Nutsa – mən ona oxşayıram
Mən diribaş uşaq idim. Nəyisə düz eləməyəndə, ailə üzvlərim deyirdilər ki, özümü Nutsa kimi aparıram. Onlar deyirdilər ki, mən ona oxşayıram, amma onlar bunu kompliment kimi demirdilər.
Nutsa nənəmin bacısı idi. O, babamın evində yaşayırdı, çünki öz evi yox idi.
Hər dəfə o, evdə olmayanda ailə üzvlərim Datiko adında birini tərifləyirdilər. Onlar anlamırdılar ki, Nutsa niyə ondan boşanıb. Mən də anlamırdım. Bildiyim ancaq o idi ki, Datiko dünyanın ən yaxşı adamıdır və boşanmada ancaq Nutsa günahkardır.
Nutsanı bir sözlə tərif etmək lazım gəlsəydi, bu söz “qürur” olardı. Hündür, arıq, qara saçlı və aydın qonur gözlü. Onun 80 yaşı vardı, üzü tamam qırışmışdı. Amma bu qırışlar onun gözəlliyini və məğrurluğunu gizlədə bilməmişdi.
Çox danışmağı sevmirdi. 15 yaşım olanda, onunla tək qaldım və boşanma haqda soruşdum. Mənə elə gəlir ki, bu hekayədən sonra böyüdüm.
O, Gürcüstan kəndlərindən birində doğulub. Valideynlərinin yeddi övladı olub. 14 yaşı tamam olanda valideynləri onu ərə vermək qərarına gəlib. “Adaxlısının” 30 yaşı vardı, özündən 16 yaş böyükdü.
O, hələ nikahın nə olduğunu bilmirdi. Anası başa salıb ki, evdən uzağa, Datiko ilə Batumiyə getməlidi. O, azad ruhlu insandı, amma ailə üzvlərini bu, çox da maraqlandırmırdı.
Həmin gün həyatının ən ağır günü oldu. O, Datiko ilə getməmək üçün masanın altında gizlənib. İki saat ərzində hamı onu axtarıb.
“Mən qorxmurdum. Mən sadəcə öz ailəmlə yaşamaq istəyirdim. Mən evdən çıxıb, tanımadığım birinin arxasınca getməyə hazır deyildim”, – o mənə dedi.
Bütün həyatı boyu o, heç vaxt öz keçmiş ərini adı ilə çağırmadı. Onun üçün bu adam həmişəlik “tanımadığı adam” olaraq qaldı.
Nəticədə o ərə gedib. Batumiyə köçüb. Kəndindən və ailəsindən uzağa. Əri varlı adamdı. Çox güman ki, valideynlərinin məhz onu seçmələrinin səbəbi də elə bu idi.
“O, həqiqətən məni sevirdi. O, mənim üçün hər şey alırdı, hər gün güllərlə və onun məktubları ilə başlayırdı. Heç vaxt bu məktubları oxumurdum. Mən sadəcə öz evimi istəyirdim”, – o dedi.
Onlar 10 il evli olublar. Bu müddət ərzində o, hamilə qalmamağı diləyib.
“Mən bilirdim ki, bir gün tanımadığım bu adamı tərk etmək niyyətindəyəm və bilirdim ki, bu uşaq hər şeyi korlayacaq”, – o dedi.
Əri onu həkimlərə aparırdı, hamısı da deyirdi ki, onun heç bir problemi yoxdu və uşaq doğa bilər. Amma onların uşaqları olmadı.
ərdə olduğu 10 il müddətində o, çox şey öyrənib. 24 yaşında işləməyə başlayıb. Və nəhayət, ərini tərk edib.
“Ərim işdə idi. Bir vaxtlar özümlə gətirdiyim paltarımı geyindim, kiçik çantamı götürdüm və evdən getdim. Onun aldığı şeylərdən heç nə göjtürmədim. Onun mənə bağışladığı heç nəyi istəmirdim”.
Onun arzusu uşaqlığına qayıtmaq idi. Amma bu artıq mümkün deyildi.
Valideynləri bu boşanmanı qəbul etmədi və kənddə bu haqda kimsəyə deməməyi tapşırıblar. Sonra onlar yalandan hamıya Nutsanın xaricdə olduğunu deyirmişlər. Odur ki, o, atasının dəfninə qədər doğmaları ilə bir daha görüşməyib.
Datiko on beş ildən çox onun geriyə qayıtması üçün yalvarıb, amma o, razılaşmayıb.
O, Batumidə tək yaşayıb. Sonra Tbilisidə. Bir daha ailə qurmayıb.
Onun psixoloji travması vardı. Amma mən ona baxanda onun necə qürurlu olduğunu görürdüm. O, həmişə atdığı addımdan qürur duymuşdu. Hələ o vaxt ürəyinin dərinliyində qoruduğu həmin 14 yaşlı qızcığaza söz verdiyi kimi o adamın evindən getdiyi üçün qürurluydu.
Bu hekayəni dinləyəndə çox sarsılmışdım. Ona ürəyim yanırdı. Sonra mən bunu boşanmaqla onun axmaqlıq elədiyini düşünən ailə üzvlərimə danışdım. Onlar anlamadılar və yenə də düşünürdülər ki, Nutsa axmaqdı.
Mənə hekayəsini danışandan dörd il sonra o, xəstələnib öldü. Ölümündən əvvəl hələ də valideynlərinin yanında olmaq istədiyini deyirmişdi. Buna görə də onu valideynlərinin yanında basdırdıq. Hiss elədim ki, onun arzusu nəhayət çin oldu.