Qadınlar dəhşətli işdə: Tkibuli şaxtaçılarının hekayəsi
Qərbi Gürcüstanda yerləşən Tkibulidə 2016-2018-ci illərdə Mindeli adına şaxtada 16 nəfər həlak olub. Bir çox bədbəxt hadisələrə baxmayaraq, əmək təhlükəsizliyi normalarına riayət edilməsi probleminin aktual olaraq qaldığı Gürcüstanda şaxtaçı peşəsi ən ağır və təhlükəlilərdən hesab olunur. Lakin Tkibuli sakinləri üçün bu, ailəni dolandırmağın yeganə yoludur.
Mindeli adına şaxtada, çətinliklərə və yüksək riskə baxmayaraq, kişilərlə yanaşı, qadınlar da işləyir. JAMnews qadınlaırn nəyə görə fəhlə geyimi geymək qərarı vermələri və onların həyatı barədə danışır.
Alternativi olmayan iş
Maka Qotiaşvili və Nato Ketiladze Mindeli adına şaxtanın qovşaq məntəqəsində işləyirlər. Məntəqədə üç qaldırıcı xətt var ki, onlar da bu xətlərdə maşinist kimi çalışırlar. Onlar şaxtaçıları 250, 300 və 400 metr dərinliyə düşürür və oradan yuxarı qaldırırlar. Lakin ancaq insanları daşımırlar, həm də yükləri aparıb gətirirlər – bir dəfəyə 12 ton kömür.
«Başqa yol yox idi, ailəni təmin etmək, uşaqları böyütmək lazım idi. Tkibulidə şaxtalardan başqa heç nə yoxdur. Bütün şəhər buradan dolanır», — 7 ildir ki, şaxtada işləyən 37 yaşlı Maka Qotiaşvili deyir. Onun sözlərinə görə, əlbəttə ki, Gürcüstanda ən ağır və təhlükəli sayılan sahədə iş haqqında xəyallar qurmayıb, lakin ərinin ölümü onu maşinist geyimi geyərək şaxtaya getməyə məcbur edib.
•Tkibuli – ölümə adət etmiş şəhər
• Gürcüstanda HİV-ə yoluxmuş insanlar necə yaşayır
Mindeli və Dzidziquri adına şaxtalarda ümumilikdə 1400 nəfər işləyir ki, bunların da 98 nəfəri qadındır. Lakin ağır işlərdə yalnız Maka ilə Natodur. Yerdə qalan qadınlar inzibati işlərdə çalışır.
Maka xatırlayır ki, şaxtaya işləməyə gedib getməmək barədə qərar vermək çətin olmadı. Tkibulidə başqa seçim, sadəcə olaraq, yoxdur.
«Burada heç bir problem görmürəm. Öz işimi öyrənmişəm və ona çox məsuliyyətlə yanaşıram və bu, artıq mənim həyatımın bir hissəsinə çevrilib. Düzünü desəm, istirahət günlərində də şaxtaya gəlmək istəyirəm. Yəqin ki, bu elə peşəkarlığın və işini sevməyin özüdür», – o deyir.
50 yaşlı Nato da şaxtada ərinin ölümündən sonra işləməyə başlayıb. Maka kimi o da Tkibulidə yaşayır və ailəsini dolandırmalıdır. Aydındır ki, onun da seçimi olmayıb. Şaxtada artıq 12 ildir ki, işləyir.
«Qorxmuram və ağır işdən qaçmıram. Bəli, şaxtada iş heç vaxt həyatımın məqsədi olmayıb. Lakin əgər belə gətiribsə, burada da sona kimi işləyəcəyəm»,– Nato Ketiladze izahat verir.
Müstəqil Gürcüstanda daş kömür hasilatı 2006-cı ildə bərpa olunub. Dörd şaxtadan bu gün ikisi işləyir – Mindeli və Dzidziquri adına şaxtalar. Hasilat prosesinə “Saknaxşiri” (“Qruzuqol”) şirkəti nəzarət edir ki, bu şirkət “Gürcüstan sənaye qrupu” Ltd. holdinqinə daxildir.
Sovet dövrü ilə müqayisədə bu iki şaxta cüzi yüklənmə ilə işləyirlər. Lakin hətta bu cür rejim də xroniki olaraq işsizlikdən boğulan başqa Gürcüstan şəhərləri kimi Tkibuli üçün çox vacibdir.
Başqalarının həyatına görə məsuliyyət
Həm özlərinin, həm də şaxtaçıların təhlükəsizliklərinin asılı olduğu işə görə Naka və Nato orta hesabla aylıq 800 lari alırlar. Bu, ailəni dolandırmaq üçün alternativi olmayan seçimdir. Şaxtada maşinist işi maksimal diqqət və fikrin işdə cəmlənməsini tələb edir. Şaxta səhlənkarlığı bağışlamır.
«İşə artıq tam mənada işə salınmış şüurla başlayırıq. Bu, bizim işimizin spesifik cəhətidir», – Maka deyir.
Şaxtada işə başlayana qədər həm Maka, həm də Nato üç aylıq dağ-mədən sənayesi kursları keçiblər. Bu gün onlar öz işlərinin peşəkarlarıdır və kadr çatışmazlığı üzündən onları əvəz etmək elə də asan deyil. Qadınlar şaxtada həftənin 5 günü, hər gün 4 saat çalışırlar. Üstəgəl növbədən qayıtdıqdan sonra adi ev işləri.
