Mayk Pens: “Prezident Tramp məni Şərqi Avropaya adi mesajla göndərib”. Bu nə mesajıdır? " />

ABŞ vitse-prezidentinin Gürcüstana səfəri. Ən vacib olanlar

Mayk Pens: “Prezident Tramp məni Şərqi Avropaya adi mesajla göndərib”. Bu nə mesajıdır?

 

Tbilisidə bu səfərə xüsusi olaraq hazırlaşırdılar. Gürcüstan və ABŞ rəngləri ilə Avropa meydanı, Metexi meydanı və televiziya qülləsi bəzədilmişdi, Amerika bayraqları mərkəzi prospektlərdə asılmışdı.  

Birləşmiş Ştatların iki saylı təyyarəsi Tbilisi hava limanında 19:00-da yerə endi. Vitse-prezident Tramp administrasiyasının Gürcüstana rəsmi səfərlə gələn birinci yüksək vəzifəli nümayəndəsi oldu. Mayk Pensi xanımı Karenlə birlikdə hava limanında baş nazir Georgi Kvirikaşvili, ABŞ-ın Gürcüstandakı səfiri İan Kelli, jurnalistlər və sıravi Tbilisi sakinləri qarşılayırdı, onlar 37 dərəcə istidə xüsusi hasarın arxasında durub, əllərində ABŞ və Gürcüstan bayraqlarını dalğalandırırdılar.  

Gürcüstanın televiziya şirkətləri fövqəladə rejimdə işləyir və canlı efirdə səfərin bütün detalları barədə məlumat verirdilər – tamaşaçılar vitse-prezidentin təyyarəsinin necə yerə endiyini, onun xanımı ilə birlikdə qırmızı xalça ilə necə keçdiyini, orkestrin isə iki ölkənin himnlərini ifa etdiyini gördülər.  

Yüksək vəzifəli qonağın səfəri ilə bağlı yaranan bütün bu eyforiya müəyyən mənada prezident Buşun 12 il əvvəlki səfərinə bənzəyirdi.

Tbilisidə bu səfərə xüsusi olaraq hazırlaşırdılar. Gürcüstan və ABŞ rəngləri ilə Avropa meydanı, Metexi meydanı və televiziya qülləsi bəzədilmişdi, Amerika bayraqları mərkəzi prospektlərdə asılmışdı.   

Hava limanından Maykl Pens funikulyora yollandı, burada bayram qonaqlığı zamanı amerikalı qonaqlar gürcü xalq mahnılarını dinlədilər, Gürcüstanın baş naziri və ABŞ vitse-prezidenti isə iki ölkənin dostluğuna sağlıq dedilər.

Birgə mətbuat konfransı zamanı nələr deyildi

Gürcüstanın baş naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransı zamanı Maykl Pens bir daha ABŞ-ın Gürcüstanın yanında olduğunu qeyd etdi. ABŞ vitse-prezidenti bildirdi ki, Vaşinqton ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə hazırdır.

Pens bir neçə dəfə təkrar etdi ki, prezident Tramp yaxın zamanlarda senat tərəfindən təsdiq edilən, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə aktı imzalayacaq.

“Əvvəlcə sizin Ağ Evə səfəriniz, indi də mənim bu tarixi ölkəyə səfərim bizim üçün böyük şərəfdir. Donald Trampın mesajı ondan ibarətdir ki, biz sizi dəstəkləyirik və sizin, gürcü xalqının yanındayıq”, – deyə Pens bildirdi və Gürcüstanın tarix və ənənələrinə xüsusi diqqət ayırdı.

Pens qeyd etdi ki, ABŞ Gürcüstanın 20 faiz ərazisinin işğalı faktını və Rusiya ordusunun Tbilisinin 40 kilometrliyində yerləşməsini pisləyir.

“Gürcüstan xalqların həbsxanası olan SSRİ tərkibində olub, sonra da bu sərt rejim dağıldı. Gürcüstan Qərb və Avropa ölkələrinə dəstək üçün əlini uzatdı və biz Gürcüstanla daha da yaxınlaşmağa, onun istəklərini daha dərindən anlamağa və münasibətlərimizi daha da möhkəmləndirməyə hazırıq”, – deyə vitse-prezident qeyd edib.

“Sizin köməyinizin sayəsində Gürcüstan bu gün artıq nə sovet, nə də post-sovet ölkəsidir”, – Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ABŞ-ın vitse-prezidentinə bu sözlərlə müraciət edib.

Baş nazirin sözlərinə görə, Penslə söhbətin əsas mövzusu “Rusiya işğalı nəticəsində” Gürcüstanın qarşısında duran çağırışlar oldu.

“ABŞ Cenevrə danışıqları formatında böyük rol oynayır və çox vacibdir ki, yüksək səviyyədə qoşulmanın köməyiylə Gürcüstan ərazisinin işğalının dayandırılması və təhlükəsizliyin təmin edilməsi, eyni zamanda münaqişənin siyasi nizamlanması istiqamətində konkret həll yolları tapılsın”, – deyə Kvirikaşvili qeyd edib.  

