Oğurlanmış talelər
Hər il Gürcüstanda onlarla azyaşlı, əsasən də məktəbli qız qaçırılır. Qızı zorla tutub maşına otuzdurur, sonra da onu oğurlayan adama ərə getməyə məcbur edirlər. “Ailə qurmaq məqsədilə qaçırılma” bu gün Kvemo Kartli regionunda daha çox yayılıb. Adətən qaçırılmış qızı öz ailəsi də dəstəkləmir, onu evə qaytarmağı “rüsvayçılıq” hesab edir. Qaçıqılan qızların qohumları, qonşuları, icmalarındakı ağsaqqallar qız uşağının ərə getməsini ən yaxşı nəticə hesab edir, dövlət isə təcavüzçü ilə tam qanuni saziş bağlayır.
• Türkiyə: qadınların qətli və onlara qarşı zorakılıq artır
• Zorlanmadan sonra həyat. 22 yaşlı Salome Zandukelinin həyat hekayəsi
Zərifə
2017-ci il aprelin 28-də on ikinci sinif şagirdi Zərifə N. Marneuli rayonunun Takalo kəndində düz məktəb həyətindən ondan on yaş böyük olan kişi tərəfindən qaçırılıb. Doğmaları qızı iki gün ərzində axtarıblar, inandırmağa çalışıblar ki, Zərifənin ailə qurmaq fikri olmayıb və onu geri qaytarmağı tələb ediblər.
Zərifəyə gürcü dilini tədris edən müəlliməsi Maka Menteşaşvili də bunu bildirirdi.
“Zərifə fəal qızdı, təhsilini universitetdə davam etdirmək istəyirdi”, – müəllimə deyir. – “Biz məktəbdə erkən evlilik problemini müzakirə edirdik, buna görə də onun bu haqda fikrini bilirəm”.
Amma nəticədə hadisələr Gürcüstanda artıq xırda detallarına qədər təcrübədən keçirilmiş ssenari üzrə inkişaf elədi. Yenə də valideynlər qızı qaçıranla danışıb, razılığa gəldilər ki, onların azyaşlı qızı bu adamın arvadı olsun. Faktla bağlı cinayət işi qaldıran rayon prokurorluğu qısa müddətdə təqsirlən şəxslə danışıqlara razı oldu, bütün vəziyyəti diqqətə alıb, məhkəməyə “bəylə” prosessual saziş bağlamaq təklifi ilə müraciət etdi. Təqsirləndirilən büdcəyə böyük məbləğdə cərimə ödəyib, azadlığa buraxıldı. Zərifə isə ərli qadın oldu, baxmayaraq ki, heç kim onun razı olub-olmadığını soruşmamışdı.
Kənddə bu hadisəyə çox təbii baxırlar. Burada ailənin ilkin reaksiyası və sonradan valideynlərin vəziyyətlə razılaşması heç kimi təəccübləndirmir.
Bu kəndin və bütünlüklə Kvemo Kartli regionunun əhalisinin əsas hissəsi etnik azərbaycanlılardan ibarətdir.
Yerli sakinlər deyirlər ki, qızların evlilik məqsədilə qaçırılması milli ənənələrin bir hissəsidir. Görünür ki, məsələnin bu cür qoyuluşu Gürcüstan hakimiyyətinə də problemə göz yummağa imkan verir. Yerli və mərkəzi hakimiyyət yetkinlik yaşına çatmayan qızlara qarşı törədilən yüzlərlə cinayətə barmaqarası baxır, amma eyni zamanda digər qanunların keşiyində ayıq-sayıq dayanır. Kvemo Kartli regionunun ucqar dağlıq ərazi olmadığını (harada ki, qanunun aliliyini qorumağın çətin olduğunu coğrafi amillərlə izah etməyə cəhd göstərmək mümkün ola bilərdi) diqqətə çatdırmaq yerinə düşərdi. Bütün bu hadisələr Tbilisinin cəmi qırx beş kilometrliyində baş verib. Halbuki Gürcüstanın qalan regionlarının əksəriyyətində bu “ənənə” tamam aradan qaldırılıb.
