“Maşın sürməyi qadağan etməyiblər axı, avtoservis niyə bağlanmalıdır?!”
Azərbaycanda karantin rejimi on minlərlə insanı işsiz qoyub
Martın 30-u axşam saatlarına olan rəsmi məlumata əsasən, 273 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan dörd nəfər ölüb, 26 nəfər sağalıb. Ölkədə gücləndirilmiş karantin rejimi tətbiq olunub.
Hələ bir neçə gün əvvəl 26 yaşlı avtomexanik Elnur pis qazanmırdı. Bakı kənarındakı avtoservisdə müştərilər ona etibar edir, rəhbərlik dəyərləndirirdi.
Amma karantin rejimi üzündən ölkədə əksər kommersiya obyektləri və müxtəlif xidmət müəssisələri bağlanıb. O cümlədən də bu avtoservis. Elnur minlərlə digər işçi kimi işsiz və dolanışıqsız qalıb:
“Mən azərbaycanlı olsam da, Gürcüstan vətəndaşıyam. Bolnisidə anadan olmuşam.
Bakıda isə xalam yaşayırdı. Üç il əvvəl onun yanına köçdüm, işə düzəldim. Hər şey normal idi. Hətta xalam öləndən sonra onun oğlu və ailəsi ilə birlikdə qaldım. Epidemiya başlayanda Gürcüstana qayıtmadım – axı burda işim var, bəs orda nə var?
Nə biləydim ki, bizim avtoservis bağlanacaq? Bir qəpiksiz qalmışam. Xalam oğlunun boynunda yük olmaq istəmirəm, onun öz ailəsi var, o da ailəsini dolandırmalıdır. İstənilən işi görməyə hazıram, amma hardan tapım? Məhəlləmizdə də mənim kimilər nə qədərdir. Kimsə kafedə ofisiant işləyirdi, kimsə pinəçi, kimsə bərbər. İndi heç kimin qazanc yeri yoxdur.
Bu yaxınlarda qonşuluqdakı mağaza sahibinin mənə yazığı gədli, zibil atmağa çağırdı, əvəzində az-çox ərzaq verdi. Amma bu bir dəfə oldu. Bəs bundan sonra necə olacaq? Bütün bunlar nə qədər davam edəcək? Heç kim bilmir axı.
Avtoservisləri bağlamaq nəyə lazım idi axı, heç cürə anlamıram. Axı maşın sürməyi qadağan eləməyiblər. Deməli, maşını hardasa düzəltmək də lazımdır da. Nəsə axmaqlıqdı bu”.
Bu, xoşbəxt sonluqlu hekayədir. Martın 30-da hakimiyyət yeni qərar qəbul edib, bütün avtoservis və avtoyuyuculara işləməyə icazə verilib. Odur ki, Elnurun yenə də işi var. Bərbərlərin, ofisiantların və onlarla digər peşə və sənət sahiblərinin isə bəxti daha az verib – onlar qeyri-müəyyən müddətə işsiz qalıblar və “bundan sonra nə olacaq?” sualı qarşısında acizdirlər.