Azərbaycandilli Meydan TV internet kanalının əməkdaşı Camal Əli aprelin 19-da Gürcüstana buraxılmayıb. Onun sözlərinə görə, sərhədçilər səbəbi izah etməyib, bir müddət saxlayıb, ilk reyslə geriyə Almaniyaya göndəriblər. O, Tbilisiyə Almaniyadan gəlib.
Meydan TV Almaniyada təsis edilmiş Azərbaycan media qurumudur. Meydan TV prezident İlham Əliyevə qarşı tənqidi mövqeyilə seçilir və Azərbaycan hakimiyyətində korrupsiya problemlərini fəal şəkildə işıqlandırır. Meydan TV-də işləyən jurnalistlər Azərbaycanda dəfələrlə təqiblərə məruz qalıblar.
Camal Əli özü Azərbaycanın Turan informasiya agentliyinə bildirib ki, onu Gürcüstana peşəkar fəaliyyətilə bağlı buraxmayıblar. Jurnalist bir neçə ay əvvəl Gürcüstanda olub və Gürcüstan kilsələri pulsuz qazla təmin edən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) haqda tənqidi material hazırlayıb. Reportaj dərc ediləndən sonra Tbilisidə jurnalistə qarşı aksiya keçirilib.
Camal Əli vəkil tutub ədalət uğrunda mübarizə aparmaq niyyətindədir. O, bir neçə il əvvəl Azərbaycan hakimiyyəti ilə münaqişəyə girib. Əli 2012-ci ilin yanvarında Bakıda hakimiyyətə qarşı keçirilən tədbirlərdə fəal iştirak edib və həbs olunub. Azad ediləndən sonra Azərbaycanı tərk edib, Berlindən sığınacaq alıb. Azərbaycan jurnalistləri Gürcüstan hakimiyyətindən Camal Əlinin Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı rəsmi izahat ala bilməyib.