Polis Yerevanda ərinmiş mumu “aprel müharibəsi” zamanı həlak olanların məzarlarına tökən şəxsi aşkarlayıb. Yenilənib
18:35 YENİLƏNMƏ
Polis Aştarak şəhərində qəbiristanlıqda özünü qəribə aparan qadını aşkarlayıb. Artıq polis bölməsində o, etiraf edib ki, yalnız Aştarakda və hərbi panteonun ərazisində yox, başqa məzarlıqlarda da qəbirlərin üzərinə ərinmiş mum töküb. Onun sözlərinə görə, bu yolla cadunu zərərsizləşdirməyə çalışıb – amma cadunun kimə edildiyi bəlli deyil. Polisdən bildirilib ki, araşdırma davam edir.
Naməlum şəxslər aprel müharibəsində həlak olan hərbçilərin məzarlarını təhqir ediblər. Bu, Yerevanda “Yerablur” hərbi panteonunun ərazisində baş verib. Polis insidenti araşdırmağa başlayıb.
• Qarabağda “aprel müharibəsinin” üçüncü ili. Bu nəyi dəyişdi? Bakıdakı və Yerevandakı ekspertlər
Nə baş verib?
Avqustun 1-də sosial şəbəkələrin Ermənistan seqmentində “Yerablur” hərbi panteonundan video yayılıb. Videodan görünür ki, naməlum şəxslər 2016-cı il aprel döyüşləri zamanı həlak olmuş hərbçilərin məzarlarına qara maddə sürtüblər.
Video-görüntü sosial şəbəkə istifadəçilərinin saysız-hesabsız mənfi və qınayıcı şərhlər yazmasına səbəb olub.
Araşdırma gedir
Polis artıq faktla bağlı araşdırmaya başlayıb. Polisin ictimaiyyətlə əlaqə və informasiya idarəsinin rəisi Edqar Canoyan bildirib ki, “hazırda polis ekspertləri məzarlara sürtülən maddənin tərkibini və işin digər məqamlarını müəyyənləşdirməyə çalışır”.
Məzarların təhqir olunması ilə əlaqədar Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan da fikrini açıqlayıb:
“Baş verən olayla bağlı biz bütün məqamların ətraflı öyrənilməsindən sonra açıqlama verəcəyik. Bununla belə, Müdafiə Nazirliyi aprel müharibəsində həlak olanların xatirəsinə qarşı istənilən vandalizm və ya hörmətsizlik halını qətiyyətlə pisləyir”.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook sosial şəbəkəsinin istifadəçiləri bu məsələdə praktiki olaraq yekdildir, onlar hüquq-mühafizə orqanlarından mümkün qədər qısa zamanda araşdırmanı sonlandırmağı, caniləri tapıb, cəzalandırmağı tələb edirlər.
Şərhlərdən bəzilərini təqdim edirik:
«Nə günlərə qalmışıq…»
«Biz nə gözləyirik? Tapmaq və cəzalandırmaq lazımdır – məhkəməsiz və istintaqsız».
«Yenidən ölüm hökmünü tətbiq etmək və vandalları cəzalandırmaq lazımdır».
«Mən inanmıram ki, onlar qanun çərçivəsində ən sərt cəzaya çatacaqlar! Onlar qanunda yazılmamış cəzalarını almalıdırlar!»
«Ermənistan polisi, biz sizin hesabatınızı gözləyirik!»
«Bunu kim eləyibsə, Respublika meydanında asmaq lazımdır!»
2016-cı il “aprel müharibəsi”
2016-cı il aprelin 1-dən 2-ə keçən gecə Qarabağ münaqişəsinin tərəfləri arasında baş verən toqquşmalar tammiqyaslı hərbi əməliyyatlara keçib.
Dağlıq Qarabağ və Azərbaycan silahlı qüvvələrinin bütün təmas xətti boyunca dörd gün davam edən və “aprel müharibəsi” adı alan şiddətli döyüşlər nəticəsində rəsmi Bakı 31 hərbçinin həlak olduğunu açıqlayıb (müstəqil mənbələrin məlumatına görə, Azərbaycanın itkiləri daha çox olub), Ermənistan Müdafiə Nazirliyi isə itkilərin 77 nəfər hərbçidən ibarət olduğunu bildirib.
Dağlıq Qarabağ ətrafında 1990-cı illərin əvvəllərində başlayan müharibə hələ də Cənubi Qafqazın həllini tapmayan münaqişələri sırasındadır. 1994-cü ildə atəşkəs haqda razılaşma imzalansa da, təmas xəttində vaxtaşırı atışmalar hələ də davam edir.