Nahidə
Nahidə Abdullayevanın 30 yaşı var. Marneuli rayonunun Kutlyari kəndində yaşayır. Onu qonşusu qaçıranda cəmi 17 yaşı vardı.
“Həmin gün son zəngimiz idi, elə sevinirdim ki. Tbilisiyə oxumağa gedəcəyim, sonra da polisdə işləməyə başlayacağım haqda xəyallar qururdum. Atam həmişə harasa ailədən uzağa getməyimə qarşı idi, amma onu fikrindən döndərə bilmişdim. Həmin gün valideynlərim fermaya getmişdi, evdə balaca qardaşımla birlikdə qalmışdıq. Bu vaxt qonşu gəldi, su istədi. Çıxıb su gətirmək istəyəndə bir neçə oğlan məni tutub maşına basdılar”.
Bu gün Nahidə iki uşaq anasıdır, oğlanlarının 11 və 9 yaşı var .Əlbəttə ki, təhsilini davam etdirə bilməyib, ümumiyyətlə kənddən cəmi bir neçə dəfə harasa çıxa bilib.
“Əvvəlcə çox çətin idi, amma on üç il ərzində belə reallığa da alışa bilirsən. Səhərdən axşama qədər işləyirəm, hər yanım ağrıyır. Ailəmiz harasa gedəndə məni dustaq kimi evdə qoyurlar, darvazanı çöldən yekə qıfılla kilidləyirlər”.
Kvemo Kartlidən olan nadir qız erkən evliliyin əksər hallarda Nahidəninki kimi bir həyat olduğunu bilməz. Buna baxmayaraq, demək olar ki bütün qaçıqılma qurbanları evliliyə razılaşır.
Nahidə deyir ki, qaçırılmış qız “biabır olmuş” sayılır və artıq onunla heç kim evlənməz.
“Geri qaytarılan qızı qonşular həmişə barmaqla göstərəcək, deyəcəklər ki, artıq “korlanıb”. Adamlara maraqlı deyil ki, həqiqətən nəsə olub, ya yox [“bəylə” qaçırılmış qız arasında – redaksiya qeydi]. Heç kim evində belə bir qız istəməz, o da qala ki, həyat yoldaşı olsun. Buna görə də qızlar onları qaçıran adamın yanında qalır”.
Aygün
15 yaçlı Aygün Məmmədova (ad, soyad dəyişdirilib) artıq “həyat yoldaşı”dır, öz xoşbəxt ailə həyatı haqda həvəslə danışır. 2016-cı ilin sentyabrında Aygün qaçırılanda onun hələ 14 yaşı vardı. 15 yaşını o, artıq yeni ailəsi ilə qeyd edib. Aygün deyir ki, xoşbəxtdir, həyat yoldaşını sevir. Onun sözlərinə görə, qız həmişə hər ehtimala qarşı qaçırılmağa hazır olmalıdır və bunda pis heç nə yoxdur.
Erkən evlilikdə də heç bir problem görmür: “Bizdə belədir – əgər erkən yaşlarda ailə qurmasan, sonra səni heç kim almayacaq”.
Amma bu hekayədə bir məsələ var – Aygün öz gələcək həyat yoldaşını yaxşı tanıyırdı və yaşının az olmasına baxmayaraq, qaçırılma anına qədər onu artıq sevirdi də.
“Ərim məni ona görə qaçırdı ki, ailəsinin artıq toy xərclərindən canı qurtarsın”, – o izah edir. Aygün səkkizinci sinifdən sonra məktəbi tərk edib və təhsilini davam etdirmək niyyətində deyil – hesab edir ki, ailə və təhsil bir arada çox çətindir və onun əsas vəzifəsi yaxşı ana və yaxşı arvad olmaqdır.
Aygünün təhsil və ailənin bir araya sığmaması haqda fikrini yüzlərlə Gürcüstan məktəblisi bölüşür. Rəsmi statistikaya görə, ancaq 2015-ci ildə 576 şagird ailə qurması ilə bağlı olaraq təhsili buraxıb. Bir çox vətəndaş cəmiyyəti fəalları bu statistikanın dəqiq olmadığını düşünür və ehtimal edirlər ki, real göstərici rəsmi açıqlanandan qat-qat çoxdur.