Baş nazirin sözlərinə görə, söhbət zamanı həm də strateji tərəfdaşlığın daha da dərinləşməsi mövzusuna toxunulub. İlk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə.   

Onun sözlərinə görə, ABŞ tərəfindən dəstək Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu ilə həlli prosesində çox vacibdir. Kvirikaşvili ABŞ administrasiyası və konqresi tərəfindən Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı çıxarılan qərarları presedentsiz adlandırdı.

Trampın Gürcüstana əsas mesajı

Mayk Pens Gürcüstana Estoniyadan gəldi. Bu, onun Şərqi Avropa ölkələrinə ilk turnesidir, bu turne çərçivəsində o, həm də Monteneqroya baş çəkəcək. Pensin sözlərinə görə, o, bu ölkələrə prezidentin mesajını gətirib. Bu ölkələr arasında ancaq Gürcüstan NATO ölkəsi deyil ki, bu da Gürcüstan analitiklərinin fikrincə, Alyansla yaxınlaşmağa can atan Gürcüstan üçün əlavə pozitiv siqnaldır.  

Pensin sözlərinə görə, onun demək istədiyi əsas məsələ odur ki, ABŞ bu ölkələri vacib tərəfdaş sayır və Rusiya tərəfindən aqressiya ilə barışmağa hazırlaşmır.

“Prezident Tramp məni Şərqi Avropaya adi bir mesajla göndərib: America First şüarı o demək deyil ki, Amerika təkdir. Həm Baltiya ölkələri, həm də Gürcüstan və Monteneqroya – bizim Şərqi Avropadakı tərəfdaşlarımıza eyni mesajımız var: biz sizinləyik, azadlıq naminə sizin yanınızdayıq”, – Pens Amerikanın FOX NEWS telekanalına deyib.

ABŞ vitse-prezidentinin Gürcüstana səfəri barədə danışarkən, analitiklər bir neçə vacib amilə diqqət çəkir. Birincisi, bu, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə ABŞ senatı tərəfindən təsdiq edilmiş qanunverici aktdır.  

Bu, Pensin sözlərinə görə, tezliklə prezident Tramp tərəfindən imzalanacaq sənəd Rusiya, İran və Şimali Koreyaya qarşı iqtisadi sanksiyalar rejiminin sərtləşdirilməsini nəzərdə tutur. Artıq Kremlin qəzəbinə səbəb olan bu sənəddə (Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyasının 755 nəfər azaldılması barədə qərar verib və bildirib ki, ABŞ-la qarşılıqlı münasibətlərin tezliklə yaxşılaşacağına inanmır) Gürcüstanın da adı çəkilir – orada qeyd olunur ki, Rusiyanın təcavüzü Gürcüstan, Ukrayna və Moldovanın suverenliyinə ciddi təhdid yaradır.

Bundan öncə Tramp administrasiyası Gürcüstanla bağlı olan daha bir vacib sənəd imzalayıb – konqres tərəfindən qəbul edilən və Trampın imzaladığı büdcə haqqında qanun. Qanuna əsasən, ABŞ Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan ölkələrlə əməkdaşlıq etməyəcək.

Ekspertlərin diqqətini çəkən daha bir məsələ – Gürcüstanda bu günlərdə keçirilən “Layiqli tərəfdaş” genişmiqyaslı Gürcüstan-Amerika hərbi təlimləri. Regional miqyaslı manevrlərdə 8 ölkə iştirak edir.

Tbilisiyə gəlməmişdən öncə Pens Tallində hər üç Baltiya dövlətinin başçıları ilə görüşərək, Tbilisidə ondan gözlənilən bəyanatı verib. Pens “addımlarını əvvəlcədən müəyyən etməyin mümkün olmadığı qonşu” barədə danışaraq, qeyd edib ki, Rusiya güc hesabına sərhədləri dəyişməyə, suveren ölkələrdə demokratiyaya problemlər yaratmağa və Avropa xalqlarını bir-birinə qarşı qoymağa çalışır.   

“ABŞ Donald Trampın başçılığı altında istənilən güc, təhdid, hədə-qorxunun istifadəsini, Baltiya ölkələri və müqavilə üzrə digər müttəfiqlərə (Şimali Atlantika) qarşı məhvedici təsirin istifadəsini yolverilməz sayır”, – Pens Tallində deyib.

Gürcüstanın XİN-də bildirirlər ki, bu dəqiq bəyanatlar və mesajlar Tramp administrasiyası tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə presedentsiz dəstəyin olmasından danışmağa əsas verir.

İyulun 31-də keçirilən brifinq zamanı xarici işlər naziri Mixail Canelidze bildirib ki, vitse-prezident tərəfindən səsləndirilən mesajlar ABŞ-ın Gürcüstanı etibarlı müttəfiq və strateji tərəfdaş kimi qəbul etdiyindən xəbər verir”.

Müxalifətlə görüş: America first и Georgia next

İkigünlük rəsmi səfərinin işgüzar hissəsinə Mayk Pens avqustun 1-də dörd müxalif partiyanın liderləri ilə görüşdən başladı.

