İtaliyada Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyanı saxlamağa cəhd göstəriblər. Müxalif “Yelk” fraksiyasının rəhbəri Facebook səhifəsində saxlanmasını təsvir edib və başına gələnləri “mühasirə” adlandırıb.
“Məni saxlamağa gəldilər. Sən demə, Ermənistan hakimiyyəti məni interpol vasitəsilə axtarışa verib. 2008-ci ildən bəri axtarırlar, tapa bilmirlər”, – Nikol Paşinyan yazıb.
Bu insident on il əvvəlki hadisələr üzündən baş verib.
2008-ci il prezident seçkilərindən sonra Ermənistan müxalifəti seçkilərin nəticəsinə etiraz olaraq aksiyalar təşkil etməyə başlayıb. Həmin vaxt hazırda dövlət başçısı olan Serj Sarqsyan prezident seçilib. Aksiya iştirakçıları isə hesab edirdilər ki, seçkilərdə səsvermənin yekunlarına görə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan qalib olub.
Matın 1-də hakimiyyət fevralın 20-dən başlayan etiraz aksiyalarını dağıtmaq qərarına gəlib. Mitinqçilərlə polis arasında baş verən qarşıdurma nəticəsində10 nəfər həlak olub.
Həmin günlərdə Paşinyan vətəndaşları “respublikada hakimiyyəti ələ keçirmiş kriminal oliqarx sistemin süquta yetirilməsi və Ermənistanda qanuni hakimiyyətin bərqərar olması üçün mübarizəni davam etdirməyə”, çağırıb.
16 ay ərzində polis gizlənən Paşinyanı axtarsa da, tapa bilməyib, amma 2009-cu ilin iyulunda o, könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
Paşinyana qarşı cinayət işi qaldırılıb. O, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə və kütləvi iğtişaşların təşkilində ittiham olunub. Amma 2011-ci ilin mayında Paşinyan “Bir mart” işi çərçivəsində saxlanılan digər şəxslərlə birlikdə azad edilib.
Ermənistanda bu gün insanlar Paşinyanın İtaliyada başına gələn hadisə haqda xəbəri paylaşaraq, olanları belə dəyərləndiriblər: Bu, sadəcə təəccüblü və gülməlidir, 2011-ci ildən bəri Paşinyan haqda axtarış təlimatı ləğv olunmayıb.
Bununla bağlı polis rəsmi bəyanat yayıb:
“Bildiririk ki, Nikol Paşinyan 01.07.2009-cu il tarixində Ermənistan hüquq-mühafizə orqanlarına təslim olandan sonra Ermənistanın İnterpoldakı nümayəndəliyi 21.07.2009-cu il tarixində İnterpolun Baş Katibliyinə Paşinyanın axtarışının dayandırılması haqda xəbər verib. Daha sonra bu barədə təşkilatın bütün üzv ölkələri məlumatlandırılıb”.