Günay
Günay Bayramovanı 20 yaşı olanda qaçırıblar. Gələcək ərini o, ilk dəfə yaxından nişan günü görüb, buna qədər onu ancaq üzdən tanıyırmış. Günayı ərə vermək qərarı “elçilik” adalanan mərasimdə qəbul edilib – bu zaman potensial bəyin qohumları “qızınızı oğlumuza almaq istəyirik” təklifi ilə gəlinin evinə gəlirlər. Günayın valideynləri razılıqlarını bildiriblər, odur ki, qaçırılma səbəbi qızı istəmədiyi bir şeyə məcbur etmək niyyəti olmayıb, sadəcə bu yolla toy mərasiminin xərclərinə qənaət ediblər.
“Bizim oğlanlar qız qaçırmağı xoşlayırlar”, – Günay gülümsəyərək deyir.
“Qaçırılandan sonra evə qayıtmaq istədim, amma bizdə belə adət yoxdur. Qaçırılmış qadın hər şeyə dözməlidir, başqa çarə yoxdur. Mən də hər şeyə dözdüm, indi həyatımda hər şey yaxşıdır”.
Kamilə
“Dəyişikliklər baş verir, çox ləng olsa da”, – “Marneuli” icma radiosunun direktoru Kamilə Məmmədova deyir. O azərbaycanlı ailəsindən qaçırılan və beş gün zorla saxlanılan bir qızın hekayəsini danışır. Qızın valideynləri öz stereotiplərini qırmağı bacarıblar, qızdan imtina etməyiblər və onu qaçıran adama verməyiblər. On beş il əvvəl belə bir şeyi təsəvvür etmək belə mümkün deyildi.
Kamilənin özü də Marneulidə yaşayır, amma onun hekayəsi bu regionun əksər qadınlarının həyat hekayəsindən tam fərqlidir. Onun ailəsi yoxdur. Məktəbdən sonra o, Gürcüstanın media məktəblərindən birinə qəbul olub və hər gün Marneulidən ora leksiyalara gedib-gəlib. əksər rəfiqələrin onun biliyə bu qədər can atmasını anlamırdı. Kamilə deyir ki, erkən evliliklər onun yaralı yeridir
Qız qaçırmaq təcrübəsi yalnız Gürcüstanda aktual deyil, bu təcrübə Cənubi Qafqazda olduğu kimi Şimali Qafqazda da geniş yayılıb.
Ailə qurmaq məqsədilə qız qaçırmaq “ənənəsi” bir müddət əvvələ qədər Çeçenistanda, İnquşetiyada və Dağıstanda xüsusi olaraq yayılmışdı. 2013-cü ildə Ramzan Kadırov bildirdi ki, respublikada qız qaçırmaq təcrübəsinin kökü tamam kəsilib. Buna qədər 2008-ci ildə Çeçenistan müftisi bu ənənəyə qarşı çıxmışdı. Hərçənd belə bir fikir mövcuddur ki, Çeçenistanda bu ənənənin axırına çıxmayıblar, sadəcə daha yaxşı gizlətməyi öyrəniblər.
2017-ci ilin mayında İnquşetiya prezidenti Yunus-bek Yevkurov ailə qurmaq məqsədilə qız qaçırmağa görə cəza tətbiq edilməsinə qarşı çıxdı. Onun sözlərinə görə, bu əməl onsuz da RF Cinayət Məcəlləsinə əsasən cəzalandırılır və yeni dəyişikliklərə ehtiyac yoxdur.
Statistika
Gürcüstanın Xalq Müvəkkili Aparatının (Ombudsmen) statistikasına əsasən 2011-2014-cü illərdə 4599 nəfər qız şagird məktəbdən uzaqlaşıb. 2015-ci ildə yetkinlik yaşına çatmayanlarla 611 nikah qeydə alınıb, 2014-cü ildə isə bu rəqəm 665 olub.
