Oliqarxın doğma kəndi – gürcü arzusu haqqında əfsanə
İlk dəfə dərc olunub 14.03.2019
Hasarlardan birində yapışıb qalan elanın parçası kənd sakinlərini ümumi yığıncağa çağırır. Yığıncaqda kəndlilər nəyə daha çox ehtiyacı olduğu ilə bağlı qərar verir: mədəniyyət və istirahət parkı yoxsa uşaq əyləncə mərkəzinə.
— Yığıncağa gedəcəksiz? – kənd mağazasının yanında qadından xəbər alıram.
—Mənsiz də qərar verəcəklər, — qadın danışmağa həvəsli görünmür.
Saçxeri bələdiyyəsinin Çorvila kəndi Qərbi Gürcüstanda, Tbilisidən 166 kilometr aralıda yerləşir, burada 1500-ə yaxın adam yaşayır. Bura Gürcüstanın yeganə yaşayış məntəqəsidir ki, onun sakinləri artıq çoxdan öyrəniblər ki, onların bütün problemləri özlərinin müdaxilə etməsinə və hər hansı səy göstərməsinə ehtiyac qalmadan həll olunur.
Bu məsələləri həll edən yeni məktəbin nəyə ehtiyacı var, pedaqoqlar hansı maaşı almalıdır, kim pulsuz müalicə olunmalıdır və s-ni daha yaxşı bilir.
•Əsrlik ağaclar – milyardçının son marağı
•Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıdır
•Gürcü milyarder uğrunda mübarizə
Misal üçün, kəndin reabilitasiyasına başlanılanda yerli sakinlərdən ancaq hansı – yaşıl və ya qırmızı rəngdə dam xoşladıqlarını xəbər aldılar.
Uzun illərdir ki, Qərbi Gürcüstanda kasıb İmereti regionundakı bu kənd haqqında müxtəlif əfsanələr gəzir. Bu da başa düşüləndir: burada Gürcüstanın keçmiş baş naziri, ölkənin ən varlı adamı Bidzina İvanişvili dünyaya gəlib.
Burada onun haqqında xüsusən də jurnalistlərin yanında pıçıltı və ehtiyatla danışırlar.
Artıq beş ildir ki, Bidzina İvanişvili baş nazir vəzifəsindən gedib. 2012-ci ildə o, bir çoxları üçün gözlənilməz olaraq Mixail Saakaşvilinin 9 il ərzində Gürcüstana başçılıq edən və zəif parçalanmış müxalifətin fonunda məğlub edilməz təəssüratı bağışlayan hakim “Milli hərəkat”a qalib gəldi.
Baş nazir postundan sonra İvanişvili uzun müddət ortada görünməyib və ancaq ötən ilin aprel ayında siyasətə qayıtmaq qərarını verib.
İndi İvanişvili hakim “Gürcü arzusu” partiyasının sədridir. Bu gün o formal olaraq yüksək vəzifə tutmur, amma siyasətə gələnə qədərki müəmma dolu oliqarx da deyil. Bununla belə, heç kimin şübhəsi yoxdur ki, bu insan Gürcüstanın qeyri-rəsmi hakimidir və bütün vacib siyasi məsələləri özü həll edir. Təkbaşına. O cümlədən kimin baş nazir, kimin prezindetliyə namizəd olacağını. İvanişvili hədsiz səlahiyyətlərə malikdir və bu zaman heç bir məsuliyyət daşımır.
İvanişvilinin Çorvilada böyük mülkü var. Evi qismən taxta hasar, qismən də daş divarla çəpərlənib.
Evinin qarşısında vertolyot meydançası var.
İvanişvili doğma kəndində bu gün də tez-tez olur. Amma yerli sakinlər onu az-az görür. İvanişvilinin gəlib-getdiyini Çorvila sakinləri vertolyotun uçmasından bilir.
Əmin-amanlıq vahəsi
Artıq 6 ildir ki, İvanişvili 2012-ci il oktyabr seçkilərindən sonra hakimiyyətə gəlib.
