İstirahət edən adamın portreti
Məzuniyyətlərini Abxaziyada keçirən insanlar kimlərdi? Onlar harada yaşayır, burada nələri bəyənir, nələri sevmirlər? Bunu Suxumun Botanika bağında turistlərin arasında bir axşam keçirməklə öyrənmək mümkündür.
“Abxaziya ilə Rusiya arasındakı sərhəd məyus etdi
Evdar xanım Oksana Yarovaya Abxaziyaya uşaqları ilə birlikdə dincəlməyə gəlib:
“Azovdan, Rostov vilayətindən gəlmişik. İxtisasca informasiya texnologiyaları üzrə mütəxəssisəm, amma indi müvəqqəti olaraq işləmirəm, uşaqlara baxıram. Yoldaşım dövlət qulluğundadır, amma dəqiq harada işlədiyini deyə bilmərəm, bunu deməzlər, özünüz bilirsiz.
Artıq üçüncü dəfədir ki, bura gəlirəm. Uşaqlarla Yeni Afonu başdan ayağa gəzmişik, amma Suxuma qədər gəlib çıxmamışıq. Ən böyük minus şəhərdə dağıntıların çox olmasıdır. Həm də Abxaziya ilə Rusiya arasındakı sərhəd məyus etdi – uşaqlarla növbədə durmaq çox çətindir, onu tamam götürsəydilər daha yaxşı olardı. Amma bunun üçün də Rusiya ilə birləşmək lazımdır. Prinsipcə bizim artıq birləşmək təcrübəmiz də var.
Gəncləriniz bir az qəribədir – bu cür istidə cins şalvar və bağlı ayaqqabıda gəzirlər. Həm də gəncləriniz özünü qəribə aparır, bizim ölkədə də belələri var. Amma sizdə ləzginkanı qəşəng oynayırlar.
Yerli mətbəx çox xoşuma gəldi. Xaçapuri, küpdə bişirilən tərəvəz çox dadlıdır. Mamalıqanı müxtəlif variantlarda dadmışıq, hamısı da çox yaxşıdır. Ümumilikdə qiymətlər normaldır, özümüzlə 70 min rubl götürdük [təxminən $1,000], hər şeyimizə də çatır.
Buranın adamları mehribandır, düzdür, bir az da emosionaldırlar, axı bura Qafqazdır. Ümumiyyətlə ailəmizdə belə bir ənənə formalaşıb, dincəlməyə ancaq Apsnıya – “Qəlbin ölkəsinə gedirik. Maldiv adaları isə bizi maraqlandırmır.
Zina xala üçün şokolad
Müəllimə İrina Bebriş Abxaziyaya öz şagirdləri İlya və Roman Zinçenko qardaşları ilə gəlib:
“Biz Sibirdənik, Xakasiya respublikası, Abakan şəhəri. Bura daha çox maariflənmək məqsədilə gəlmişik. Uşaqlar ikinci sinifdə oxuyurlar, mən də onların müəlliməsiyəm. Abxaziyanın florası, qəribə bitki növləri ilə tanış olmaq və kivinin yetişdirilməsi haqqında elmi iş yazmaq üçün gəlmişik.
Çoxları bura şagirdlərimlə gəldiyimi biləndə təəccüblənir, amma uşağa nəyisə ancaq təcrübədə öyrətmək mümkündür. Buna görə də üzərimə bu cür məsuliyyəti götürdüm. Müəllimlər bizdə az maaş alır, 24 min rubl [təxminən $350], mən də pul yığıb, uşaqlarla bura gəldim. On günlük gəlmişik, bədxərclik etmirik, amma artıq çox yerdə olmuşuq.
Uçuş çox baha başa gəldi, hardasa 100 min rubl [təxminən $1,500], bir o qədər də istirahətə lazımdır. Bazarın yanında, Zina xalanın evində 500 rubla otaq kirayələmişik. Çox yaxşı qadındır, ona hətta şokolad da bağışlamaq istəyirik.
Hər şeyi çox bəyənirik. Ekskursiyalar ucuzdur, bu da sevindirir.
Abxaziya ilə bağlı təəssüratlarımız olduqca müsbətdir, yeni muzeylərdən xoşumuz gəlir, dəniz kənarı çox maraqlıdır, heykəllər gözəldir. Mənfi cəhətlərdən ictimai nəqliyyatı qeyd etmək istərdim: avtobuslar böyük fasilə ilə gəlir və dolu olur, taksidən istifadə etməli oluruq ki, bu da bizim üçün çox bahadır.
İnsanlarınız çox mehribandır, həmişə köməyə gəlməyə hazırdırlar.
İstənilən getdiyim ölkəyə adətən ikinci dəfə də baş çəkirəm, çünki birinci dəfə təəssürat alırsan, ikinci dəfə isə artıq müəyyən fikrin formalaşır. Buna görə gələn il də bura gələcəyik.
“Dağıntılar çox məyus edir
Təqaüdçü Vasili Züqanov Abxaziyaya Moskvadan gəlib:
“İlk dəfədir ki, Abxaziyaya gəlirəm. Təqaüdçü olduğuma görə, mənə ancaq səyahət etmək, dünyanı tanımaq qalır. Uzun müddət prokurorluqda çalışmışam, prokuror olmuşam.
