Krım: reallığa qarşı təbliğat
Beş il əvvəl, 16 mart 2014-cü il tarixində Ukraynanın tərkibindəki muxtar respublikanın – Krımın statusu haqqında “referendum” keçirilib. Rəsmi (Rusiya tərəfinin) məlumatlara görə, “Krımın Rusiyaya birləşdirilməsinin lehinə” əhalinin 96 faizindən çoxu səs verib. “Referendum”un nəticələrinə əsaslanaraq, martın 18-də Rusiya bu regionun birləşdirilməsini elan edib. Sonrakı beş ildə Rusiya mediası fasiləsiz olaraq “rusiyalı” Krımın inanılmaz uğularından bəhs edib. Krım “uğurlar”ı nə qədər realdır və Rusiya tərkibində daha yaxşı həyat vədləri özünü doğrultdumu?
Turizm bütün rekordları yeniləyir
Krım turizminin rekordları Rusiya təbliğatının ən məşhur mövzularından biridir. 2018-ci il mövsümünün yekununa görə media bütün postsovet dövrü ərzində ən yaxşı mövsüm barədə məlumatlar yaydı – az qala yeddi milyon turist. İnanılmaz nailiyyətdir!
Nailiyyət, doğrudan da, az inanılandır, rəqəmlərin həqiqiliyi isə şübhə doğurur. Ən başlıca sual turistlərin sayınn hesablanması metodikasına aiddir. Əgər əsas kimi otellərdə gecələmələri deyil, inzibati sərhəddən sərnişin axını götürülsə və onu keçən hər kəsi turist kimi qəbul etsək, yeddi milyon rəqəmi tamamilə real görünür.
Lakin hətta Rusiyanın Krımstatının məlumatları da bu bəyanatı şübhə altına alır. Turizm günü münasibətilə yayımlanan press-relizdə Krımstat xəbər verir ki, 2018-ci ilin altı ayı ərzində “kollektiv yerləşmə məkanları”nda (otellərdə, hostellərdə, pansionatlarda – qeyd) 481,6 min nəfər dincəlib, bunların 95 faizi Rusiya vətəndaşlarıdır. Hətta sentyabrın 27-də press-relizin dərcindən sonra müəyyən sayda turistlərin olduğunu nəzərə alsaq (başqa sözlə, əsas mövsüm bitdikdən sonra), həmin rəqəmlər yeddi milyonla müqayisə olunmayacaq dərəcədə aşağıdır.
•Vağzallarda çəpərlər və dənizə çıxışın bağlanması – Krımda turizm mövsümünə necə hazırlaşırlar
•Rusiyayönümlü krımlılar nəyə hazır deyildilər
Pensiyalar və maaşlar yüksəkdir, həyat daha gözəldir!
Cəlbedici Rusiya maaşları və pensiyaları haqda vədlər Krım “referendum”unda vacib rol oynamışdı. 2014-cü ildə Ukraynadakı maaşlar və pensiyalar Rusiyadakından nəzərə çarpacaq dərəcədə aşağı idi və rusiyalılar qədər qazanmaq perspektivi çox cəlbedici görünürdü. Həqiqətən də, həm pensiyalar, həm də maaşlar Rusiya standartlarına qədər artdı.
Əslində isə, əlbəttə ki, əhalinin maliyyə vəziyyəti o qədər də ürəkaçan deyil. Pensiyaçılar – bunlar yarımadanın əhalisinin 30 faizidir – 12 min rubl (təxminən 180 dollar) həcmində pensiyaya yaşayırlar. Orta aylıq əməkhaqqı – 435 dollar – əlbəttə, yüksəkdir, lakin bu, Krım sakinlərinin əksəriyyətinin maaşı deyil. Çox alanlarla çox az alanlar arasında uçurum Rusiyada ən böyük fərqlərdəndir. Əməkhaqlarının səviyyəsi və paylanması üzrə reytinqdə Krım 85 region arasında 69-cu yerdədir. Əhalinin az qala 30 faizi 15 min rubldan (təxminən 225 dollardan) az maaş alırsa, cəmi 0,85 faizi, misal üçün, məmurlar 100 mindən (təxminən 1505 dollardan) çox maaş alır.
Orta gəlirlərlə birlikdə Krımda mal və xidmətlərin də qiymətləri yüksəlir və bu yüksəliş maaş və pensiyalara mütənasib deyil. Əgər Krımda gəlirlər Rusiyadakı orta rəqəmlərdən aşağıdırsa, yarımadada bəzi mal və xidmətlərin qiymətləri Moskvadakı qiymətlərlə müqayisə olunacaq səviyyədədir.