Çorvilaya burada hansı dəyişikliklərin baş verdiyini öyrənmək məqsədilə gedirik, axı bu kəndə bir vaxtlar bütün Gürcüstan sözün yaxşı mənasında qibtə edirdi.
“Çorvila İmeretidə ən Avropasayağı kənddir”. “Çorvilada sosializmdir”. “Bidzina sovet hakimiyyətinin daimi insanlara vəd etdiyini, sonda da yerinə yetirmədiklərini edib!” “İvanişvili Çorvilada etdiklərini Gürcüstanın hər yerində həyata keçirəcək”. 2012-ci ilə qədər Çorvila kəndi haqqında bu cür danışırdılar. Onunla bağlı 2012-ci ilə qədər danışılan əfsanələr doğru çıxdı.
Çorvila özünün taxta hasarları ilə gürcüdən daha çox hansısa İsveçrə kəndini xatırlayır. Burada evlər əsaslı şəkildə yenidən tikilib, yollar baxımlıdır.
Kəndə daxil oluruq. Qırmızı damları yaşıl damlar əvəz edir. Hansısa İsveçrə kantonuna düşdüyümüz hissi bir az da güclənir.
Təəssüf ki, maşınımız gözlənilməz qar yağıntısına hazır olmur və kəndin düz girişində dayanır. Yolun qalan hissəsini piyada gedirik.
Beləliklə, tam gözlənilməz olaraq bələdçimiz yolda rastlaşdığımız Temo olur, ondan bizi Çorvilanın mərkəzinə aparmağı xahiş edirik. Əslində adı başqadır. Sadəcə Çorvila sakinləri havadarları kimi son zamanlar göz qabağında olmamağı, anonimliklərini qorumağı üstün tutur.
“Mənə artıq baş ağrısı lazım deyil, əzizlərim. Sevmirlər də bizdə jurnalistləri”, — Temo deyir.
Tezliklə özümüz bunun şahidi oluruq.
Həyətlərin yanında dayanırıq. Söhbətləşmək üçün ev yiyəsini çağırırıq.
İmeretiya qonaqpərvərliyi burada jurnalistlərə aid edilmir. Bəzi evlərdə ev yiyələrinin ehtiyatla pərdə arxasından boylandıqlarını görürük. Başqa həyətlərdə səsimizə ancaq itlər səs verir. Darvaza qapısı açılmır, evə də heç kim dəvət etmir! Həmsöhbətlərimizi ancaq küçələrdə “tutmalı” oluruq.
Çorvila haqqında əfsanə – əvvəli və axırı
Orta yaşlı qadın kəndin mərkəzində balaca mağaza sahibidir. İvanilşvilin hələ məktəb illərindən tanıyır.
“Yaşca məndən balacadı, amma tanışıq. Sinif yoldaşlarına çox kömək edir… Bütün məhəlləyə isə ailə yardımı təyin edib”, — o, videokameradan gizlənməyə çalışaraq, deyir.
Burada hamı yekdilliklə bildirir ki, Çorvilada 2012-ci ilə qədər edilən şeylər əksər gürcü kəndlərinin yuxusuna da girməzdi.
Çorvilada İvanişvilinin puluna yeni məktəb, Saçxeredə pulsuz xəstəxana tikilib. Evlər təmir edilib və tikilib, həkimlər də daimi əməkhaqqı məbləğində əlavə müavinət alırdılar.
Yerli sakinlər qaz pulu ödəmirdi. Onlara pulsuz qaz qızdırıcıları, televizor və soyuducu verilirdi. Soyuducuların içi də İvanişvilinin puluna alınan ərzaqla dolurdu. Bütün bunlar da Çorvilanın seçilmiş deyil, bütün sakinlərinə verilirdi.
Nağıl 2012-ci ildə bitdi.
