Niyə Gürcüstanda hələ də ABŞ səfiri yoxdur? Təhlükəli siyasi alver haqda
Bir ilə yaxındır ki, Gürcüstanda ABŞ səfiri yoxdur. 2018-ci ilin aprelindən səfir Yan Kellinin səlahiyyət müdddəti bitəndən sonra sadacə diplomatik missiya rəhbərləri təyin edilir.
Yarım il müddətində səfirin səlahiyyətlərini Elizabet Rudi həyata keçirib. 2018-ci ilin noyabrında onu peşəkar diplomat Ros Uilson əvəz edib, sonuncu da altı aylıq missiyasını yayda sona çatdıracaq.
Vəziyyət çoxdan qəbul olunmuş proses çərçivəsindən çıxıb, Gürcüstan üçün ABŞ-la münasibətlərin xüsusi önəmini nəzərə alaraq, Tbilisi və Vaşinqtondakı ekspertlər səbəb və nəticələri qızğın müzakiə edirlər.
Nə baş verir?
“ABŞ səfirliyinə namizədi hakim partiyanın lideri İvanişvili rədd edib
2018-ci ilin dekabrında Amerikanın nüfuzlu Foreign Policy nəşri məlumat vermişdi ki, Vaşinqton səfirin namizədliyini irəli sürüb, amma Gürcüstanı qeyri-formal idarə edən “Gürcü arzusu” iqtidar partiyasının lideri, keçmiş baş nazir Bidzina İvanişvili şəxsən onu rədd edib. Səbəb namizədliyi irəli sürülən Brinkin hazırkı Gürcüstan hakimiyyətinin az qala özünə əsas düşmən hesab etdiyi keçmiş prezident Saakaşviliyə çox yaxşı münasibət bəsləməsidir – Foreign Policy anonim mənbələrə istinadən yazır.
Məqalədə deyilir ki, müəlliflər anonim informasiya mənbələri ilə Tbilisi və Vaşinqtonda görüşüblər.
•Niyə Tramp Gürcüstana tank əleyhinə raket verib və Rusiyanın bura nə dəxli var?
•Mixail Saakaşvili haqda gürcülərdən soruşmaq istədiyiniz altı şey
•Trampın Şərqi Avropa və Gürcüstana ünvanladığı “sadə ismarıc”. Söhbət nədən gedir?
Bricit Brinkin günahı nədir?
Bricit Brink təcrübəli amerikalı diplomatdır. Gürcüstanla və Qafqazla 2005-ci ildən tanışdır.
2011-2014-cü illərdə Brink Gürcüstanda ABŞ səfiri Riçard Norlandın müavini olub. Bundan əvvəl isə 2005-2008-ci illərdə Tbilisidə ABŞ səfirliyində Gürcüstan siyasəti və iqtisadiyyatı ilə bağlı məsələlərə nəzarət edib.
2009-2010-cu illərdə Brink Amerika prezidenti Barak Obamanın administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə çalışıb, orada ona Cənubi Qafqaz istiqaməti tapşırılıb.
2015-ci ildən 2018-ci ilin avqustuna qədər Avropa və Avrasiya məsələləri üzrə büroda dövlət katibinin köməkçisi Ues Mitçellin müavini olub, Qafqazda və regiondakı münaqişələrlə bağlı məsələlərə nəzarət edib.
Foreign Policy nəşrinin məqaləsində həm Gürcüstanın, həm də ABŞ-ın rəsmi şəxsləri Bricit Brinki heç vaxt keçmiş Gürcüstan prezidentinə və onun Milli Hərəkat Partiyasına qarşı xüsusi rəğbət sərgiləməyən bir peşəkar kimi xarakterizə ediblər.
ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kramer “Amerikanın Səsi” ilə söhbətində bildirib ki, Bricit Brink əsl peşəkar diplomatdır və ondan yaxşı səfir ola bilərdi.
“Baş verən olay təəssüf doğurur, Gürcüstan özü özünə ziyan vurur”, – Kramer deyib.
ABŞ-ın Gürcüstandakı səfirliyindən nə deyirlər?
JAMnews səfirin niyə hələ də təyin edilmədiyini, bunun mütləq baş tutacağı hansısa konkret müddətin olub-olmadığını və bu durumun iki ölkə arasındakı münasibətlərə necə təsir edə biləcəyini aydınlaşdırmaq üçün ABŞ səfirliyi ilə əlaqə saxlayıb.
Biz belə cavab aldıq:
“Daha əvvəl Gürcüstan üzrə səfir səlahiyyətlərini yerinə yetirən Uilsonun da qeyd etdiyi kimi Vaşinqtonda hökumət Gürcüstanda səfir vəzifəsinə uyğun namizədin tapılması istiqamətində iş aparır. ABŞ Gürcüstanda dipmissiya, nümayəndələri məsələlərinə xüsusi önəm verir, buna görə də səfir vəkili Uilsondan rica edilib ki, müşavir vəzifəsini tutsun. Bizdə səfirin təyinatı və ya səfirin vəkili Uilsonun nə zaman gedəcəyi ilə bağlı əlavə məlumat yoxdur”.
Rəsmi Tbilisi nə deyir?
Gürcüstan hökumətində Bricit Brinkin ABŞ-ın Tbilisidəki səfiri vəzifəsinə namizədliyinin Bidzina İvanişvili və “Gürcü arzusu” iqtidar partiyası tərəfindən rədd edildiyi haqda informasiyanı yalanlayırlar.
Xarici işlər naziri David Zalkaliani bəyan edib ki, rəsmi Tbilisi Gürcüstanda başqa ölkələrin səfir təyinatı prosedinə müdaxilə etmir və “Bricit Brinkin ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə təyin edilməsinin Gürcüstan tərəfindən əngəlləndiyini iddia etmək qeyri-ciddidir”.
“Gürcüstan hökumətinin səriştəsizliyinin nəticəsidir”, – ekspertlər hesab edir
Gürcüstanın Atlantik Şurasının vitse-prezidenti, Gürcüstanın ABŞ-dakı keçmiş səfiri Batu Kuteliya hesab edir ki, Gürcüstan hazırda çox narahat durumdadır ki, bu da hökumətin səriştəsizliyinin nəticəsidir.
“Gürcüstan açıq şəkildə ABŞ-a səfirin namizədliyi ilə bağlı öz preferensiyasını nümayiş etdirdi və bu da uğursuz diplomatik addımdır, öz əməli ilə hökumət özünə reputasiya ziyanı vurdu”, – Kuteliya deyir.
Onun sözlərinə görə, bir qayda olaraq, səfir səlahiyyətlərini yerinə yetirən şəxs altı ay, ən uzağı bir il müddətinə təyin edilir. Bundan sonra səfir təyin edilməlidir.
“Əgər proses bir az da uzansa və ya əgər səfir yenə də təyin edilməsə, bu, iki ölkə arasında diplomatik münasibətlərin pozulması demək olacaq. Bu, ölkəmizə, ABŞ-la müttəfiqliyimizə ziyan vura və bir çox prosesləri tərs istiqamətə çevirə bilər”, – Kuteliya deyir.