Mixail Saakaşvilinin görüntülərini Gürcüstan Penitensiar Xidməti yayıb
Mixail Saakaşvilinun görüntüləri
Gürcüstanın Xüsusi Penitensiar Xidməti Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin video-görüntülərini yayıb. Xidmətin məlumatına görə, bu kadrlar “məhbus Mixail Saakaşvilinin müxtəlif vaxtlardakı vəziyyətini” əks etdirir.
“Videoda Mixail Saakaşvilinin məqsədi ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq, ictimaiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq olan əməlləri açıq şəkildə əks olunub.
Video çəkiliş həm dövlətin Mixail Saakaşviliyə münasibətini, həm də Mixail Saakaşvilinin tibb işçilərinə münasibətini, xüsusən də onun tərəfindən pis rəftar və aqressiv davranış faktlarını əks etdirir”, – penitensiar xidmətin bəyanatında deyilir.
Hakimiyyət orqanlarının görüntüləri dərc etməyə hazır olması faktını dünən, dekabrın 13-də Gürcüstanın ədliyyə naziri Rati Breqadze bəyan edib. O bildirib ki, Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı “simulyasiya kampaniyası” dayanmasa, penitensiar xidmət “müəyyən kadrları dərc etməyə məcbur olacaq”.
- “Atamın həbsdə ölməsinə imkan verməməliyik” – Gürcüstanın eks-prezidentinin oğlu
- Mixail Saakaşvilinin səhhəti məhkəmədə onun xeyrinə arqumentə çevriləcəkmi?
- Saakaşvili: “Zəhərlənmədən şübhələndiyimi heç vaxt deməmişəm”
Dekabrın 12-də Strasburqda bütünlüklə Gürcüstanın üçüncü prezidentinin səhhətinə həsr olunmuş mətbuat konfransı keçirilib. Burada Mixail Saakaşvilinin oğlu Eduard iştirak edib və o, xüsusilə vurğulayıb: “Atamın həbsxanada ölməsinə imkan verməməliyik”.
Mətbuat konfransında Mixail Saakaşvilinin ailə üzvləri – anası Giuli Alasaniya, həyat yoldaşı Sandra Rulofs, oğlu Eduard Saakaşvili, həmçinin Avropa parlamentariləri Anna Fotıqa və Miriam Leksman və Saakaşvilinin vəkili Massimo Dangelo iştirak ediblər. Onlar öz çıxışlarında bir daha hakim “Gürcü arzusu” partiyasını Saakaşvilini həbsdən azad etməyə çağırıblar.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Dekabrın 6-da Gürcüstanın Xalq Müdafiəçisinin yaratdığı şura Mixail Saakaşvilinin səhhətilə bağlı hesabat hazırlayıb. Dekabrın 5-də eks-prezidentə 4 həkim baş çəkib.
Kardioloq Giorgi Kaçaravanın fikrincə, eks-prezident müalicə yerini dəyişməlidir. Nevroloq Tengiz Tsuladze isə Mixail Saakaşvilinin səhhətinin aprel ayı ilə müqayisədə “xeyli” pisləşdiyini söyləyib.
Həmçinin, həkimlərin fikrincə, üçüncü prezident dördüncü dərəcəli kaxeksiyadan [ifrat arıqlama] əziyyət çəkir ki, bu da onun bir neçə ay ömrünün qalması deməkdir.
Ombudsman Nino Lomcariyanın sözlərinə görə, Mixail Saakaşvilinin səhhəti cəzanın təxirə salınması tələbinə uyğundur.
Dekabrın 2-də professor Devid Smitin imzası ilə ABŞ-ın toksikoloji ekspertizasının nəticəsi dərc olunub. Orada deyilir ki, Mixail Saakaşvilinin orqanizmində ağır metallar və digər maddələr, o cümlədən civə və arsen aşkar edilib. Mütəxəssis Saakaşvilinin simptomlarını Bu maddələrin qəbulu ilə əlaqələndirir.
Dekabrın 1-də “Empatiya Mərkəzi” Mixail Saakaşvilinin səhhətilə bağlı tibbi hesabat dərc edib, ona əsasən, eks-prezidentdə iyirmidən çox diaqnoz və ya simptom qeydə alınıb ki, onlardan da ona yaxını həbslə bir araya sığmır.