Gürcüstan müxalifəti keçmiş baş nazirin ailəsinin bu qədər pulu haradan əldə etdiyini öyrənməyi tələb edir
İrakli Qaribaşvilinin mülkiyyətinin mənbələri
Gürcüstanın parlament müxalifəti ölkənin keçmiş baş naziri, hakim “Gürcü Arzusu” partiyasının hazırkı sədri İrakli Qaribaşvilinin mülkiyyətinin mənbələrinin araşdırılması üçün komissiya yaradılmasını tələb edir. Bu barədə deputatlar parlamentdə keçirdikləri mətbuat konfransında bildiriblər.
Müxalifət partiyalarından birinin lideri Aleko Elisaşvili deyir ki, hər şey şəffaf olmalıdır ki, ictimaiyyət İrakli Qaribaşvili və onun ailəsinin həqiqətən korrupsioner olub-olmadığını başa düşsün:
“Biz şəffaflıq, şəffaflıq və yalnız şəffaflıq istəyirik. Biz şayiələrə və ehtimallara bel bağlamaq istəmirik, biz Gürcüstan parlamentinin üzvləriyik və hazırda İrakli Qaribaşvili və onun ailəsinin mümkün sənədsiz aktivləri ilə bağlı istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edirik”.
- Gürcüstan, 9 Aprel faciəsi: sovet ordusunun Tbilisidə dinc nümayişçilərə divan tutmasından 35 il ötdü
- “Ruslar olmasaydı, özümüz həll edərdik”. Gürcü-osetin münaqişə zonası kəndlərindən reportaj
- Stalin və Gürcüstan. Mürəkkəb münasibətlərin tarixi
İrakli Qaribaşvili ailəsi ətrafında son korrupsiya qalmaqalı keçmiş baş nazirin təqaüdçü atasının çoxmilyonluq biznesi və aktivlərinin olması barədə iddialardan sonra alovlanıb.
Bundan əvvəl İrakli Qaribaşvili vergi bəyannaməsində 2023-cü ildə valideynlərindən 150 min lari [təxminən 56 min dollar] hədiyyə aldığını göstərmişdi.
Keçmiş baş nazirin atası Tariel Qaribaşvili işsiz təqaüdçüdür, rəsmi olaraq heç bir biznesi yoxdur, baxmayaraq ki, onun doğma bələdiyyəsində nəhəng evi və 4,5 hektar torpaq sahəsi var.
Reyestrdə göstərilir ki, Tariel Qaribaşvili 2014-cü ildə, oğlu baş nazir olduqdan sonra torpaq almağa başlayıb. “Mtavari Arxi” televiziya şirkətinin araşdırmasına görə, 2012-ci ilə qədər, “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər, Qaribaşvilinin atası kənd qəyyumlarından biri olub və yalnız ailə evi və torpağına sahib olub.
Rəsmi versiyaya görə, Tariel Qaribaşvili oğluna nəinki külli miqdarda pul hədiyyə edir, əksinə onu başqa üsullarla da “əzizləyir”. Belə ki, 2023-cü ilin avqustunda baş nazir dövlət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə edib – o, Tbilisidən Münhenə və geriyə uçub, bu da 34 min avroya başa gəlib. Qaribaşvili bu səyahətin də atası tərəfindən ödənildiyini iddia edir.
Daha sonra baş nazir jurnalistlərə bildirib ki, o, heç vaxt maddi problemi olmayan varlı ailədəndir. Bununla belə, internetdə Tariel Qaribaşvilinin 2013-cü ildə müsahibəsi var, o, dostlarının topladığı pulla oğlunu Fransaya oxumağa göndərdiyini, oxuduğu müddətdə İrakli Qaribaşvilinin ofisiant işlədiyini və ailəyə maddi köməklik etdiyini deyir.