Perronda "albalı kababı"
Mincivan xatirələri
Sovet dövründə Azərbaycanın Zəngilan rayonunun Mincivan dəmir yolu qəsəbəsi Bakıdan Yerevana və Noraşenə, Moskvadan Tehrana qatarların hərəkət etdiyi nəqliyyat qovşağı idi. Vəfa Fərəcəvanın uşaqlığı və yeniyetməliyi bu kənddə keçib. Daha sonra, 1993-cü ildə birinci Qarabağ müharibəsi zamanı kənd Ermənistanın nəzarətinə keçəndən sonra onların ailəsi köçkün düşüb. İndi, 29 il sonra, o, ümid edir ki, Mincevana qayıa biləcək, lakin heç kim onun və yaxınlarının bu ümidinin nə vaxt reallığa çevriləcəyini bilmir.
“Əslində, altı yaşıma kimi nənəmlə Mingəçevirdə yaşamışam, məktəbə getmək vaxtı gələndə isə Mincivana valideynlərimin yanına qayıtmışam. Mən dərhal bu yerə aşiq olmuşdum. Çox mehriban bir qəsəbəmiz var idi. Hamısı bir-biri ilə yaxından-uzaqdan qohum idi. Kimin qızı və ya nəvəsi olduğumu söyləmər yetirdi ki, “deməli, biz qohumuq!” cavabını alım.
Yadımdadır, uşaq vaxtı tez-tez qatarları qarşılamaq üçün stansiyaya gedirdik. Çünki platformalarda budaqlara sancılmış albalı və gilas satırdılar. Nənə və babamın bağlarında bu meyvələrdən dolu idi, amma biz vağzalda satılan bu xüsusi “albalı kababı”ndan ötrü ürəyimiz gedirdi.
Sinfimiz də yaxşı idi, biz hələ də uşaqlarla əlaqə saxlayırıq. Məktəbi artıq 90-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsi başlayandan sonra bitirsək də, hansısa möcüzə nəticəsində hamımız ali təhsil ala bildik. Müharibə hələ kəndimizə yaxınlaşmasa da, vaxtaşırı atırdılar, valideynlərimiz də bizi, uşaqları təhlükəsiz yerə – başqa yerlərdə yaşayan qohumların yanına göndərirdilər. Ona görə də dərsləri çox buraxırdıq.
Valideynlərim dəmiryol məktəbində dərs dedikləri üçün Dəmir Yolu İdarəsi ailəmizə Mincivanda üçotaqlı yeni mənzil vermişdi, son bir neçə ili ailəmiz o evdə yaşadı. O vaxtkı ənənələrə uyğun olaraq valideynlərim də bir neçə il mənzil növbəsində gözləmişdilər və 1988-ci ildə, nəhayət, bizə mənzil verildi. Təmir edildi, hamısı yerli-yerində. Dekabrda köçdük, valideynlərimizin həmkarlarının da qatıldığı bir məclis təşkil etdik. Amma bayramın ortasında telefon zəng çaldı, anam telefonu götürəndən sonra üzünün ifadəsi dəyişdi. Sonra o, hamıya elan etdi ki, Ermənistandan gələn azərbaycanlı qaçqınları qarşılamaq üçün təcili stansiyaya getməlidirlər.
Vağzalda bütün yolu yük vaqonlarında gələn yorğun, əldən düşmüş insan kütlələrini gördük. Böyüklərimiz bu insanları yedizdirib, dincəldib, sonra da Bakıya gedən başqa qatarlarla yola saldılar. Bir neçə ailə bir müddət kəndimizdəki ibtidai məktəbin binasında qaldı.
Beş il sonra biz özümüz də içi dolu mənziliimizi özümüzlə heç nə götürmədən tərk edib qaçdıq. Daha doğrusu, bz yox, ailəm – mən özüm o vaxt orta məktəbi bitirmişdim və qəbul imtahanlarından sonra Mingəçevirə nənəmin yanına getmişdim. Orada olarkən televiziyadan eşitdim ki, Zəngilan işğal olunub, dinc əhali Araz çayı ilə İrana köçürülüb, bəziləri çayda boğulub. Onda mən güclü sarsıntı keçirdim, hətta yaddaşımı qismət itirdim. Doğmalarım üçün çox qorxdum. Amma xoşbəxtlikdən anam, qardaşım və bacım sağ-salamat idilər.
Ailəmiz üçün məcburi köçkün həyatı belə başladı, daha sonra 22 ili Bakıda peşə məktəblərindən birinin zirzəmisində yaşadıq. Məmurlar gəlib baxırdılar, belə şəraitdə yaşamağın mümkün olmadığını deyirdilər və gedirdilər. Ancaq 2018-ci ildə bizə nəhayət ki, mənzil verildi. Elə indi mən, anam, qardaşım, arvadı və iki uşağı ilə birlikdə həmin mənzildə yaşayırıq.
2021-ci ilin yanvarında Azərbaycan telekanallarından birinin çəkiliş qrupu ilə birlikdə 28 ildən sonra ilk dəfə Mincivana gəldim. Evimizin xarabalıqlarına baxıb hönkür-hönkür ağladım. Mənə evimizə yaxınlaşmağa belə icazə vermədilər, çünki orada mina təhlükəsi vardı.
Müharibə bitəndən bir müddət sonra ailəmizi yerli icra hakimiyyətinə çağırıb dedilər ki, Mincivanda qalan bütün əmlakın – mənzildən tutmuş soyuducuya, xalçalara qədər təfərrüatlı siyahısını tərtib etmək lazımdır. Yaxşı, siyahı hazırladıq və bizə söz verdilər ki, bütün bunlar kompensasiya olunacaq. Amma o vaxtdan indiyə qədər xəbər-ətər yoxdur. Söhbətin hansı kompensasiyadan getdiyi də aydın deyil – pul, yoxsa başqa nəsə. Aydınlaşdırmağa çalışanda ancaq bir cavab eşidirəm: “Hər şey yaxşı olacaq, gözləyin”.
Məcburi köçkünlər arasında aparılan sorğu zamanı ailəmiz Mincivana qayıtmaq niyyətində olduqlarını bildirdi. Amma məhz öz qəsəbəmizə. Biz Qarabağın başqa heç bir şəhərində və ya kəndində yaşamaq istəmirik, eyni tipli evləri olan “ağıllı kəndlərdə” məskunlaşmaq istəmirik, onlardan biri artıq Zəngilanda tikilib.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması zəruri və qaçılmazdır. Hər halda biz regionda qonşuyuq və bir-birimizdən uzaqlaşmayaq ikanımız yoxdur. Bir vaxtlar bir-biri ilə müharibə edən ölkələrin indi sülh şəraitində yaşaması ilə bağlı tarixdə nümunələr az deyil. İngiltərə və Fransanı götürək. Biz də gec-tez Ermənistanla sülh və əminamanlıq şəraitində yaşamağı öyrənəcəyik. Daha doğrusu, biz yox, çox güman ki, sonrakı nəsillər.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.