Türkiyə və Soros – Əliyev və Paşinyanın “Rossiya-1” telekanalına müsahibəsi
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya-1” telekanalının canlı efirində müsahibə veriblər.
Sentyabrın 27-də səhər tezdən Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayıb. Azərbaycanda və Ermənistanda hərbi vəziyyət qüvvəyə minib, səfərbərlik elan olunub. Hər iki tərəfdən onlarla həlak olan və yüzlərlə yaralı var. Bakı Qarabağda bir neçə kəndin və strateji yüksəkliyin nəzarət altına alındığını bəyan edib. Yerevan Ermənistan ərazilərinin atəşə tutulduğunu bildirir.
Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsindən əsas tezislər:
• Fəal hərbi əməliyyatlar Ermənistan tərəfinin təxribatı nəticəsində başlayıb.
• Türkiyə regionda stabilləşdirici rol oynayır. Azərbaycana mənəvi dəstək verir. Başqa heç bir formada Türkiyə münaqişədə iştirak etmir.
• Münaqişənin ancaq iki tərəfi var – Azərbaycan və Ermənistan.
• Münaqişə zonasında Suriya döyüşçüləri yoxdur. İki milyonluq Ermənistanla mübarizə üçün on milyonluq Azərbaycanın insan resurslarına ehtiyacı yoxdur.
• Ermənistan livanlı erməniləri işğal olunmuş ərazilərdə və Şuşada yerləşdirməklə nümayişkaranə şəkildə Cenevrə konvensiyasını pozub.
• Eskalasiyanın başqa bir səbəbi Ermənistandakı daxili siyasi böhrandır. Orada Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş, Ermənistanda baş tutub. Ölkə böhrandadır və Paşinyana əhalinin diqqətini yayındırmaq üçün xarici amil lazım idi və o buna nail oldu.
Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibəsindən əsas tezislər:
• Ermənistanın əməlləri Azərbaycanın təcavüzünə cavabdır.
• “Münaqişənin hərbi yolla həlli yoxdur və ola da bilməz”.
• Türkiyə Qarabağda hərbi əməliyyatlara aktiv şəkildə cəlb olunub. “Türkiyənin hərbi təlimatçıları və yüksək rütbəli hərbçiləri Azərbaycanın komanda məntəqələrindədir və bəzən onlar hətta hərbi əməliyyatlara rəhbərlik edirlər”.
• “Türkiyəni Cənubi Qafqazdan getməyə məcbur etmək lazımdır”.
• Azərbaycanda suriyalı muzdlular var. “Azərbaycanın yaşayış məntəqələrində onlarla yerli əhali arasında toqquşmalar baş verib. Muzdlular bu kəndlərdə şəriət qanunları yaymağa çalışırlar”.
• Danışıqlar üçün müvafiq atmosfer olmalıdır və hərbi əməliyyatlar getdiyi müddətdə bu haqda danışmaq çətindir.