“İnsanlar bir-birini tanımaq istəyir”: ermənilər və azərbaycanlılar nə haqda danışırlar?
“Кавказский Перекрёсток / Caucasus Crossroad” Facebook qrupu müharibə istəməyən ermənilərin və azərbaycanlıların şəxsi təşəbbüsüdür. Burada əsasən tarixin və siyasətin dərinliklərinə varılmadan, ümumiləşdirmələrdən uzaq, toponimlərə irad bildirmədən və heç kimi heç nədə ittiham etmədən “ümumbəşəri” mövzular müzakirə edilir.
Ermənistan və Azərbaycan cəmiyyətlərində qarşılıqlı düşmənliyi nəzərə alsaq, bu qrupda mümkünsüz şeylər baş verir: ermənilər və azərbaycanlılar bir-birinin bayramlarını təbrik edir, müharibədə yaxını həlak olanlara başsağlığı verir və hətta qarşılıqlı ittihamlara varmadan sərhəddəki vəziyyəti müzakirə edirlər.
Bizim danışdığımız qrup adminləri Lalə və Rozadır. Əslində “Kavkazskiy perekrestok” komandası daha genişdir, axı iştirakçılar da çoxdur.
Lalə və Roza etiraf edirlər ki, qrupda rahat abu-hava yaratmaq üçün bəzən çox səy göstərməli olurlar, xüsusən də müharibədən dərhal sonra bu çox çətin idi.
Roza: Bu, asan iş deyil – burada həmişə sayıq olmalısan. Bəzən ümumiyyətlə gecə paylaşımı bağlamalı oluruq ki, adminlər rahat yata bilsinlər. İlk aylarda münaqişələr olurdu, amma yavaş-yavaş hər şey öz qaydasına düşdü.
Lalə: Qrup yanvardan mövcuddur, yəni müharibədən sonra yaradılıb, amma həqiqətən görürürk ki, zamanla daha rahat oldu, emosiyalar bir qədər sakitləşdi. Biz çox vaxt dava düşməsindən çəkinməyərək münaqişə mövzusunda paylaşımlar edirik.
Qrupda paylaşımlar premoderasiyadan keçir, amma şərhlərdəki müzakirələrə də nəzarət etmək lazım olur.
Roza: “Özünüzü Azərbaycan türkləri hesab edirsizmi, ya yox” mövzusunda azərbaycanlı istifadəçinin bir paylaşımı var idi. Şərhlərdə azərbaycanlılar arasında mübahisə başladı və paylaşım müəllifi onu silməli oldu. Biz belə nəticə çıxardıq ki, bu cür mövzularla bağlı premoderasiyada daha ehtiyatlı olmaq lazımdır.
İndi hər iki tərəf müharibədən yorulub və davam etmək istəmir (qatı millətçilərdən başqa). İnsanlar təmas nöqtələri tapmaq, anlamaq, bir-birini tanımaq istəyir. Uşaqlar haqda, onların gələcəyi haqda düşünürlər. Biz hətta xüsusi olaraq stereotiplər haqda mövzu açdıq, orada hər kəs ermənilər və azərbaycanlılar haqda ona məlum olan stereotiplər haqda danışa bilər. Ünsiyyətin qurulması üçün çox faydalı mövzudur.
Lalə: Silməli olduqlarım arasında terrora haqq qazandıran həyasız şərh məni çox təəccübləndirmişdi. Beləsi də olur, amma çox nadir. Yadda qalan paylaşımlardan isə, məsələn, bu yaxınlarda Azərbaycan və erməni dillərində oxşar ifadələrin axtarışı ilə bağlı paylaşım oldu, 500-dən çox şərh yazıldı. Qrup iştirakçıları nə qədər ortaq ifadə tapdıqlarına yaxşı mənada təəccübləndilər.
Təbii ki, “Kavkazskiy perekrestok” qrupunun adminləri zaman-zaman aqressiv əhvallı vətənpərvərlərin hücumlarına məruz qalırlar, amma artıq buna alışıblar.
Lalə: Mən bunu gözləyirdim, buna görə də gülümsəyirəm. Bizi daima gah Azərbaycanın, gah da Ermənistanın təbliğatında günahlandırırlar. Biz hesab edirik ki, ittihhamlar paralel olduğuna görə bizdə balansı qorumaq əla alınır. Bir dəfə bir iştirakçı dedi ki, mən “regionu Əfqanıstana çevirmək” istəyirəm, amma bunun mənim nəyimə lazım olduğunu heç cürə izah edə bilmədi.
Roza: Məni dostlarım da tənqid edirdi. Deyirdilər ki, mənim etdiyim doğru deyil. “Onlar bizi öldürüb” və sairə standart nitqlər. Tanışlarımdan biri deyirdi ki, heç vaxt türklərlə dostluq etməyəcək. Amma 8 aydan sonra xalçalar haqda paylaşım olanda başladı azərbaycanlıların şərhlərinə aqressiyasız cavab verməyə. Zaman kömək edir. Mən azərbaycanlılarla dostluğu davam etdirdiyim üçün bir an belə peşman deyiləm, ümid edirəm ki, bəzi ermənilərə öz nümunəmlə bizim hamımızın insan olduğunu göstərə bilmişəm.
Tənqid nə qədər çoxdursa, “Kavkazskiy perekrestok” komandasına insanlardan qrupun onlara nifrət və stereotiplərdən azad olmaqda kömək etdiyi haqda icmarıclar almaq bir o qədər xoş olur.
İstifadəçilərin çoxunun xaricdə yox, məhz Azərbaycan və Ermənistanda yaşaması faktı nikbinliyi artırır. Bu və bu cür platformalar bir-birindən heç vaxt olmadığı qədər uzaq olan iki cəmiyyətdə əhval-ruhiyyəyə təsir edə biləcəkmi?
Lalə: Mən qrupun təsiri ilə bağlı o qədər də nikbin deyiləm: indi iki ölkəyə 1600-ə qədər iştirakçı var, o qədər də böyük toplum deyil. Üstəlik qrup rusdillidir, bəzən ingilisdilli istifadəçilər də olur, amma belə çıxır ki, biz bu dillərdə danışmayan insanları itiririk. Bizim hədəflərimiz sadədir – qrup kiminsə stereotipləri qıra biləcəyi, kiminsə “düşmən tərəfin” nümayəndəsi ilə ünsiyyət qura biləcəyi platformadır.
Roza: Mən sadəcə istəyirəm ki, qonşular sülh içində yaşasınlar. İstədiyim vaxt Bakıya getmək imkanım olsun istəyirəm. Mənim dostlarım da bunu edə bilsinlər. Mənim ölkəm çiçəklənsin. Valideynlər ancaq itirmək üçün övlad sahibi olmasınlar. Heç kim bizdən daha yaxşı deyil. Digər ölkələr qonşuları ilə dostluq edir, biz isə ancaq müharibə edirik. Buna görə də mənim günüm qrupla başlayır və qrupla bitir. Həftədə 7 gün 24 saat.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.