Görüşdə yeni “Quruculuq hərəkatı”nı təmsil edən David Usupaşvili, David Bakradze (“Avropa Gürcüstanı”) , Nika Melia (“Milli hərəkat”) və Şalva Şavqulidze (“Azad demokratlar”) iştirak edib.

Bağlı qapılar arxasında keçirilən görüşdən sonra müxalifət nümayəndələri jurnalistlərə məlumat veriblər ki, söhbət zamanı həm Gürcüstanda daxili demokratik proseslərə, həm də ölkənin Avroatlantika məkanına inteqrasiyası məsələsinə toxunulub.

Konkret olaraq müxalifət Pensin diqqətini konstitusiya və seçki islahatlarına, söz azadlığına, müxalif “Rustavi-2” teleşirkətinin işinə, qeyri-rəsmi idarəçilik və hakimiyyətin əlində həddindən ziyadə səlahiyyətlərin olmasına çəkib.  

“Vitse-prezidentə düsturu razılaşdırmağı təklif etdim: əgər onlar üçün Amerika First-dursa (birinci), Gürcüstan Next (növbəti) olsun. Bu sıx əməkdaşlığın davam etdirilməsi deməkdir. Ölkənin iqtisadi cəhətdən güclənməsinə diqqət çəkdim, çünki onsuz ABŞ-ın özünün bizə yaraşdırdığı həmin o rolu oynaya bilməyəcəyik”, – David Usupaşvili bildirib.  

Gürcüstana səfərindən əvvəl Pens 24 nüfuzlu qeyri-hökumət təşkilatı tərəfindən imzalanan məktub alıb, məktubda QHT nümayəndələri ABŞ vitse-prezidentindən Gürcüstanda işğal problemləri ilə yanaşı, söz azadlığı, media plüralizmi, məhkəmələrin müstəqilliyi və konstitusiyada islahatlar probleminə də fikir verməyi xahiş edirlər. QHT-lər hesab edir ki, Gürcüstanda demokratik institutların gücləndirilməsi daha çox tərəfdaşların reaksiyasından asılı olacaq.     

Ekspertlər: bu, presedentsiz dəstəkdir

“Rusiyanın aqressiv revanşizminin qarşısının alınması ABŞ-ın xarici siyasətinin mühüm komponentinə çevrilir”, – Atlantika şurasının prezidenti, Gürcüstanın ABŞ-dakı keçmiş səfiri Batu Kuteliya belə hesab edir, o, Pensin səfərini həm də konqres tərəfindən təsdiqlənən qanunverici aktla əlaqələndirir.  

Onun sözlərinə görə, Rusiyanın təcavüzkar siyasəti ilə bağlı olan gərgin vəziyyət fonunda “Gürcüstan bu qarşıdurmanın cəbhə xətində yerləşir” və onun rolu şübhəsiz artır. Kuteliya hesab edir ki, ABŞ-ın presedentsiz dəstəyindən düzgün şəkildə istifadə edilərsə, Gürcüstanın o cümlədən də ərazi problemini həll etmək şansı yaranır.

Hətta NATO-nun yaxın zamanlarda genişləndirilməsini  mümkün saymayan amerikalı ekspertlər belə “Amerikanın səsi”nə müsahibələrində bildirirlər ki, vitse-prezidentin səfərini məhz NATO-ya daxil olmayan ölkə kimi Gürcüstana çox vacib bir mesaj hesab edirlər.  

Brukinqs institutunun baş tədqiqatçısı və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Pfayfer bildirir ki, bu səfər ABŞ-la Gürcüstan arasında qarşılıqlı münasibətlərin əhəmiyyətini vurğulayır.

“Gürcüstanın NATO üzvü olmamasına baxmayaraq, ABŞ-ın onunla bağlı ciddi maraqları var. Bu səfər həm də onu göstərir ki, Vaşinqtonla Tbilisi arasında sıx əlaqələr yaranıb”, – Pfayfer deyib. Onun fikrincə, NATO-ya üzv olmaq üçün Gürcüstana ABŞ və Avropa ölkələri ilə daha sıx əlaqələr qurmaq lazımdır:  

“Düşünürəm ki, Gürcüstan NATO üzvü olana qədər ABŞ və Avropa ölkələri onunla güclü ikitərəfli münasibətlər saxlaya bilər. Bu, gələcəkdə də Rusiya tərəfindən müəyyən təzyiqlə üzləşəcək ölkə üçün böyük dəstək olacaq”.

  • Avqustun 1-də axşam Mayk Pens Gürcüstandan Monteneqroya yola düşəcək.
  • Bu, ABŞ vitse-prezidentinin Gürcüstanın baş naziri ilə ilk görüşü deyil. Kvirikaşvili və Pens mayda baş nazirin Vaşinqtona səfəri zamanı görüşüblər. Səfər çərçivəsində Gürcüstanın baş nazirini Oval kabinetdə ABŞ prezidenti Donald Tramp qəbul edib. 
Facebook Comments

More on JAMnews