“Münasibətlərin normallaşdırılması prosesinə ciddi yanaşırıq” – Azərbaycan XİN mətbuat katibi
Leyla Abdullayevanın Fransa nəşrinə müsahibəsi
“Azərbaycan Ermənistan tərəfdən danışıqların imitasiyası ilə bağlı ikinci Qarabağ müharibəsindən əvvəlki dövrdə uzun illər müşahidə olunan vəziyyətin təkrarlanmasını istəmir”, – Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, Azərbaycan münasibətlərin normallaşdırılmasına ciddi yanaşır.
- İlham Əliyev: “Qarabağda ermənilərin nə statusu, nə müstəqilliyi olacaq”
- Gürcüstanda Rusiya əleyhinə əhval güclənib. Səbəb? Şərh
- Laçın dəhlizinə alternativ yolun inşası başa çatıb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Fransanın “Musulmans en France” internet portalına müsahibəsində bildirib ki, Azərbaycan Ermənistan tərəfdən danışıqların imitasiyası ilə bağlı ikinci Qarabağ müharibəsindən əvvəlki dövrdə uzun illər müşahidə olunan vəziyyətin təkrarlanmasını istəmir.
“2020-ci ilin noyabrında ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında qalan əraziləri azad etdi”, – o qeyd edib.
Abdullayeva əlavə edib ki, “Ermənistanın işğal dövründə Azərbaycan torpaqlara vurduğu dağıntı və ziyanın dərəcəsinə baxmayaraq, Bakı Yerevana münasibətlərin normallaşdırılmasını təklif edib”.
“Çünki Azərbaycan həmişə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülhə mane olan yeganə şey işğal faktıdır. İşğal faktı aradan qaldırıldığı üçün biz Ermənistanla irəliləməyə və münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etmişik. Ona görə də Prezident İlham Əliyev Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq ideyası ilə çıxış edib”, – XİN-in mətbuat katibi deyib.
Abdullayeva vurğulayıb ki, bu prosesdə hər iki tərəfin siyasi iradəsi mühüm rol oynayır:
“Azərbaycan sülh sazişi təşəbbüsü irəli sürməklə siyasi iradəyə malik ölkə olduğunu nümayiş etdirdi. Eyni zamanda Azərbaycan bu sülh sazişinin əsaslanmalı olduğu fundamental prinsipləri təklif edib.
Biz münasibətlərin normallaşması prosesinə ciddi yanaşdığımızı göstəririk”.
Abdullayeva əlavə edib ki, Azərbaycan danışıqların imitasiya xarakterli olduğu vəziyyətin təkrarlanmasını istəmir:
“İndi açıq şəkildə bildirmək istədiyimiz bir şey var: biz imitasiya danışıqları ilə bağlı vəziyyəti bir daha görmək istəmirik, çünki biz bunu 30 il ərzində görmüşük. Əgər Ermənistan tərəfi son 30 ildə “danışıqların imitasiyası ilə məşğul olmasaydı, o zaman, yəqin ki, ikinci Qarabağ müharibəsi də olmazdı. Biz imitasiya yox, real, konkret nəticələr görmək istərdik. Çünki biz istəyiriksə, regionda sülh bərqərar olsun. Bunun üçün Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir”, – Abdullayeva deyib.