Qiymətləriniz normaldır, hətta Moskva ilə münasibətdə ucuz olduğunu demək olar. Hələlik təkcə şəhərin mərkəzini və sahili görə bilmişəm. Amma hələ hər şey irəlidədir. Təbii ki, dağıntılar çox məyus edir, amma bunun müharibənin izləri olduğunu çox gözəl anlayıram.
Dostlarım müharibəyə qədər Abxaziyada çox olub, mənə də həmişə danışıblar, mən də bura gəlmək qərarını verdim. Abxaz mətbəxindən xoşum gəldi, ümumiyyətlə, göründüyü kimi yeməyi sevənəm. Mamalıqadan isə xoşum gəlmədi, onu hər adam sevmir.
Abxaziyanı həm də buradakı sakitliyə görə seçdim. Baxın, bu gün dünyada nələr baş verir – hər yerdə terror aktları, müharibələr, burada da bu günlərdə mitinqlər keçirildi, yaxşı qurtardıq.
“İnter-Suxum otelində yaşayıram. Mitinqlərdən sonra çoxları Soçiyə yollandı, mənsə burada qalmaq qərarına gəldim. Abxaziya xalqına malik olduqlarına qiymət verməyi və bura çoxlu turistlərin gəlməsini arzu edərdim. Gələn il Krıma getməyi planlaşdırıram, onu Abxaziya ilə müqayisə etmək maraqlı olardı.
“Sizə bizim prezidentimiz kimi prezident lazımdır
Olqa və Sergey Borisovlar qızları Nadya ilə birlikdə Abxaziyaya Sankt-Peterburqdan gəliblər:
“Piterdən uçmaq rahat olduğuna görə Abxaziyanı seçdik. Həm də biz sizinlə xasiyyətcə oxşayırıq, siz də, biz də yolda sürəti sevirik.
İxtisasca proqramçıyam, yoldaşım evdar xanımdır. Orta gəlirli ailələrdənik, dəqiq nə qədər qazandığımı demək çətindir, ayda 80 min rubla yaxın [təxminən $1,200] olur, bizə çatır. Hətta istirahət üçün də pul yığa bildik.
Buranın gözəl təbiəti, dənizi var, amma yerli əhalinin mentaliteti bir az incidir. Dəniz sahili ilə gəzişirdik, yerli oğlanlar xanımımı maşınla yola salmağı təklif etdilər, bu, əlbəttə, gözlənilməz oldu.
Həm də yerli əhalinin tənbəl olduğunu gördük, özləri də bunu etiraf edirlər.
Həm də heç yerdə malın üstündə qiymət yazılmır, elə təəssürat yaranır ki, səni aldadırlar. Bu, əsasən gənclərə aiddir. Məsələn, Piterdə belə şey yoxdur: “Ey, bura gəl, səni yüz manata hara lazımdır apararıq. Amma yerli əhalini də başa düşmək olar, camaatın turistdən başqa qazanc yeri yoxdur. Amma yeri gəlmişkən, Krımda insanlar daha mehribandır.
Ümumilikdə isə buradan xoşumuz gəldi, qiymətlər də münasibdir. 1,500 rubla [təxminən $25] dəniz mənzərəsinə açılan otaq tutmuşuq. Mütləq bura bir də gələcəyik.
Əslində biz məmnuniyyətlə dəniz qırağında ev alardıq, amma bildiyimizə görə, burda ruslara daşınmaz əmlak satılmır. Yoxsa biz asanca Piteri Abxaziyaya dəyişərdik. Bizdə hava boz və tutqundur, orada ancaq işləmək olar, vəssalam.
Bizim prezidentimiz kimi prezidentiniz olsaydı, burada hər şey əla olardı. Məmnuniyyətlə bura bir də gələrdik, amma gələn istirahətimizi Avropada keçirmək istəyirik.
“Heç kim heç yerə tələsmir
Anna Sevastopoldan olan üz cərrahıdır. İk dəfədir ki Abxaziyaya gəlib:
“Dostumla altı günlük bura gəlmişəm. Təbiətiniz gözlədir, söz yoxdur. Yeni Afon mağarasında, Mzı gölündə, Aatsın şəlaləsində oldum.
Amma onu da deyim ki, sizin bu müharibənin izləri məni çox qorxudur, dağıdılan evlərin şəkillərini çəkirəm ki, sonra da dost-tanışıma göstərim.
Təəssüf ki, sizin mətbəxinizdən ancaq pendirin dadına baxmışam, axı mən vegetarian və buddistəm.
Yeri gəlmişkən, ilk dəfə Qaqraya qatarla gələndə dedim: “Bu ki bizim Yaltadır. Bizdə, Sevastopolda da subtropik bitkilətr də var, palma da, amma burdakından daha azdır.
İnsanlarınızın çox yaxşı yumor hissi var, onlara qulaq asanda həmişə gülümsəyirəm, şən adamları çox sevirəm.
Amma mənfi cəhətləriniz də var: hamınız çox astagəlsiniz, heç yerə tələsmirsiz, heç kimin heç bir işi yoxdur. Gəncləriniz çox yaraşıqlıdır, hamısı qara saçlı, qara gözlü, qara qaşlı, qızlar gözəldir.
Abxaziyaya bir daha gələcəm, hardasa meşədə, şəlalənin altında çadırda yaşayacam, bu mənim arzumdur.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər