“Normal həyat” əvvəlki kimi olmayacaq – Azərbaycanda karantin qaydaları yumşalacaq
TƏBİB təmsilçisindən xoş xəbər – açıq havada maska ləğv edilə, ictimai nəqliyyatın hərəkəti tam bərpa oluna, mərasimlərə icazə verilə bilər
Azərbaycanda yaxın günlərdə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərdə ciddi yumşalmalar elan edilə bilər. Bu haqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBIB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
- Dünyada hər milyon nəfərə yoluxma sayına görə, Gürcüstan 22-ci, Ermənistan 33-cü, Azərbaycan 84-cüdür
- 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları vaksinasiya oluna biləcək
- Bakıda səs-küylü həbslər: koronavirus xəstəxanasına yerləşdirilmək neçəyədir?
AzTV dövlət telekanalına müsahibəsində Yaqut Qarayeva qeyd edib ki, hazırda insanları narahat edən bir çox məsələlər müzakirə olunur və növbəti brifinqdə yeni qərarların açıqlanması mümkündür.
TƏBİB nümayəndəsinin sözlərinə görə, yumşalmalar açıq havada maska taxmaq məcburiyyəti, toy, yas və digər kütləvi mərasimlərə qoyulan qadağa, ictimai nəqliyyatla bağlı məhdudiyyətlər və digər ictimaiyyət üçün önəmli olan məsələləri əhatə edə bilər.
İyunun 1-dən karantin müddəti uzadılacaqmı?
Azərbaycanda 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə bağlı karantin elan olunub. Sonuncu dəfə karantin 2021-ci il iyunun 1-nə qədər uzadılıb. 10 gündən sonra bu müddət bitincə yeni yumşalmalar tətbiq edilməklə karantin rejiminin növbəti dəfə uzadılacağı ehtimal olunur. Amma hələlik bununla bağlı rəsmi açıqlama səslənməyib.
Karantin rejimi ilə bağlı tətbiq edilən bir çox sərt məhdudiyyətlər tədricən aradan qaldırılıb. Ən son mayın 17-dən Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda orta məktəblərdə əyani tədris bərpa olunub.
“Qadağalar ləğv edilir. Eşq olsun!”
Lakin bir ildən çoxdur ki, qüvvədə qalan qadağa və məhdudiyyətlər də var. Yayın gəlişi ilə ictimaiyyət arasında ən çox müzakirə olunan qadağalardan biri açıq havada maska taxmağın məcburi olmasıdır. Çoxları isti havada onsuz da nəfəs almaq çətin olduğu halda, bir də maska taxmağın mümkünsüz olduğundan şikayətlənir. Bununla bağlı hətta sosial şəbəkələrdə #nəfəsalaq heşteqli kampaniya da başladılmışdı.
İctimai nəqliyyatın hərəkəti ilə bağlı məhdudiyyətlər də qalmaqdadır. 2020-ci ilin oktyabr ayından Bakıda əsas ictimai nəqliyyat vasitəsi olan metro işləmir. Avtobuslar isə istirahət və bayram günlərində əhaliyə xidmət göstərmir.
2020-ci ilin martından etibarən ölkədə toy və yas mərasimləri də daxil olmaqla bütün kütləvi tədbirlər qadağan edilib. Ənənələrə bağlı olan Azərbaycan cəmiyyəti üçün ən çətin məhdudiyyətlərdən biri də budur. Zaman-zaman mətbuatda gizli toy mərasimi keçirmək cəhdlərinin qarşısının alınması və buna cəhd edən vətəndaşların cərimə olunması haqda məlumatlar yayılır.
- Azərbaycanda ictimai nəqliyyat problemi: metro nə vaxt açılacaq?
- Toylar qadağandır: Azərbaycanda bu nə deməkdir
- Karantin kazusları: Azərbaycanda yeni doğulan körpələrin sayı kəskin azalıb
Buna görə də, Yaqut Qarayevanın verdiyi anons vətəndaşlar tərəfindən sevinclə qarşılanıb. Bu sevincini sosial şəbəkələrdə paylaşanlar da çox olub.
“Şükür, küçədə rahat nəfəs alacağıq. İctimai nəqliyyat da işləyəcək, taksiyə verəcək pul tapmıram deyə şənbə-bazar evdə oturmaqdan bezmişəm lap. Hələ deyəsən, evlənə də biləcəyəm, nəhayət. Qadağalar ləğv edilir. Eşq olsun!”, – “Facebook” istifadəçilərindən biri yazıb.
“Normal həyat” əvvəlki kimi olmayaq
TƏBİB təmsilçisi onu da qeyd edib ki, yumşalmalar haqda qərar statistikadan – yoluxanların sayının azalması və vaksinasiyadan keçən vətəndaşların sayının artmasından asılı olacaq. Yalnız bu halda normal həyata qayıtmağın mümkün olacağını deyən Qarayeva indən belə “normal həyat” anlayışının da əvvəlkindən fərqli olacağını vurğulayıb.
“Hər kəs bir şeyi başa düşməlidir ki, vaksinasiya çox önəmlidir… Hər kəsə müraciət edirəm, vaksindən qorxmayın. Düşünün, müqayisə edin, xəstəlik ömürlük hansı fəsadları qoyacaq, ağciyərləri nə qədər zədələyəcək. Bir də vaksinin bir dəfə, iki dəfə vurulması sizə hansı problemi gətirə bilər? Hamı vaksinasiyaya cəlb olunsun, bu dərddən tezliklə qurtulaq”, – deyə, Y.Qarayeva vətəndaşlara müraciət edib.
Statistika
Son vaxtlar gündəlik yoluxma sayı azalmaqdadır. Hazırda gündəlik sağalanların sayı yoluxanların sayını təxminən iki dəfə üstələyir. Pandemiya başlayandan indiyədək Azərbaycanda ümumilikdə 331 477 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, onlardan 318 502 nəfər sağalıb, 4 828 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210 təşkil edir.