Bu gün Çorvilada pulsuz qaz yoxdur;
Müəllim və həkimlər əlavə pul almır;
Bidzina İvanişvili tərəfindən tikilən, toy və yas mərasimlərində kənd sakinlərinə pulsuz xidmət göstərən mərasim evi artıq bir neçə aydır ki, pulsuz xidmət göstərmir;
Saçxere rayon mərkəzindəki xəstəxanada xidmətlərin əsas hissəsi 2012-ci ilə qədər pulsuz olub, sonra imtiyazları ləqv ediblər;
2012-ci ilə qədər İvanişvili bütün həmkəndlilərinə evin təmiri üçün pul verirdisə, indi ancaq üç ay əvvəl təmir olunan uşaq bağçasına verir.
Niyə hər şey bu qədər dəyişdi?
Yerlilər bir neçə səbəb göstərir. İvanişvili amilinin özü burada yoxdur.
Misal üçün, milyardçının yaxın qonşusu, yaşlı Quram deyir ki, Bidzina İvanişvilini Çorvila sakinlərinə köməyi dayandırmağı Saakaşvili məcbur edib. O, bunda məhz eks-prezidenti günahkar görür:
“Saakaşvili ondan xahiş edib, çünki (başqa regionlarda) çoxları burada müəllimlərin maaşının artırılmasından narazı idi. O (İvanişvili) burada ödəməni dayandırdı ki, heç kim inciməsin”.
Quram həm də deyir ki, İvanişvili bu gün də kəndin qayğısını çəkir. Onun sözlərinə görə, milyardçının Çorvilada öz adamları – komendatları var, onlar hadisələri izləyir və kimin nəyə ehtiyacı olduğu barədə İvanişviliyə məlumat verirlər.
Kapanadze ailəsi düz 6 il əvvəl ilk dəfə qaz pulu qəbzini alıb. Buna qədər Kapanadze ailəsi qaz pulu verməyib.
Təxminən eyni vaxtda kənd müəllimi olan ailə başçısının da əməkhaqqına əlavə dayandırılıb, xərclər də birdən birə artıb.
Temur Kapanadze İvanişvilinin səxavətinin dayandırılmasının səbəblərinin öz versiyasını dilə gətirir. Onun sözlərinə görə, Çorvila sakinləri özləri baş verənlərdə günahkardır – başqasının hesabına yaşayaraq harınlamışdılar.
“Lazım oldu olmadı, hamının evində sutka boyu işıq yanırdı. Bütov Rustavi şəhərində istifadə olunan qədər elektrik enerjisi xərclənirdi! Özüm dəfələrlə görmüşəm, necə adamlar qızdırıcıları yandırır, pəncərəni də açıq qoyurlar! Bu nə qədər davam edə bilərdi?! Pul qazanmağı bacaran adam pulun qədrini də bilir”, — Temur Kapanadze acıqla deyir.
O, bizi evinə dəvət edən və istədiyimizi rahat çəkməyə icazə verən yeganə adam oldu. Onun da evi başqaları kimi İvanişvilinin puluna tikilib.
Temur Kapanadze səliqə ilə saxladığı məktəb albomunu çıxarır. Burada məktəb ekskursiyasından şəkil var. Şəkildə o və gələcəyin milyardçısı əks olunub.
İvanişvili tərəfindən tikilən mərasim evi ayrıca söhbətin mövzusudur.
Bu, müasir üslubda şüşə binadır. Bir neçə il ərzində Çorvila sakinləri burada toy, ad günü qeyd edir, yas mərasimləri qururdular. Zaldan pulsuz istifadə edə bilirdilər.
Bundan əlavə, bütün yeni evlənənlər İvanişvilidən 3000 dollar pay alıb. Burada hətta zarafat edirdilər ki, ancaq buna görə Çorvilada subay oğlan və qız qalmayıb.
Bu gün Mərasim Evinin xidmətləri pulludur. Bir neçə gün sonra burada ilk “pullu” toy olacaq.
