Partiyası seçkilərdə qalib olarsa, Mixail Saakaşvili Gürcüstanın baş naziri olmaq niyyətindədir
Keçmiş iqtidar partiyası Vahid Milli Hərəkatın da daxil olduğu müxalifətin “Güc birlikdədir” koalisiyası 2020-ci ilin oktyabrında keçiriləcək parlament seçkilərində Gürcüstanın baş naziri kürsüsünə keçmiş prezident Mixail Saakaşvilinin namizədliyini irəli sürəcək.
“Mixail Saakaşvili ölkəyə qayıtmalı və öz xalqı ilə birlikdə olmalıdır. Məhz buna görə də Vahid Milli Hərəkat və Birməşmiş Müxalifətə daxil olan bütün partiyalar baş nazir kürsüsünə onun namizədliyini irəli sürmək qərarına gəlib”, – Vahid Milli Hərəkatın sədri Giorgi Vaşadze deyib.
Onun sözlərinə görə, bu qərarın mənasını doğru anlamaq üçün 2003-cü ildə Mixail Saakaşvilinin hansı dövləti təhvil aldığını unutmamaq lazımdır.
“Söhbət telefon kodu və elektron poçt ünvanından başqa heç nəyi qalmayan Gürcüstandan gedir (2003-cü ilə – “Qızılgül inqilabına” və Saakaşvili hakimiyyətə gələnə qədər). Bizim dövlətimizin Mixail Saakaşvilinin resurslarından yararlanması çox vacibdir”, – Vaşadze deyib.
Milli Hərəkatın sədri qeyd edib ki, Mixail Saakaşvili Gürcüstana qayıdış planı haqda özü danışacaq.
Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili sentyabrın 6-da Facebook səhifəsində yazıb ki, bu gün, sentyabrın 7-də o, qayıdış planı ilə əlaqədar növbəti bəyanatla çıxış edəcək.
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır.
2020-ci ilin mayında o, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən Ukraynada islahatlar üzrə Milli Şura İcra Komitəsinin sədri təyin edilib.
Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı ilə bağlı məsləhətləşmələr üçün Tbilisiyə çağırılıb.
Mixail Saakaşvili iyunun 11-də Facebook-da yerləşdirilən videoda bildirib ki, Gürcüstanın dağılmasına sakit baxa bilmir və o, hakimiyyət dəyişikliyi uğrunda mübarizənin önündə olacaq.
İyulun 14-də Saakaşvili Facebook səhifəsində Gürcüstanda böyük planlarının olduğunu və payızda “qətiyyətli irəliləyişə” hazırlaşdığını yazıb.
Mixail Saakaşvilinin son bəyanatı avqustun 27-də dərc olunub. Bu bəyanatda eks-prezident Gürcüstana qayıdacağını bildirib.
O, həmçinin qeyd edib ki, 7 il bir çox məsələlər haqda düşünmək və analiz etmək üçün yetərli zamandır, o həmçinin hakimiyyətdə olduğu müddətdə yol verdiyi nöqsanlara görə üzr istəyib.
Gürcüstan hakimiyyəti Mixail Saakaşvili haqqında axtarış elan edib. Gürcüstanda o, Sandro Qirqvlianinin qətli ilə bağlı dəlillərin gizlədilməsinə, o cümlədən də deputat Valeri Qelaşvilinin döyülməsinə görə qiyabi məhkum edilib.