«İllər keçdikcə və təcrübə qazandıqca, əlbəttə, işləmək daha asan olur. Xalis psixoloji amil də var ki, bilirsən, şaxtadakı və evdəki işi sənin əvəzinə heç kim görməyəcək. Yəqin təəccüblənərsiniz, amma deməliyəm ki, evdəki işdənsə, şaxtadakı işə üstünlük verirəm», – Nato deyir.
Bir çox kişi şaxtaçılar deyirlər ki, qadınlar fikirlərini daha çox cəmləyə bilirlər. Robinzon Kirşanov ixtisasca musiqiçidir. Lakin bir çox tkibulililər kimi çörəyini şaxtada qazanır.
«Gecə vaxtı növbə çəkmək lazım olur. Kişilər hardasa rahatlanıb yuxuya gedə bilərlər, qadınlar isə heç vaxt. Onlara, doğrudan da, tam arxayın olmaq olar», – Robinzon Kirşanov söyləyir. «Mən heç vaxt həyat yoldaşıma, uşaqlarıma, yaxud da tanış qadına bu cür ağır işə düzəlməyi məsləhət görmərəm. Yazığım gəlir».
Maka və Nato deyirlər ki, şaxtada işləmək qərarını verməyə o da kömək edib ki, burada onlara qədər də qadınlar işləyib.
Lamara Berianidze Tkibuli şaxtalarında yeganə qadın markşeyderdir və indiyə kimi heyfsilənir ki, 36 il işlədikdən sonra istirahətə getməli olub.
«Heç mən tərəfə baxmadan işdən çıxardılar. Daha peşəkar işçi tapdılarsa belə, heç olmasa, insan kimi minnətdarlıq bildirə bilərdilər. İndiyə kimi ürəyim ağrıyır», — Lamara Berianidze deyir.
Artıq bir ildən çoxdur ki. pensiyadadr, lakin hesab edir ki, indi şaxtada əvvəlkindən də çox işləyə bilər.
Son illərdə artmış bədbəxt hadisələrin sayına görə Tkibulini “ölüm şəhəri” adlandırırlar. İldən ilə şəhər boşalır – sovet dövründə burada əhalinin sayı 22 min nəfərə bərabər idi. 2014-cü ilin siyahıyaalmasının nəticələrinə əsasən, Tkibulinin əhalisi 9770 nəfərə qədər azalıb. Əksəriyyət daha yaxşı həyat ümidi ilə şəhəri tərk edib.
Tkibuli şəhərinin hər iki sakinindən biri şaxtada işləyir. Onların hər biri eyni dərəcədə şaxtaya bağlıdır – əgər şaxtalar dayansa, mağazalar da bağlanacaq, nəqliyyat da dayanacaq və s.
Lakin bununla belə, son illərin faciələri şaxtaçı olmaq həvəsini getdikcə daha çox azaldır. İnsanlar hesab edirlər ki, faciələr təhlükəsizlik normalarının pozulmasının nəticəsidir. Şirkət təhlükəsizliyi artırmaq məqsədilə texnikanı 2018-ci ilin iyun ayında – növbəti faciəyə bir ay qalmış – yeniləyib. O vaxt şirkətdə bildirmişdilər ki, təhlükəsizlik normalarına maksimal səviyyədə riayət olunur.
«Hər hansı bir sahədə planlı şəkildə partlayış həyata keçirilərkən yuxarıda oturmuş operator bütün şəxsi heyətə nəzarət edir, hamını adı və familiyası ilə tanıyır, kim haradadır, bütün işçilər sahədən çıxarılıbmı və yalnız bundan sonra partlayışa icazə verir», — “Saknaxşiri”nin baş direktoru Cambul Cakeli izah edir.
Elə o vaxt Mindeli adına şaxtanın bütün sahələrində xüsusi sensor vericilər quraşdırılmışdı ki, bunlar dəm qazının səviyyəsini müəyyən edir və qaz yol verilən normadan artıq olduqda həyəcan siqnalını işə salır. Bundan sonra ventilyasiya işə düşür və təhlükəli sahə havalandırılır.
Dağ-mədən sənayesində işləyənlərin sayının azalmasını Gürcüstan Həmkarlar Birliyinin sədr müavini Tamaz Dolaberidze də təsdiqləyir. O hesab edir ki, bu cür dağ-mədən müəssisələrinin yaxınlığında tikilmiş şəhərlərin boşalma təhlükəsi var.
«Bu gün belə ağır şəraitdə əsas etibarilə o adamlar işləyir ki, onlar sovet dövründən burada çalışırlar, yaxud da ağır sosial vəziyyət onları bu işə getməyə vadar edib», – Tamaz Dolaberidze deyir.
«Tkibuli, Çiatura və başqa bu kimi şəhər yaradan dağ-mədən müəssisələrinin yaxınlığında tikilmiş şəhərlər, sadəcə olaraq, yoxa çıxa bilərlər. Belə şəhərlərin perspektivi yoxdur».
Tamaz Dolaberidze hesab edir ki, ağır iş şəraiti təhlükəsiz olmayan şəraitlə daha da ağırlaşır. Eyni zamanda, qadın əməyi bir çox hallarda kişi əməyinə nisbətən daha ucuz qiymətləndirilir.