Mən, qaradərili oğlan, Nunu xala, “əyyaş ata”, saçları yanmış qız və digərləri
Foto: David Mdzinarişvili/ REUTERS
İlk dəfə 2010-cu ildə Gürcüstanın “Liberali” nəşrində dərc olunub
“Bir nəfər də gəlsin, çıxacağıq”, – artıq yarım saatdır ki, mikroavtobus sürücüsü sərnişin çağırır.
Səhər saat yeddi. Batumiyə getmək istəyənlər az deyil, amma bizim “marşrutkaya” heç kim minmir – arxada söykənəcəyi əyilmiş, nimdaş örtüklü bir oturacaq boş qalıb, üstəlik o qədər hündürdür ki, oturanın ayaqları havada yellənəcək.
Oturacağı heş kim bəyənmir. Sürücünün çağırışına hay verib, marşrutkaya boylanan biri əsəbi halda sürücüyə qayıdır: “Mən sənin üçün nəyəm, zənciyəm ki, belə yer təklif edirsən?”.
Biz, on üç sərnişin yenə də çatmayan bir nəfəri, sonuncu sərnişini gözləyirik ki, yola düşə bilək. Nunu xala hamıdan fəaldır. O danışır ki, Batumi yaxınlığındakı Kobuleti şəhərciyinə, “Həsənin mehmanxanasına” istirahət etməyə gedir və Barselonada yaşayan uşaqları yalvar-yaxarla onu razı salıblar. Nunu xala üçün bütün sərnişinlərin sosial statusu çox maraqlıdır və o, bir-bir yol yoldaşlarını sorğu-suala tutur.
• Telavi sevgili cütlüklər və dəbdəbəli qadınlar şəhəridir
• Gürcüləri Ermənistanda heyran edən beş səbəb
Qabaq cərgədə iki yaşlı uşağı olan evli cütlük və onların qohumu – gənc qız oturub. Kişinin nənəsinin dəfninə gedirlər.
“Ah, indi başım çatlayacaq!” – ər birdən bərkdən qışqırmağa başlayır. – “Oğlum, əyyaş atan səni bədbəxt günə salıb, yetim qoyacaq!”
O, yaylığını “Likani” mineral suyu ilə isladıb, sinəsini ovur. Arvadı o biri dəsmalla alnını silir, “Tbilisi” jurnalını sərinkeş kimi yellədir. Bundan sonra kişi bir müddət sakitləşir, sonra yenidən qəfil enerji partlaması yaşayır və qohumu olan gənc qıza deyir:
“Ərə getməzdən əvvəl, məni seçdiyin oğlanla tanış edərsən! Yoxsa nəslimizə haranınsa “balerinası” soxular”, – şənlənir və mineral suyu başına əndərir.
Ən son sırada iki tələbə qız oturub, onlar da Kobuletiyə gedir. Öz aralarında Teya adlı birini ətraflı müzakirə edirlər, onun gözəl bədən quruluşunu və som balığına bənzəyən sevgilisini.
Onların yanında isə batumili qız oturub, onun saçlatrını Tbilisinin məşhur salonunda yandırıblar.
“Guya paytaxtdır da”, – zərərçəkən ironiya ilə deyir.
Biryerlik cərgədə əczaçılıq firmasının əməkdaşı olan qadın əyləşib. Oturmazdan əvvəl o, nəm salfetlə kreslosunun hər tərəfini, pəncərəni, hətta qarşıdakı oturacağın arxasını da yaxşı-yaxşı sildi. Qarşıda oturan batumili proqramçıdı, o, Nunu xalanın suallarına cavab vermək istəmədi.
Sürücünün yanındakı yerlər nənə və onun gombul nəvəsinə qismət oldu. Sərnişinlər yerlərini tutduğu müddətdə bu oğlan uşağı yarım toyuq və bütöv bir xaçapuri yeməyə imkan tapdı, pomidor və xiyardan isə sadəcə nənəsi duz götürməyi unutduğu üçün imtina etdi.
