Marşrut taksi sürücüləri sıxılmış qazın ucuzlaşdırılması tələbilə tətil elan edib
Yerevanın bir neçə marşrut xətti sürücüləri bu gün sıxılmış qazın bahalaşmasına etiraz olaraq tətil elan edib.
Sürücülər qeyd edirlər ki, qazın bahalaşması nəticəsində onların xərcləri də artıb. Bu ay onlar avtomobillərin yanacaqla doldurulmasına ötən ayla müqayisədə 45 min dram (93 dollara yaxın) daha çox pul xərcləyiblər.
Sürücülər sıxılmış qazın qiymətinin qaldırılmasını qanunsuz hesab edir və bildirirlər ki, gəlirsiz işləmək, bütün qazandıqlarını yanacağa xərcləmək istəmirlər.
“Biz öz vəsaitimiz, öz ailələrimiz üçün mübarizə aparırıq. Yalnız qaz bahalaşmayıb, avtomobil yağı, nəqliyyatla bağlı olan hər şeyin qiyməti qalxıb. Qaz isə keyfiyyətsizdir. Vaxt vardı ki, 6 min drama (12 dollar) biz 5 reys edirdik, indi isə 5 reys gedib-gəlmək üçün maşına 8 min dramlıq (16 dollar) yanacaq vurmaq lazımdır. Biz işləmək istəyirik, qoy, qiymətləri aşağı salsınlar”, – sürücülərdən biri bildirib.
Qazın qiyməti yeni vergi qanunvericiliyi qüvvəyə mindiyi üçün yüksəlib. Daha doğrusu, yeni qanunvericiliyə əsasən aksiz vergisinin həcmi artıb, bunun da nəticəsində maşınlarda yanacaq kimi istifadə olunan benzin, dizel yanacağı, o cümlədən də sıxılmış qaz 10-15 faiz bahalaşıb.
Yerevan meriyasının Nəqliyyat İdarəsinin rəisi Henrik Navasardyan vəd edib ki, hər şey yaxşı olacaq. O qeyd edib ki, marşrut taksilər işləyir və bu durumu kütləvi tətil kimi dəyərləndirmək olmaz.
“Şikayət edənlər reysə xidmət göstərənlər [iş adamları] deyil, bir neçə sürücüdür. Ola bilər ki, onları xarici qüvvələr “təşkil edib”. Marşrut taksilərin reysləri həyata keçirilir, bircə reys də dayanmayıb. İki-üç sürücü tətil elan edib. Biz anlayırıq ki, bahalaşma olub, deyə bilmərik ki, belə şey yoxdur, amma məsələ bu cür həll olunmur”, – meriya nümayəndəsi bildirib.
Sürücülər bildiriblər ki, məmurların vədlərinə inanmırlar, onlar üçün ancaq işlədikləri, amma dolana bilmədikləri maraqlıdır.
“Bizə boş vədlər lazım deyil, nağıl lazım deyil, bizə həll yolu, vəziyyətdən çıxış yolu lazımdır”, – sürücülərdən biri deyib.
Müxalif “Yelk” fraksiyasından olan deputat Edmon Marukyan əmindir ki, yanacağın bahalaşması digər malların da qiymətinin qalxmasına səbəb olacaq və vətəndaşlar ilk ehtiyac ərzaqlarına daha çox pul xərcləməli olacaqlar. Onun fikrincə, qiymət artımı 20-30 faizə çatacaq.
Deputat qeyd edib ki, hakimiyyət sürücülərin tələbini təmin etmək üçün gediş haqqını qaldıra bilməz, çünki bu halda paytaxt sakinləri arasında kütləvi etiraz başlayacaq.
Digər mallarının bahalaşmasının qarşısını almaq üçün müxalifət yeni vergi qanunvericiliyini dəyişmək tələbi ilə etiraz yürüşü təşkil etmək niyyətindədir. Hələlik hakimiyyətin güzəştə gedib-getməyəcəyi məlum deyil, amma artıq aydın olan odur ki, məsələ parlamentdə müzakirə olunacaq.