Yolda rast gəldiyimiz, adının hallanmasını istəməyən qadının sözlərinə görə, bu, “böyük qalmaqal”dan sonra olub: “Hansısa yeyinti olub. Buna görə də direktor işdən çıxarılıb”. “(İvanişvili) cəzalandırmağı bacarır, yəqin ki, siz də bunu bilirsiz”, — qadın deyir və sözlərinə qüvvət vermək üçün əllərində qandal görüntüsü yaradır.
Bu gün bina bələdiyyənin mülküdür və icarəyə verilir.
Çorvila sakinlərinin artıq Saçxeredə müasir standartlara uyğun tikilmiş və təchiz edilmiş xəstəxanada pulsuz xidmət kimi neməti yoxdur. Kənd həkimi İnqa Kapanadze 2012-ci ildən sonra işlərin necə getdiyindən danışmaq istəmir. İvanişviliyə hər şeyə görə minnətdardır.
“Ancaq onun sayəsində Çorvilada iki həkim və üç sanitarın işlədiyi ambulatoriya var”, — İnqa Kapanadze deyir.
2012-ci ildən sonra İvanişvilinin Çorvilada xeyirxahlığının ən əyani sübutu furbol meydançası və onun puluna 2017-ci ildə təmir olunan uşaq bağçası oldu.
Uşaqlar yatan zaman bağça müdiri elə böyük sevgi və mehribanlıqla bizə işıqlı otaqları göstərir ki, sanki muzey bələdçisi sevdiyi müəlliflərin şedevrlərini nümayiş etdirir.
“Bu cür insanlar haqqında nalayiq söhbətlər gedəndə gözlərim dolur”, — Lali Makasaraşvili deyir. İvanişvilinin tənqid edilməsini heç cür qəbul edə bilmir.
Çorvilada onu heç kim tənqid etmir.
İllüziyalar ustası
“Kim yayın qızmarında sərin kölgədə oturmağı sevmir ki?!” – yerli sakinlərdən biri milyardçının qəribə hobbisi – çoxəsrlik ağac sevgisi barədə bunu deyir.
“Kölgədə qalmaq” — bir müddət bu, həqiqətən də İvanişvilinin ən komfortlu vəziyyəti olub.
2008-ci ildə jurnalist Uendell Stivenson “Prospekt” jurnalı üçün Mixail Saakaşvilinin portreti üzərində işləyəndə eks-prezident müsahibə zamanı deyib:
“İvanişvili qraf Monte-Kristo kimidir. Onu cəmi bir dəfə görmüşəm. Onun siyasi ambisiyaları yoxdur. Ümumiyyətlə yoxdur”
Hər şey 6 oktyabr 2011-ci ildə Bidzina İvanişvili siyasi partiya yaratdığını bəyan edəndə dəyişdi.
Bir neçə gün sonra onun Tbilisinin üzərində yüksələn “şüşə sarayında” qapılar siyasətçilər və jurnalistlərin üzünə açıldı. Demək olar ki, bütün gürcü müxalifətini öz qanadı altına aldı, burada həm Qərbyönlü liderlər, həm də irticaçılar və Rusiyayönlü partiyalar varıydı.
Onda da Çorvila vacib rol oynadı.
“İvanişvili bütün Gürcüstanı Çorvilaya döndərəcək”, — bu, təşviqatçıların sakinlərə İvanişvilinin seçkilərdə qalib gələcəyi halda onları gözləyən cənnət haqqında danışan mesajlardan biri idi.
Haqqında əfsanələr danışılan kənd seçicinin İvanişvili komandasının seçkiqabağı vədlərinə inanmasına xidmət etdi: 100 yeni zavod, hər kəndə 5 milyon lari (o vaxtkı məzənnə ilə təxminən 3 milyon dollar), kommunal tariflərin 2 dəfə azaldılması, benzinin qiymətlərinin aşağı salınması, “pulsuz pul” yəni uzunmüddətli maksimum 3 faizlik kreditlər.
Nəticədə 2012-ci il parlament seçkilərində seçicilərin bütün Gürcüstanın Çorvila kəndi kimi abadlaşdırılmış ideal həyat sürəcəyinə ümidləri əsk olundu.
