Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhəri yaxınlığında yerli jurnalistlər rəsmən Vladimir Putinin köhnə dostuna, əslində isə onun özünə məxsus iqamətgah aşkarlayıb.
Rusiyanın “Dojd” telekanalının məlumatına görə, Rusiya prezidenti ən azı bir dəfə orada dincəlib.
Bu, 1913-cü ilə aid tarixi tikilidir, “Sellqren bağı” adı ilə tanınır, Vıborq körfəzindəki Lodoçnı adasında yerləşir.
Bu ada və burada yerləşən tikililər Vladimir Putinin Peterburqdan bəri yaxın dostu olan Oleq Rudnovun mülkiyyətindədir. Amma “Dojd” telekanalının istinad etdiyi yerli administrasiyadan olan mənbənin bildirdiyinə görə, Rudnovlar sadəcə formal sahiblərdir. Həqiqətdə isə “Sellqren bağı” Vladimir Putinin iqamətgahıdır.
“Sellqren bağı” memarlıq abidəsi olmaqla yanaşı, həm də sovet kinematoqrafiya tarixinə daxil olub – məşhur “Şerlok Holmsın macəraları” filminin iki seriyasındakı hadisələr burada cərəyan edir.
Medianın məlumatına görə, Vladimir Putin Rusiya prezidenti üçün rəsmən ayrılmış iqamətgahlardan başqa qeyri-rəsmi də bir neçə iqamətgaha sahibdir – onlardan biri Altayda, Sibirdə, digəri Qara Dəniz sahilindəki Gelencikdə yerləşir.