar susmağa üstünlük verir, yaxud da anonimlik şərtilə danışırlar. Bizdə bu cür mövzuların müzakirəsi mədəniyyəti də yoxdur», – psixoloq deyir və bir neçə il əvvəl baş vermiş məktəbli qızın zorlanması hadisəsini xatırladır. Qız məktəbə qayıda bilməmişdi – müzakirələrdən sonra ona olan münasibət bu dərəcədə mürəkkəbləşmişdi.
Anuş Aleksanyan cəmiyyətin əksər hallarda zorakılıq etmiş şəxsə bəraət qazandırmasını və qurbanı ittiham etməsini də böyük problem hesab edir.
Psixoloq izah edir ki, insanlar özlərinə qarşı zorakılıq haqqında günah hissi üzündən susurlar – bu, zorakılığın qaçılmaz nəticəsidir. Axı onlar da öz cəmiyyətlərinin stereotiplərinin daşıyıcılarıdır və əksər hallarda başqalarının baş vermiş hadisədə onların da günahının olması barədə fikirlərini paylaşırlar.
Seksual zorakılıq qurbanlarının müraciət edəcəkləri yer yoxdur
Seksual zorakılığa məruz qalmış insanların problemləri ilə dövlət məşğul olmur. Onlar yalnız o vaxt dövlətə aid olur ki, bu hadisələrin əsasında cinayət işləri qaldırılır. Dövlətin iştirakı zorakılıq etmiş şəxsin cəzalandırılması ilə məhdudlaşır.
Seksual zorakılığa məruz qalanlar kömək üçün yalnız bir ictimai təşkilata – “Seksual zorakılıq böhran mərkəzi”nə müraciət edə bilərlər. Bu ilin əvvəlindən bəri mərkəzin mütəxəssisləri artıq 10 seksual zorakılıq hadisəsi qurbanına dəstək olublar ki, onlardan səkkiz nəfəri uşaqdır.
Bura kömək üçün əsas etibarilə paytaxtda yaşayanlar müraciət edirlər, lakin bu o demək deyil ki, vilayətlərdə zorakılıq halları daha azdır. Sadəcə olaraq, yuxarıda haqqında danışılan stereotiplər regionlarda daha güclüdür.
Statistika
Rəsmi məlumatlara görə, Ermənistanda hər il 150-160 zorakılıq hadisəsi qeydə alınır ki, qurbanların böyük hissəsi həddi-büluğa çatmayanlardır.
Lakin ölkədə seksual zorakılıq hallarının qeydə alınması üçün vahid baza yoxdur, məlumatların toplanması və işlənməsi metodikaları da fərqlidir. Buna görə də, müxtəlif idarələrin məlumatları arasında bəzi fərqlər olur.
İstintaq Komitəsinin məlumatlarına əsasən, 2016-cı ildə qurumun müstəntiqləri uşaqlara qarşı törədilmiş seksual zorakılığa dair 88 cinayət işini araşdırıblar, 2017-ci ildə bunların sayı 88, 2018-ci ildə isə 76 olub. Şübhəlilər və ya ittiham olunanlar qismində 301 nəfər saxlanılıb ki, bunlardan 170 nəfəri qurbanların qohumları, ailə üzvləri və ya qonşuları olub.
Polisdə olan məlumatlar fərqlidir: 2016-cı ildə 81 hadisə, 2017-ci ildə 77, 2018-ci ildə isə 50.
“Qadınlara qarşı zorakılıq əleyhinə koalisiya” müstəqil şəkildə son illərin hadisələrini toplamağa və təsnif etməyə cəhd edib.
Koalisiyanın məlumatlarına görə, Ermənistanda seksual zorakılıq qurbanlarının əksəriyyəti uşaqlardır.
2016-cı ildə seksual zorakılıq qurbanı kimi tanınmış 160 nəfərdən 115-i yaşı 5-dən 17-yə qədər uşaqlar olub.
2017-ci ildə 164 nəfər zərərçəkmiş kimi tanınıb, bunlardan 113-ü uşaqdır.
Seksual zorakılıq qurbanları qulaqardına vurulur
Artıq bir ildir ki, ictimai müdafiəçilərin pulsuz xidmətlərindən məişət zorakılığının qurbanları da yararlana bilirlər. Lakin bu institut seksual zorakılıq qurbanlarına aid hallarda fəaliyyət göstərmir.
Bu insanlara hüquqi və sosial-psixoloji məsləhət xidməti təqdim edilmir.
“Seksual zorakılıq böhran mərkəzi”nin tədqiqatları göstərir ki, seksual zorakılıq hallarına görə qaldırılmış cinayət işləri çox vaxt bağlanır. Özü də bunların 40 faizinə yaxın hissəsi başlanğıc mərhələdə dayandırılır və məhkəməyə gedib çıxmır.
Cinayət məcəlləsinə görə, zorakılıq etmiş şəxs qanuni ərdirsə, seksual zorakılığa görə, ümumiyyətlə, cəza nəzərdə tutulmur.
Avropa Şurasının “Qadınlara qarşı zorakılığın, ailə zorakılığının qarşısının alınması və bunlar əleyhinə mübarizə haqqında” konvensiyası baxımından Ermənistan qanunvericiliyinin tədqiqi bir sıra ciddi boşluqları üzə çıxarır.
Ələlxüsus, konvensiya “zorakılıq etmiş şəxslər tərəfindən ənənəvi bəraət”lərdən istifadəni qəti qadağan edirsə, Ermənistan qanunvericiliyi buna baxmayaraq, yumşaldıcı halları nəzərdə tutur. Burada söhbət yenə də “qurbanın təxribedici davranışı”ndan gedir (Cinayət Məcəlləsinin 62-ci maddəsi).
Həmin tədqiqatın məlumatlarına görə, hüquq-mühafizə orqanlarına seksual zorakılığa məruz qalmış qadınların yalnız 6,8 faizi müraciət edir. Bu isə onlar tərəfindən cəmiyyətin ittihamından qaçmaq cəhdidir.