Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Rumıniya, İspaniya və İtaliya Avropa İttifaqı Şurasında Gürcüstan hökumətinə qarşı sanksiyalarla bağlı mövqelərini könüllü deyil, təzyiq altında dəyişiblər. Onun sözlərinə görə, ilkin olaraq üç ölkənin sanksiyalara qarşı çıxdığı barədə etibarlı məlumatlar var.
Rumıniya, İtaliya və İspaniya dekabrın 17-də bildiriblər ki, onlar faktiki olaraq Aİ-nin Ali Nümayəndəsi Kaia Kallasın dinc nümayişçilərə qarşı zorakılıqda iştirak edən Gürcüstan rəsmilərinə qarşı sanksiyalar təklifini tam dəstəkləyiblər.
Beləliklə, bu ölkələr daha əvvəl “Avropa İttifaqı Şurasında Gürcüstana güclü dəstək mövqeyinə görə Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və İspaniyaya” təşəkkür edən Kobaxidzenin yalanlarını ifşa etdilər.
İrakli Kobaxidze nə deyib?
“Gəlin Rumıniyanı götürək. Gürcüstan mediasının tez-tez istinad etdiyi “Azadlıq Radiosu”nun Avropa bürosunun jurnalistlərindən biri cənab Jozviak təsdiqlədi ki, Rumıniya sanksiyalara qarşı çıxanlardan biridir, lakin sonra Rumıniyanın əks mövqe tutmağa məcbur olduğunu gördük.
Bu heç kəs üçün təəccüblü deyil: siz Rumıniyada hətta Konstitusiya Məhkəməsini bir gündə [qərarını] dəyişməyə məcbur etdiklərini gördünüz. Cənab Metyu Miller meydana çıxdı və Rumıniya Konstitusiya Məhkəməsinə qarşı əməlli-başlı hədələyici bəyanat verdi. O, Rumıniyada Avropa və Avro-Atlantika dəyərlərinə etiraz edən hər kəsi cəzalandıracağını bildirdi və bunu Konstitusiya Məhkəməsinin qərarı kontekstində etdi…
Eyni şey İspaniya və İtaliyaya da aiddir – açıq mənbələrdə onların sanksiya ideyasına qarşı olduqları barədə məlumatlar var idi.
Müvafiq olaraq, biz çox etibarlı məlumat əsasında bəyanat verdik, lakin bunun ardınca müxalifət tərəfindən spekulyasiyalar oldu. Aİ Şurasının iclasında gürcü xalqını dəstəkləyən bütün ölkələrə bir daha təşəkkür etmək istəyirəm”.