NATO-nun baş katibi: Gürcüstan NATO-nun üzvü olacaq, heç kimin müdaxilə etməyə haqqı yoxdur
Gürcüstana səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq martın 25-də baş nazir, xarici işlər naziri, parlamentin sədri, prezident və hökumətin digər üzvləri ilə görüşüb.
Stoltenberq Gürcüstanla NATO arasında münasibətlər və gələcək əməkdaşlıq mövzularına toxunub, həmçinin NATO-nun Təlim və qiymətləndirmə mərkəzi tərəfindən təşkil olunmuş birgə təlimləri ziyarət edib.
Yens Stoltenberqin əsas mesajları
“Siz Alyansın üzvü deyilsiniz, lakin bizim fəaliyyətimizdə böyük payınız var”, – NATO-nun baş katibi Tbilisidə bildirib.
Yens Stoltenberqin sözlərinə görə, NATO-nun Gürcüstanın mütləq şəkildə Alyansın üzvü olacağına dair mövqeyi dəyişməyib. Onun sözlərinə görə, Gürcüstan vacib müttəfiq və tərəfdaşdır və bunu keçirilmiş birgə təlimlər bir daha sübuta yetirir.
• Rəy: Gürcüstan-NATO. On il dairə üzrə gəzişmələr
• Gürcüstan NATO-nun təlimlərini qəbul edir. Fotoreportaj
• Gürcüstanda NATO və Avropa İttifaqına dəstək güclənir, Rusiya təhlükə ilə assosiasiya olunur — NDI
Stoltenberqin Gürcüstana səfəri NATO-nun təlimləri ilə üst-üstə düşüb – təlimlərdə Alyansın tərəfdaşları və üzvləri iştirak edirlər. Baş katibin özü də həmin təlimlərin əhəmiyyətini qeyd edib və əlavə edib ki, hələ 2008-ci ildə NATO Gürcüstanın mütləq Alyans üzvü olacağı ilə bağlı qərar qəbul edib.
“Gürcüstan və NATO birlikdə həll edəcəklər ki, Gürcüstan nə vaxt NATO-nun üzvü olacaq və heç bir başqa tərəfin müdaxilə etməyə haqqı yoxdur”, – Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Gürcüstan suveren ölkədir və heç kim onun əvəzinə qərar qəbul edə bilməz.
Yens Stoltenberq qeyd edib ki, NATO-ya daxil olmaq üçün Gürcüstan islahatlar həyata keçirməli, o cümlədən bu islahatlar məhkəmə sistemini və müdafiə sahəsini əhatə etməlidir.
“NATO Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birgə mətbuat konfransında Stoltenberq bəyan edib.
NATO-nun adından Stoltenberq Rusiyanı Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarı ləğv etməyə və qoşunlarını bu ərazilərdən çıxarmağa çağırıb.
Hakimiyyət nümayəndələrinin dəyərləndirmələri
“Gürcüstanla NATO-nun nümasibətləri heç vaxt belə yüksək səviyyədə olmayıb”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.
Onun sözlərinə görə, Yens Stoltenberqin Gürcüstana səfəri NATO-nun Gürcüstanın Alyansa üzvlüyünü dəstəkləməsinin daha bir aşkar təsdiqidir.
O qeyd edib ki, Konstitusiyadakı müvafiq bənd bir daha təsdiq edir ki, Gürcüstanın seçimi NATO-ya inteqrasiyadır.
“Gürcüstanın NATO-nun gündəmində bu həcmdə var olması göstərir ki, Gürcüstan NATO üçün nə dərəcədə önəmlidir”, – xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfərində xüsusi əhəmiyyət var, belə ki, səfər NATO-nun yubiley nazirlər görüşü ərəfəsində baş tutub.
Baş katiblə görüşdən sonra Gürcüstanın prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstan “sırf sülh siyasəti yürüdən ölkədir və bu, bizim gücümüz və qələbəyə doğru yolumuzdur”. O qeyd edib ki, Yens Stoltenberqlə görüşündə onun əsas mesajı işğal altında olan ərazilərə aid olub.
Prezidentin sözlərinə görə, Rusiyanın hərəkətləri üzündən işğal xəttində vəziyyət çox gərginləşib – bunlar NATO-nun təlimləri ilə əlaqədar oğurluq və hədə-qorxu hallarıdır.
“Buna baxmayaraq, Gürcüstan sülh çağırışlarını dəyişmir. Gürcüstanın başqa siyasəti yoxdur – yalnız sülh siyasətidir ki, bu da Cenevrə danışıqlarının formatının fəallaşması, onun Cenevrədə, yaxud başqa cür siyasi yükünün artırılması deməkdir. Ola bilməz ki, biz məsələnin yalnız texniki səviyyədə həlli ilə razılaşaq, belə ki, bu məsələnin sülh yolu ilə həllində real olaraq tərəqqi yoxdur və olmayacaq, bunun üçün tərəfdaşlarımız hər gün Rusiyaya xatırlatmalıdırlar ki, o, müvafiq öhdəliklərini yerinə yetirməlidir”, – Gürcüstan prezidenti bildirib.
Müxalifət
Parlament müxalifətinin nümayəndələri bildirirlər ki, Stoltenberqin səfəri Rusiya üçün vacib mesajdır, belə ki, Gürcüstanın Alyans üçün əhəmiyyətini nümayiş etdirir.
Müxalifət hakim komandanın NATO ilə əməkdaşlıq mexanizmini tənqid edir və bildirir ki, Gürcüstanla NATO arasında münasibətlərin dərinləşdirilməsi üçün daha çox əməli addımlar atılmalıdır.
“Səfər vacibdir, keçirilən təlimlər də vacibdir, lakin daha çox fəallıq lazımdır, belə ki, hakimiyyət NATO-ya üzvlüyü yüngülcə arxa plana keçirib”, – “Avropa Gürcüstanı”nın üzvü Elene Xoştaria deyir.
Müxalifət diqqəıti xüsusilə məhkəmə islahatlarına və seçkilərə yönəldib. Məhz bu mövzularla bağlı “Rustavi-2” teleşirkəti Stoltenberqə müraciət edib. Teleşirkətin jurnalistinin sualını cavablandırarkən Stoltenberq bildirib ki, o, son prezident seçkilərinin beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsi ilə tanışdır və hesab edir ki, ölkədə islahatlar fasiləsiz olmalı və ən yüksək standartlara cavab verməlidir.
“Biz bu islahatlar çərçivəsində daha böyük tərəqqi görmək, seçkilərin keçirilməsi baxımından sizin demokratik institutlarınızın gücləməsini istəyirik”, – Stoltenberq deyib.