“Mağazalarda oyuncaq tapançaların hamısı alınıb” – Azərbaycan sakinləri müharibə haqqında
Qarabağda qızğın döyüşlər zamanı Azərbaycan sakinləri necə yaşayır – Bakıdan müşahidələr və söhbətlər
Qarabağda sentyabrın 27-dən Azərbaycan və Ermənistan ordularının döyüşləri davam edir. Rəsmi olaraq hər iki tərəfdən hərbiçilər və dinc əhali arasında 500-dən çox adam həlak olub, minlərlə yaralı var. Qeyri-rəsmi olaraq bu rəqəmlər qat-qat çoxdur. Oktyabrın 10-na keçən gecə atəşkəs haqqında saziş imzalanıb, lakin bu saziş bağlanandan ona əməl edilməyib.
Azərbaycan sakinlərinin əhval-ruhiyyəsini qiymətləndirmək o qədər də asan deyil. Sayıqlıq, apatiya, intizar və ümid – ölkənin bir çox sakininin ruh halı bir araya sığmayan belə bir mozaikanı təşkil edir.
Sentyabrın 27-dən başlayaraq, Dağlıq Qarabağda və cəbhəyanı bölgədə baş verənlərdən xəbərsizə hətta elə gələ bilər ki, qeyri-adi heç nə baş vermir. Olsa-olsa türk xalqı ilə hansısa hadisənin bayram edilməsinə hazırlaşırlar – Bakıda hər yerdən – binalardan, mənzillərin balkonlarından, maşınlardan dövlət bayraqları, o cümlədən Türkiyənin bayrağı asılıb.
Lakin axşam saat 9-dan sonra hər yer boşalır və ortaya sükut çökür – komendant saatı başlayır. Bununla belə, gündüz saatlarında kafedə otursanız, ya da sosial şəbəkələrin Azərbaycan seqmentinə daxil olsanız, hər şey aydınlaşacaq: bütün ölkə Dağlıq Qarabağda hərbi əməliyyatlarla yaşayır.
• Müharibə belə görünür — Qarabağda döyüş zonasından hər iki tərəfdə kənd və şəhərlərin fotoları
• Hadrut uğrunda döyüş – nə baş verir
• Bakının fikri: “Qarabağ düyünü”nü zor gücünə oyatmaq olarmı?
Müharibə hətta uşaq oyunlarında öz əksini tapıb. Sanki oyuncaq mağazalarında bütün tapançaları alıblar. Həyətlərdə tanış piston səsləri eşidilir, uşaqların əllərində oyuncaq da olsa silahlar var.
Bəzənsə onlar qrup şəklində yığılaraq Qarabağ haqqında şüarlar səsləndirirlər – bu da bakılı uşaqların asudə vaxtlarını keçirmələri üçün yeni üsuldur.
Sosial şəbəkələrdən danışarkən qeyd etmək lazımdır ki, sentyabrın 27-dən – cəbhə xəttində hərbi əməliyyatların ilk günündən başlayaraq, ölkə boyu internetə məhdudiyyət qoyulub. Xüsusi VPN proqramları olmadan messencerə girmək olmur.
Lakin bu proqramlar da bloklamanın yalnız ilk günlərində kömək edirdi. Sonra hakimiyyət bu cür proqramların yüklənməsinin də qarşısını aldı.
Bununla belə, insanlar cəbhədəki olaylar barədə məhz bloklanmış sosial şəbəkələrdən xəbər alırlar. Prezident həmçinin azad olunmuş ərazilər barədə bəyanatları öz Tvitter-ində dərc edir – hərçənd bu sosial şəbəkə bloklamanın öhdəsindən gəlmək üçün nəzərdə tutulmuş xüsusi proqramlar olmadan əlçatan deyil.
Oktyabrın 11-i gecə erməni hərbiçilərinin Gəncəyə raket zərbəsindən sonra #PrayForGanja həştaqı yaradılıb. Sosial şəbəkələrdə istifadəçiləri dünya trendinə çıxarılması məqsədi ilə bu cür həştaqla tvit yaratmağa çağırıblar.
Ölkədə Tvitter-in bloklanmasına rəğmən, azərbaycanlı istifadəçilər buna nail olublar.
Cəmiyyətin əhval-ruhiyyəsini daha dəqiq əks etdirən bir neçə səciyyəvi şərh:
“Dostumun anası ilə danışmışam. Oğlu ön cəbhədədir. Anası söhbət əsnasında atəşkəsdən danışdı. Düşündüm ki, artıq oğlunun təhlükəsizlikdə olduğuna görə sevinir. Amma əksinə imiş. Anası mənə dedi: “Zəfər çalınmasa, hamımız qəm dəryasına batacağıq. Qoy bu birdəfəlik bitsin ki, biz müharibənin bir daha olmayacağını anlayaq. Əks halda bu müsibət bitməyəcək. Bəli, torpaqlarımızda əmin-amanlığın pərpa olması üçün buna birdəfəlik son qoymaq lazımdır”.
“Mənim səhifəmdə fırtına öncəsi sakitlikdir. Bütün Azərbaycan ali baş komandanın əmrini gözləyir ki, Ermənistan sonuncu şansından istifadə etməsin. İrəli!”
“Mən torpaqlarımızı qaytarmaq lazım olmadığını demirəm. Lakin mən bu torpaqlar uğrunda balalarımızın canından keçilməsinin əleyhinəyəm. Müharibə arzulamaqla biz özümüz onların ölməyinə şərait yaradırıq. Heç bir torpaq insan həyatından qiymətli ola bilməz. Başqa yollar tapmaq lazımdır, o yollar ki, övladlarımızın qanı bahasına başa gəlmir”.