Ombudsmenin 2016-cı il hesabatında bildirilir ki, 2015-ci ildə 17 yaşına qədər 408 şagird ailə qurmaları ilə bağlı məktəbi tərk edib. Daha 168 halda isə şagirdlər artıq yetkinlik yaşına çatandan sonra eyni səbəblə təhsildən uzaqlaşıb.
Bu rəqəmlər Gürcüstanın Təhsil Nazirliyinə aiddir. Nazirlik etiraf edir ki, göstəricilər dəqiq olmaya bilər, çünki yetkinlik yaşına çatmayanlarla nikahın ən çox yayıldığı Kvemo Kartli regionunun bələdiyyələrində bir çox məktəblər belə bir statistikanı ümumiyyətlə aparmır, buna lüzum görmürlər. Qadın hüquqları hərəkatının fəalı Nona Samxaradze uzun illərdir ki, Marneulidə işləyir. O, hesab edir ki, indi əvvəlkinə baxanda qızları daha az qaçırırlar, amma nikbinlik üçün hələ də əsas azdır.
“Elə mən özüm son bir neçə ayda baş vermiş üç hadisəni xatırlayıram. İki qız onları oğurlayanların yanında qaldı, birini isə valideynləri alıb evə qaytardılar. Mənə elə gəlir ki, bu, sadəcə polis qızı nisbətən tez tapdığı üçün baş verdi – qız gecəni onu qaçıran adamın yanında keçirməli olmayıb [belə halda qohumları bu qızı “rüsvay olmuş” saymaya bilərlər – redaksiya qeydi]”, – Nona deyir.
Qanun və dövlət
Qadının ailə qurmaq məqsədilə qaçırılması Gürcüstan qanunları ilə cinayət hesab edilir və iki ildən dörd ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 143-cü maddəsi “Qanunsuz azadlığın məhdudlaşdırılması”). Yetkinlik yaşına çatmayan qızın qaçırılması isə səkkiz ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 2014-cü ildən Gürcüstanın Cinayət Məcəlləsinə 150-ci maddə əlavə edilib – nikaha məcbur etmə, ictimai işlər və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Yetkinlik yaşına çatmayan qız qarşı tətbiq edildikdə cəzası iki ildən dörd ilə qədər yüksəlir. Amma ombudsmenin hesabatına əsasən 2016-cı və daha əvvəlki 29015-ci il ərzində Gürcüstanda heç kim bu maddə ilə məsuliyyətə cəlb edilməyib.
İsveçin SIDA İnkişaf Agentliyinin 2016-cı ildə apardığı araşdırmaya əsasən Kvemo Kartli məhkəmələrində qızların qaçırılması faktları ilə bağlı 39 işə baxılıb. Və 39 halın hamısında qızı qaçıran şəxslə prosessual saziş bağlanıb – onların hamısı cərimə ödəyib, şərti cəza alıb və azadlığa buraxılıb.
Gürcüstan DİN Analitik Departamentinin məlumatına görə, 2017-ci ilin yanvar-may aylarında 14 qanunsuz azadlıqdan məhrum etmə faktı üzrə araşdırma başladılıb. Bunlardan altısı Marneulidə baş verib. Eyni zamanda həmin müddət ərzində Marneulidə nikaha məcbur etmə halı üzrə iki araşdırma başladılıb.
Qanun qaçırılanların hüquqlarını qoruyur, dövlət isə yox, – Konstitusiya Araşdırmaları Mərkəzinin hüquqşünası Georgi Mumladze belə hesab edir. “Əgər qaçırılmış qız və onun qohumları ailə qurmağa razılaşırsa, dövlət cəzanı yüngülləşdirmək haqqını özündə saxlayır, bu, dövlətə sərf edir”, – Mumladze deyir.
Niyə dövlət adam oğrusu ilə saziş bağlayır?
“Bunun bi neçə səbəbi var”, – Nona Samxaradze hesab edir. – “Birincisi, hüquq-mühafizə əməkdaşları arasında qız qaçırmağın cinayət deyil, ənənə olduğunu hesab edənlər az deyil”.
