İlham Əliyev: “Qarabağda ermənilərin həyatı işğal dövründən daha yaxşı olacaq”
Əliyev Qarabağdakı ermənilərin həyatı haqda
“Vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin”, – deyə Azərbaycan prezidenti İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib və əlavə edib ki, “Qarabağda ermənilərin həyatı işğal dövründən daha yaxşı olacaq”.
- “Azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkün deyil rəyi gücləndirirlər”. Bakıdan baxış
- Balik – “istəkli məkan”, yoxsa “bataqlıq”?
- “Xalqın gücü”: Gürcüstanın hakim partiyasının xidmətində olan Qərb əleyhinə hərəkat
Bu gün Azərbaycanın paytaxtında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Bu gün dünya: çağırışlar və ümidlər” mövzusunda 10-cu Qlobal Bakı Forumu öz işinə başlayıb.
Forumda 23 ölkədən dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT-nin beş strukturunun rəhbəri, 25 sabiq prezident, 21 sabiq baş nazir, xarici işlər nazirinin müavinləri – ümumilikdə 61 ölkədən 360 nümayəndə iştirak edir.
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib.
“Münaqişələrin həlli iki cür olur”
“Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir”, – İlham Əliyev qeyd edib.
Onun sözlərinə görə, Ermənistan azərbaycanlılara qarşı “etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib”.
“Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi”, – deyə Azərbaycan prezidenti xatırladıb.
“Ərazilərimizi güc tətbiqi ilə azad etmək bizim legitim hüququmuz idi”
Əliyev qısa olaraq 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsinin başlama səbəbləri haqda danışıb:
“1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər.
Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.
Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik”.
“Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var”
“Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik.
Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olub.
Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi. Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq”, – deyə Əliyev bildirib.
“Hazırda sülh üçün vaxt yetişib”
Əliyevin fikrincə, hazırda sülh üçün vaxt yetişib:
“Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik.
Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.
Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.
“Qarabağda yaşayan ermənilərin həyatı işğal dövründən daha yaxşı olacaq”
Azərbaycan prezidenti Qarabağın erməni icması məsələsinə də toxunub:
“Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.
Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq.
Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik”.