Büdcə yüksəlir
Büdcə, doğrudan da, yüksəlib, həm də nəzərə çarpacaq dərəcədə. 2018-ci ildə regionun büdcəsi 168 milyard rubl (təxminən 2,5 milyard dollar) təşkil edib. Bunun tərkibində Rusiyanın mərkəzi büdcəsindən dotasiya və subsidiyalar təxminən 77 faizdir.
Krımın öz gəlirləri də artıb. Lakin nəyin hesabına?
Yarımadanın 38 milyard rublluq (təxminən 571 milyon dollarlıq) öz gəlirlərinin tərkibində 17 milyard (təxminən 255 milyon dollar) fiziki şəxslərin gəlir vergisinin payına düşür. Üstəgəl aksizlər də – 5,5 milyard rubl (təxminən 82,7 milyon dollar) adi istehlakçıların çiyinləri üzərinə düşür. Belə çıxır ki, Krımın öz gəlirlərinin az qala 60 faizi krımlıların cibindən çıxır. Başqa sözlə, gəlirlər yerli əhalinin daha çox vergi ödəməsinin hesabına yüksəlir.
Bütün xalqların hüquqları bərabərdir
Rusiya mediasına əsasən, “nəzakətli adamlar” krımlıları “millətçilərin təzyiqi”ndən xilas etməyə gəlmişdilər. İşğalçı hakimiyyət rusların müdafiəsinə və bütün milli azlıqların hüquqlarının qorunmasına söz vermişdi. “Bütün millətlər və xalqlar Rusiyada bərabər hüquqlara malikdirlər və hakimiyyətin bütün səviyyələrində təmsil olunublar”, – təşviqat vərəqələrindən birində deyilir.
İlhaq nəticəsində Krımda, sözün əsl mənasında, rus mədəniyyəti diktaturası qurulub. Rusiya işğalına qarşı açıq şəkildə çıxış etmiş Krımın köklü əhalisi olan Krım tatarları artıq beş ildir ki, repressiyalara məruz qalırlar. Tatarların ənənəvi özünüidarəetmə institutu olan krım-tatar xalqının Məclisi və “Təbliği Camaat” islam təşkilatı “ekstremist” elan olunaraq qadağan edilib. Qeyri-zorakı üsullarla fəaliyyət göstərən panislamçı “Hizb ut-Təhrir” siyasi partiyası Rusiyada terrorçu təşkilat kimi tanınıb.
Krım-tatar və ukraynayönümlü fəallar həbsxanalara salınır, itkin düşür, həlak olurlar. Hüquq müdafiəçiləri bildirirlər ki, 17 nəfər itkin düşüb, 12 nəfər öldürülüb və 39 nəfər siyasi məhbus var ki, bunların 10 nəfəri artıq ittiham olunub.
Xoşbəxt gələcəyə Krım körpüsü
Kerç körpüsü Rusiya üçün Krım uğurlarının simvoluna çevrilib. İddialı layihə ilhaqdan dərhal sonra elan edilib. Avtomobil nəqliyyatı 2018-ci ilin mayında buraxılıb, dəmiryolunun isə 2019-cu ilin dekabrında istifadəyə verilməsinə söz verilir.
19 kilometr, 227,9 milyard rubl (təxminən 3,4 milyard dollar), beş il. Nəticəsi nə oldu? Körpü ilhaq olunmuş yarımadanın izolyasiya problemlərini həll etdimi?
Rusiyadan turistlər, ələlxüsus avtomobillə gələn rusiyalılar, doğrudan da, çoxalıblar. Ola bilsin ki, dəmiryolu istifadəyə veriləndən sonra onların sayı artsın – ilhaqa qədər rusiyalılar Krıma əsas etibarilə materik Ukrayna vasitəsilə qatarla gəlirdilər. Lakin 2014-cü ilə qədər turistlərin əksəriyyətini təşkil edən ukraynalıları körpü ilə, əlbəttə ki, qaytarmaq mümkün deyil.
Körpünün tikintisi qiymətlərə də çox təsir etməyib. Qatarların hərəkətə başlaması ilə də nəyinsə dəyişəcəyi hələ fakt deyil.
Kerç körpüsü Krımı yalnız Rusiya ilə birləşdirir. Bütün yerdə qalan dünyadan yarımada yalnız dənizlə deyil, əsasən tanınmayan ərazi statusu ilə ayrı düşüb.