Vladimir Putinin döyüş sənətində məharəti hamıya məlumdur. O, bu haqda özü də çox danışıb. Bununla bağlı çoxsaylı jurnalistlər də dəfələrlə yazıb. Nəhayət, onun iştirakı ilə hətta tədris filmi d çəkilib – “Vladimir Putinlə cüdo öyrənirik”.
Döyüş sənəti üzrə müxtəlif federasiyalardan aldığı mükafat və diplomların sayına görə isə Rusiya prezidenti hətta Çak Norisi də geridə qoyub.
60 yaşını ötmüş Vladimir Putinin əla idman formasında olduğuna əmin olmaq istəyən hər kəs Rusiya prezidentinin seçkiqabağı at belindəki çılpaq bədənli məşhur şəklini internetdə asanlıqla tapa bilər.
Amma Washington Post qəzeti alternativ nəzər nöqtəsini – populyar bloger, karate və teykvondo üzrə bir neçə kəmər sahibi Benjamen Uittsin fikrini təqdim edib.
Bu adam Vladimir Putinin tatami üzərində olduğu çox sayda videoları izləyib və belə nəticəyə gəlib ki, bütün bu döyüşlər səhnələşdirilib, Rusiya prezidentinin rəqibləri kiçik bir toxunuşdan yerə yıxılırlar.
Benjamen Uitts Vladimir Putinin döyüş sənəti sadəsində aldığı mükafatların heç də qısa olmayan siyahısını da nəzərdən keçirib və müəyyən edib: bütün bu mükafatlar ona ya dövlət səfərləri zamanı, ya da büdcə vəsaitlərinin ayrılması ilə bağlı minnətdarlıq kimi təqdim olunub.
Öz araşdırmalarının nəticələrinə əsaslanaraq, Benjamen Uitts Vladimir Putini döyüşə çağırıb. O, Rusiya prezidentinə döyüş sənəti sahəsindəki məharətini tatamı üzərində sübuta yetirməyi təklif edib – nə feyk, nə də piar.
Düzdü, bir şərt də qoşur: Döyüş elə yerdə baş tutmalıdır ki, orada Putin onu – Benjameni həbs edə bilməsin.