“İvanişvilinin əsl istedadı və ya hoqqabazlığı ondadır ki, müxtəlif sosial qruplar üçün müxtəlif illüziyalar yaratdı”, — politoloq Giya Nodiya deyir.
Onun sözlərinə görə, ondan öz illüziya payını hamı aldı — Qərbə doğru istiqamət tutanlar da, Rusiya ilə münasibətlərin pozulmasından pərişan olanlar da. Azlıqlar bərabərhüquqluluq barədə fikirləri dinləyir, homofoblar isə onu ənənələrə hörmətilə bağlı söhbətlərinə görə dəstəkləyirdilər.
“Bu illüziyaların əksəriyyəti nə bir-birinə uyğun gəlirdi, nə bir-biri ilə bağlı idi, amma işə yaradı. Çorvila reallıqdır, amma bir model kimi illüziyadır”, — Nodiya hesab edir.
2011-ci ildə David Zurabişvili və onun Respublika Partiyası İvanişvilidən onun koalisiyasına daxil olmaq dəvəti alan ilk partiyalardan biri oldu. Zurabişvili bu gün etiraf edir ki, İvanişvili onu “aldada” bildi.
“Vaxt keçdikcə, onu daha yaxşı tanıyandan sonra anladım ki, o, doğru sözlərə tamamilə fərqli məna verir. Misal üçün, o deyəndə ki, “cəmiyyət hakimiyyəti idarə etməlidir” bu cəmiyyət altında o, özünü nəzərdə tutur”, — Zurabişvili deyir.
“Gürcü arzusu”nun problemləri
Hakimiyyət başında olmasının yeddinci ilində İvanişvili üçün ən çətin dövr başladı. Əvvəlcə şəxsən onun seçdiyi prezidentliyə namizəd Salome Zurabişvili az qala seçkiləri uduzacaqdı. Qələbə üçün ikinci mərhələ və İvanişvilinin özünün presedentsiz dəstəyi lazım oldu.
Uzun illər boyu “xeyriyyəçiliyin gücünü” yaxşı anlayan və hər xeyriyyəçiliyindən siyasi divident alan İvanişvili bu dəfə qeyri-adi addım atdı – seçkiqabağı dövrdə ona məxsus olan “Kartu” fondu “qara siyahı”ya düşən ölkə vətəndaşlarının bank borclarını ödədi. ATƏT öz hesabatında bunu “seçicilərin alınması” adlandırdı.
Amma İvanişvilinin komandasında böhran davam edir. Onun sədri olduğu hakim partiyanı üzvləri bir-bir və ya kiçik qruplarla tərk edir. “Gürcü arzusu” artıq parlamentdə konstitusion çoxluğunu itirib.
Giya Nodiyanın fikrincə, İvanişvilinin siyasi həyatında bu cür böhranların sayı getdikcə artacaq, çünki onun özü də Gürcüstanı hansısa “Gürcüstan Ltd” şirkəti kimi idarə edə biləcəyini düşünərək, öz illüziyasının qurbanı oldu.
“O, Gürcüstan adlanan müəssisənin 51% səhmələrini əldə etdi. İrakli Qaribaşvilini (keçmiş baş nazir) menecer təyin etdi. O, gözündən düşəndən sonra menecer vəzifəsinə Kvirikaşvilini, sonra da menecer Baxtadzeni (indiki baş nazir) təyin etdi, əslində isə o, heç bir mərhələdə heç kimə etibar etmirdi. O əmindir ki, özü qərar qəbul etməkdə səhv etmir, sadəcə onun qərarlarını yerinə yetirməli olanlar yerinə yetirmir”.
***
Biz Çorviladan çıxanda artıq qaranlıq düşmüşdü. Bələdçimizə bizə xərclədiyi vaxt və benzinə görə qonorar təklif etdik.
“Heç olmasa bu xeyirxah əməldə Bidzina kimi olum”, — deyə o, cavab verdi və pulu götürmədi.