Petya Gürcüstana da gəlib çıxdı – Poti limanı kiber hücuma məruz qalıb
Paylaşmaq
Paylaşmaq
“Rustavi-2” teleşirkəti xəbər verir ki, iyunun 28-də Gürcüstan Parlamentinin deputatları eyni zamanda kiber hücum haqda sms-ismarıc alıblar. Deputatlara məsləhət görülüb ki, bir müddət elektron ünvandan istifadə etməsinlər.
Parlamentin mətbuat xidmətindən bildirilir ki, kiber hücum baş verməyib, amma mümkün təhlükə haqda məlumat daxil olub və bununla bağlı daxil olan məktublar bloklanıb.
Hazırda parlament serverinin nə vəziyyətdə olduğunu Gürcüstan DİN-i araşdırır.
Bir gün öncə Gürcüstanın Poti limanı xakerlərin geniş miqyaslı kiber hücumuna məruz qalıb: virus strateji obyektin işini əngəlləyib. Yük daşıma və dövriyyəsini davam etdirə bilmək üçün fövqəladə tədbirlər həyata keçirilib. Hazırda liman əməkdaşları sənədlərlə kompütersiz, əlyazması ilə işləyirlər.
Kompüterlərin sıradan çıxmasına Poti limanının sahibi olan Danimarkanın “Maersk Group” şirkətinə məxsus serverinin xaker hücumuna məruz qalmasının səbəb olduğu deyilir. Şirkətin dünyanın müxtəlif ölkələrində sahib olduğu bütün digər liman və terminallarda da IT-sistem tamamən sıradan çıxıb.
Hazırda Poti limanı qeydiyyat işlərini əllə aparır.
Söhbət kompüterə çıxış imkanını geri qaytarmaq müqabilində pul köçürməyi tələb edən Petya virusundan gedir. Petya virusu bütün dünyada yayılmaqdadır. Əsas yayılma mənbəyi elektron ünvanla göndərilən toplu məktubdur.
Pul tələb edən virusun qlobal hücumu çərşənbə axşamı başda Ukrayna olmaqla dünyanın bir neçə ölkəsində şirkətlərin IT-sistemini çökdürüb. Neft, enerji, telekommunikasiya, farmakoloji şirkətlərin, həmçinin dövlət orqanlarının kompüterləri hücuma məruz qalıb.
İlk məlumatlara əsasən, cinayətkarların aktivləşdirdiyi şifrə çözən virus artıq pul tələbilə məlum olan Petya ailəsinə aid edilib, amma məlum olub ki, söhbət funksionallığı əhəmiyyətli dərəcədə fərqlənən yeni ziyanlı proqram təminatı ailəsindən gedir.