Orduda xidmətdən yayınan Ermənistan vətəndaşları cərimə ödəyə və cinayət təqibindən azad oluna bilər
27 yaşı tamam olan, ölkədən çıxan və orduda xidmət etməyən Ermənistan vətəndaşları yaxın iki il ərzində cərimə ödəməklə cinayət təqibindən azad oluna və vətənə qayıda bilər. Cərimənin məbləği hər ötürülən çağırışa görə 200 min dram (420 dollar), yəni çağırış yaşının bütün illərinə görə 3 milyon 600 min dram (7500 dollar) təşkil edəcək.
Ermənistan parlamentində “Orduda müəyyən edilmiş qaydanın pozulması ilə xidmət keçməyən vətəndaşlar haqqında” qanuna dəyişikliklərin edilməsi haqqında layihə birinci oxunuşda yekdilliklə qəbul edilib. Böyük ehtimalla da layihə təsdiq olunacaq.
Müdafiə Nazirliyi qanunla bu cür imkanı təsdiq etməməyi və gənclərin cərimə ödəməklə xidmətdən yayınmağa imkan verməməyi təklif edib. Amma bu təklif, o cümlədən də iqtidaryönlü deputatlar tərəfindən rədd edilib. Bununla əlaqədar layihəni təqdim edən hakim Respublika Fraksiyasından olan deputat Karine Açemyan deyib:
“Biz xeyirxah iş görmək istədik, çünki bu uşaqlar Ermənistanı ən müxtəlif səbəblərlə tərk ediblər. Onların ailələri ağır sosial vəziyyət və ya başqa səbəblərdən ölkəni tərk ediblər. Onların qarşısında qapını bağlamaq, düşünürəm ki, məntiqsizdir”.
Deputatlar həm də Müdafiə Nazirliyinin hər ötürülən çağırışa görə 200 deyil, 500 min dram (min dollardan çox) ödəmək təklifini də rədd ediblər. Deputatlar hesab edirlər ki, bu, böyük məbləğdir – heç də hamı onu ödəyib, vətənə qayıda bilməyəcək.
“Yelk” və “Tsarukyan” fraksiyalarından olan deputatlar müzakirələr zamanı qanun layihəsinin məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışıblar: büdcəni doldurmaq yoxsa insanları vətəninə qaytarmaq.
“Yelk” fraksiyasından olan deputatlar Artak Zeynalyan və Mane Tandilyan bildiriblər ki, dəyişikliklərin əsasında repatriasiya durursa, cərimədən söhbət gedə bilməz.
“Tsarukyan” fraksiyasından olan deputat Sergey Baqratyan qeyd edib ki, xaricdə axtarışda olan 11 min nəfərin 86%-i məhz orduda xidmətdən yayınmada ittiham olunur. Biz onların qayıtmasını istəyiriksə, cərimənin ödənilməsi məsələsini irəli sürməyə dəyməz.
Qanun layihəsini təqdim edən Karine Açemyan müxalifətçi deputatlara etiraz edib:
“Bunu etsək, belə çıxacaq ki, biz xidmətdən yayınmanı təşviq edirik. Bu adamlar qanunu pozduqlarına görə cinayət təqibinə məruz qalıb. Biz qapıları açıb deyə bilmərik: gedin, sonra da qayıdıb, hemç nə ödəməyə də bilərsiz”.
O bildirib ki, ötən illər ərzində qanunun işləməsi nəticəsində Müdafiə Nazirliyinin büdcəsinə 8 milyard dramdan çox (16 milyon dollar) daxil olub, bu pul da hərbi sahənin ehtiyaclarına yönləndirilib. Müxalifətçi deputatlar isə bildiriblər ki, ikinci oxunuşa qədər yeni təkliflər təqdim edəcəklər və layihənin sonuncu mətninə dəyişikliklər etməyə çalışacaqlar.