“Elə hallar olub ki, qızı qaçırmamışdan əvvəl adam polisdə işləyən dostlarından məsuliyyətdən necə can qurtaracağına dair məsləhət alıb”, – hüquq müdafiəçisi deyi.
Başqa bir arqument – hakimiyyət azərbaycanlıların kompakt yaşadığı regionda konflikt yaratmaq istəmir, buna görə də bu cinayətkar “ənənəyə” göz yumur ki, yerli əhalini qıcıqlandırmasın.
Nona Samxaradze hesab edir ki, siyasətçilərə Marneuli sakinlərinin səsi lazımdır, bu səbəbdən də onlar “yerli xüsusiyyətlərlə” barışmağa hazırdırlar. “Mən artıq 20 ildir eşidirəm ki, Kvemo Kartli “sensitiv regiondur” və dövlət yerli ənənələrə qarşı çıxa bilməz… Qızlar isə bu yanaşmanın qurbanı olur”, – Nona Samxaradze deyir.
Onun sözlərinə görə, bu prosesdə hakimiyyət və hüquq-mühafizə orqanları üçün avtoritet olan icma liderləri və ağsaqqallar da böyük rol oynayır.
“Ağsaqqallar əksərən adam oğrusunun tərəfini tutur və valideynləri inandırırlar ki, qız polisə şikayət etməsin”, – hüquq müdafiəçisi deyir.
“Qadın baxışı” QHT-in nümayəndəsi Qvansa Xonelidze də qızlara qarşı işləyən bütöv bir mexanizm haqda danışır.
“Qızın rüsvay olduğunu düşünərək onu evə geri qəbul etməyən ailəsi dəstəkləmir. Dövlət də, cəmiyyət də ondan üz çevirir. Onun taleyi ilə barışmaqdan savayı başqa çıxış yolu qalmır”, – Xonelidze deyir.
Erkən evlilikdən məktəb xilas edir?
Maka Menteşaşvili üç ildir ki, Marneulinin Azərbaycan dilli məktəbində gürcü dili müəllimi işləyir. O, bu məktəbə gəlib ki, azərbaycanlı məktəblilərə gürcü dilini öyrətməyə gəlmişdi, amma qısa müddətdə anladı ki, sadəcə dövlət dilini bilmək layiqli təhsil almaq və uğur qazanmaq üçün yetərli deyil. O zaman Maka öz təşəbbüsü ilə kənddə “Vətəndaş klubu” açdı, indi burada məktəblilər insan haqlarını müzakirə edir, gender bərabərliyinin nə olduğunu öyrənirlər. Gürcüstanın məktəb proqramında bu məsələlərin müzakirə olunduğu fənn hələ də yoxdur və patriarxal kanonlarla yaşayan təcrid olunmuş icmalarda bu, xüsusən kəskin hiss olunur, – Maka hesab edir.
Təhsilin İdarə Olunmasının Məlumat Sisteminin göstəricilərinə müvafiq olaraq, 2015-2016-cı illərə Kvemo Kartli məktəblilərinin 3,8 faizi məktəbi tərk edib. Regionun Azərbaycabn dilli məktəblərində təhsildən uzaqlaşanların əksəriyyəti qızlardır, gürcü dilli məhtəblərdə isə oğlanlar. Azərbaycan dilli məktəblərdə orta hesabla qızların 10 faizi təhsili tam başa vurmur, gürcü dilli məktəblərdə isə bu rqəm xeyli azdır – 1,9 faiz.
“Mən inkişaf görürəm – bizdə Takaloda ildən ilə məktəbi bitirən uşaqların sayı artır”. – Maka Menteşeşvili deyir.
Marneuli bələdiyyəsində 75 ictimai məktəb var ki, bu məktəblərdə də son tədris ilində 18500 şagird təhsil alıb.
Biz Marneuli gənclərindən erkən evliliklər və qız qaçırılması haqda nə düşündüklərini soruşduq. Çoxları bildirdi ki, qız qaçırmağın ənənələrə heç bir aidiyyatı yoxdur və bütün bunların təhsillə birbaşa əlaqəsi var.