Bu zaman “marşrutkanın” yaxınlığında dayanan taksidən hündür, idmançı bədən quruluşlu, əynində cins və ağ mayka olan cavan oğlan düşdü. Sanballı idman çantasını çiyninə atıb, yellənə-yellənə bizim mikroavtobusa tərəf yönəldi.
“Aman tanrım, bu zəncidir!” – sərnişinlərdən biri yerindən sıçradı.
İlk olaraq arxa sırada əyləşənlər reaksiya verdilər.
“Vay-vay, indi o, yanımızda oturacaq!” – tələbə qız dilləndi.
Tbilisi bərbərlərinin qurbanı yerindən qalxıb, əczaçıya müraciət elədi:
“Xahiuş edirəm, bizim yanımızda oturun! Çox xahiş edirəm! Yoxsa zənci burda, yanımızda oturacaq!”
Əczaçı xahişə anlayışla yanaşdı, amma imtina etməli oldu.
Sürücü isə bu müddət ərzində artıq qaradərili oğlanın çantasını yük yerinə yerləşdirmişdi, indicə o, avtobusun salonuna daxil olacaqdı.
Bu dəmdə “əyyaş ata” təşəbbüsü ələ alır.
“Qardaş, bu avtobusda sənlə məndən başqa kişi yoxdur”, – o, proqramçıya üzünü tutub dedi. – “Məgər biz o qaraya imkan verərik ki, qızların yanında otursun?! Mən arxaya keçə bilmirəm, burda arvadım oturub. Gəl, kişi kimi sən yerini dəyiş, təkadamlıq oturacağı o zənci üçün azad elə, qoy, orda otursun”.
Bütün “marşrutka” bir neçə saniyə gərgin halda onun cavabını gözlədi. Sonra o, ayağa qalxıb, heç nə demədən yerini dəyişdi.
“Çox sağ olun”, – Tbilisi salonunda saçları zədələnən qız minnətdarlıq etdi.
Kobuletiyə qədər (mən məhz Kobuletiyə gedirdim və məndən sonra “marşrutkada” nə baş verdi, bilmirəm) əsas söhbət mövzusu dərisinin rəngi fərqli olan insanlar oldu. Sərnişinlərdən hər biri belələri ilə şəxsi ünsiyyət təcrübəsini danışdı.
“Xaç atamın hindli qonşusu vardı. Onun da dərisi çox qaraydı. Xaç atamın atası öləndə həmin hindli elə ağlayırdı ki”, – “əyyaş ata” danışır.
“Sən demə, onlar çox kövrəkdirlər. Uşaqları çox sevirlər. Həmin hindli bizim uşağa həmişə konfet verirdi. Qaynanam əsəbləşirdi ki, uşağa bu konfetləri yeməyə necə icazə verirəm. Mən də düşünürəm ki, burda nə var axı, onsuz da kağızın içindədir də”, – arvadı hekayəni tamamlayır.
Tineycer qız etiraf edir ki, “çinliləri heç sevmir”. Onun nazirlikdə işləyən qonşusu onunla gizli məlumatla bölüşüb: sən demə, çinliləri Gürcüstana qəsdən köçürürlər ki, gürcülər millət olaraq yer üzündən silinsinlər.
Nəticədə “marşrutkadakı” ən yaxşı yerə sahib olan qaradərili oğlan bütün yol boyu tam laqeyd üz ifadəsi ilə danışılanları dinləyirdi. Bəxti vermişdi, gürcü dilini anlamırdı.
Kobuletiyə çata-çatda sürücü bütün yol boyu rus pop musiqisinin səsləndiyi maqnitofonu söndürüb, radionu açdı. Radioda Gürcüstanda turizmin inkişafına həsr olunmuş veriliş gedirdi. Bir ekspert danışırdı ki, Batumi əsl Qara Dəniz möcüzəsinə çevrilir, Gürcüstan əcnəbi turisləri qəbul etmək, onların burada xoş zaman keçirməsi üçün hər şeyə sahibdir.
Bütün sərnişinlər yekdilliklə razılaşdılar: bəli, bəli, Gürcüstan həqiqətən də əcnəbi turistlər üçün cənnətdir.
Müəllif: Sofiya Bukia, JAMnews-un Tbilisidəki redaktoru