Aralıq dənizində qaz, Suriya qaçqınları və Lukaşenkoya qarşı sanksiyalar. Kipr Avropa İttifaqını necə girov götürüb?
Avropa İttifaqının 27 üzv-ölkəsinin xarici işlər nazirləri seçki saxtakarlığına və öz xalqına qarşı repressiyalara görə fərdi sanksiyaların tətbiq ediləcəyi Belarusun 40 yüksək vəzifəli şəxsinin adlarının əks olunduğu siyahını razılaşdırıblar. Amma siyahını qəbul etmək mümkün olmayıb – Belarusla qətiyyən əlaqədar olmayan başqa məsələyə görə.
26 nazir sanksiyaların “lehinə”, bir nəfər isə “əleyhinə” səs verib. Bu, Kipr nümayəndəsi olub. Amma Avropa İttifaqının qaydalarına əsasən, sanksiyaların tətbiq edilməsi haqda qərar yalnız yekdilliklə qəbul edilə bilər.
Bununla belə, Belarusda baş verənlərin dəyərləndirməsində Kiprin mövqeyi digər Aİ üzvlərinin mövqeyindən fərqlənmir. Amma bu ölkə şərt qoyur: əgər Avropa İttifaqı Türkiyənin Aralıq dənizindəki əməllərini qınasa, “lehinə” səs verəcək.
Rusiya Belarusu alacaq? Ekspert rəyləri
Belarus: hakimiyyət repressiyaları gücləndirir və “islahat” təklif edir
Rusiyanın təbliğat desantı Belarusu ələ keçirib
Söhbət Aralıq dənizinin şərqindəki nəhəng qaz yatağı ətrafında yaranmış münaqişədən gedir. Bu münaqişəyə bir tərəfdən Kipr və Yunanıstan, digər tərəfdən isə Türkiyə cəlb olunub. Hər iki tərəf bu yatağın istismarında öz haqlarını müdafiə edir.
Yeni nəhəng qaz yatağı Türkiyə və Yunanıstan arasında münaqişəyə səbəb olub. regionun digər ölkələri də münaqişəyə cəlb olunur, hələlik Türkiyəni ancaq Azərbaycan dəstəkləyir
Avropa İttifaqı Türkiyə ilə qarşıdurmadan qaçmağa çalışır. Əsas səbəb ondan ibarətdir ki, Türkiyə ərazisində 3 milyona qədər Suriya qaçqını var. Türkiyə prezidenti Ərdoğan xoş olmayan addımlar atılarsa, qaçqınları artıq ölkəsində saxlamayacağı ilə təhdid edir və bu zaman Avropa qaçqın axını ilə üz-üzə qalacaq.
Avropa diplomatiyasının rəhbəri Jozep Barrel deyib ki, “Lukaşevko rejiminə qarşı sanksiyalar məsələsi girov götürülüb” və hazırda bu məsələnin həllinin onun “şəxsi məsuliyyəti” olduğunu əlavə edib.
Artıq Şərqi Aralıq dənizindəki qaz münaqişəsi ilə əlaqələndirilmiş Lukaşenkoya qarşı sanksiyalar məsələsi bu həftə NATO qərargahında Türkiyə və Yunanıstan hərbi nümayəndə heyətləri, daha sonra isə Avropa İttifaqının üzv dövlətlərinin başçıları tərəfindən müzakirə olunacaq.