Bakıda metro yenidən işləyəcək: ekspertlər gediş haqqının artacağını proqnozlaşdırırlar
Yeni tədris ilinin başlanmasına iki gün qalmış Azərbaycan paytaxtında metro yenidən işə düşəcək. Metropoliten bazar günü fəaliyyətini bərpa edəcək, baxmayaraq ki, ay sonuna qədər həftəsonları ictimai nəqliyyatın hərəkəti qadağandır.
• Azərbaycanda nəqliyyat qalmaqalı: bütün günahlar “pomidorlardadır”?
Azərbaycan mediasında dərc olunan informasiyaya görə, 2020-ci il iyulun 4-dən sərt karantin rejimi səbəbilə hərəkəti dayandırılan metropoliten sentyabrın 13-dən fəaliyyətini bərpa edəcək.
Azərbaycanda tədris ilinin başlanması sentyabrın 15-də nəzərdə tutulub. Məktəblərdə yalnız ibtidai sinif şagirdləri əyani təhsilə başlayacaq. Yuxarı sinif şagirdləri isə oktyabrdan etibarən qiyabi təhsil alacaqlar. Amma bir şərtlə: əgər epidemioloji vəziyyət imkan verərsə.
Azərbaycanın Operativ Qərargahının məlumatına əsasən, son sutka ərzində 167 koronavirusa yoluxma halı qeydə alınıb. 3 nəfər ölüb, 148 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. COVID-19 virusuna yoluxanların ümumi sayı 36 899 nəfərdir, onlardan 541 nəfər ölüb. 2 094 xəstənin stasionarda müalicəsi davam edir.
Jurnalistlərin metroda gediş haqqının artması ehtimalı ilə bağlı sualına cavab verərkən Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hələlik qurum bu məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib. “Bu məsələ gündəmdə deyil”, – o əlavə edib.
İctimai nəqliyyatda qiymət artımı ehtimalı ilə bağlı Facebook səhifəsində iqtisadçı ekspert, Amerikanın “Rutgers” universitetinin professoru Qubad İbadoğlu yazmışdı.
Nazirlər Kabinetinin metropolitenin işinin bərpası və istirahət günlərində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı rəsmi qərarı hələlik açıqlanmayıb.