İlham Əliyev koronavirusun fəsadları ilə mübarizə üçün 1 milyard manat ayırıb. İqtisadçılar narazıdır
Prezident İlham Əliyev koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirini yumşaltmaq məqsədilə 1 milyard manat [600 milyon dollara yaxın] ayırıb. Yerli iqtisadçılar bu tədbiri qeyri-səmərəli hesab edir. Onların fikrincə, biznesi vergidən azad etmək və kreditlərin ödənişini yüngülləşdirmək daha doğru olardı.
Rəsmi məlumata əsasən, martın 22-ə qədər Azərbaycanda 53 koronavirusa yoluxma halı təsdiqlənib. Yoluxanların biri ölüb, on nəfər sağalıb, qalanlarının müalicəsi davam edir.
Ölkədə bütün teatrlar, kinoteatrlar, muzeylər, konsert zalları və idman zalları bağlıdır, kafe və restoranlar isə yalnız saat 15:00-a qədər işləyir.
Bəzi dövlət strukturlarının əməkdaşları bir aylıq ödənişli məzuniyyətə göndərilib.
Bununla yanaşı dünya bazarında neft qiymətinin düşməsi Azərbaycanın gəlirlərini kəskin azalda və devalvasiyaya səbəb ola bilər.
600 milyon dollar nəyə xərclənəcək?
Martın 19-da İlham Əiyev makroiqtisadi stabilliyin təmin edilməsi, məşğulluq məsələsinin həlli və pandemiyanın biznesə təsirinin minimuma endirilməsi üçün büdcədən 600 milyon dollar ayrılması haqda sərəncam verib.
Bu problemlərin məhz necə həll ediləcəyi və ayrılmış vəsaitdən necə istifadə olunacağı hələlik məlum deyil – təkliflər paketi 15-25 gün ərzində hazır olmalıdır.
Bu ideya yerli iqtisadçılara başından perspektivsiz görünür.
- Novruz və koronavirus: karantin səbəbilə Bakıda bahar şənlikləri təxirə salınıb
- Fövqəladə vəziyyət nə anlama gəlir – Gürcüstan sakinlərinə nəyə icazə verilir, nəyə icazə verilmir?
- Koronavirus haqda hər şey
Pul az, düşünmək üçün vaxt isə çoxdur
Müstəqil İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, pul çox az ayrılıb, təkliflər paketinin hazırlanması üçün zaman isə əksinə, hədsiz çoxdur. Onun sözlərinə görə, bu, hökumətin fövqəladə vəziyyət şəraitinə hazır olmadığını göstərir.
“Sadəcə maliyyə təsiri ilə problemi həll etmək mümkün deyil. Üstəlik, büdcə resurslarından istifadə olunması təcrübəsini nəzərə alsaq, 1 milyard manatın böyük hissəsinin təyinatı üzrə çatmayacağını gözləmək mümkündür”, – “Kavkazskiy uzel” iqtisadçıdan sitat gətirib.
İbadoğlu təklif edir: biznes üçün vergi və kredit güzəştləri tətbiq etmək; böhrandan əziyyət çəkən sahələrdə çalışan işverənlərə və işçilərə kompensasiya ödəmək; böhran üzündən işini itirənlərə müavinət ayırmaq; ünvanlı sosial yardımın, pensiyaların, minimum əmək haqqının və əlilliyə görə müavinatların həcmini artırmaq.
Bəs kölgə sektoru necə?
“Respublika” İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Cəfərli hesab edir ki, prezidentin sərəncamı bütün problemlər spektrini əhatə etmir. O, Azərbaycanın milyon yarıma yaxın sakininin kölgə sektorunda – əmək müqaviləsi olmadan işlədiyini xatırladıb. Əsasən bunlar kafe, pab, mağazalarda çalışanlardır, onlar işsiz və kompensasiyasız qalmaq təhlükəsi altındadırlar.
Cəfərli də hesab edir ki, bəzi xırda və orta biznes sahələrini yarım il müddətinə vergidən azad etmək, həmçinin kreditlər üzrə faizlərin hesablanmasını dondurmaq və kommunal xidmətlərə görə güzəştlər tətbiq etmək daha səmərəli ola bilər.
“Dövlət icarədarlarla danışıqlara getməlidir ki, onlar icarə haqlarını aşağı salsınlar. Fərqi isə məhz prezidentin ayırdığı vəsait hesabına ödəmək mümkündür”, – o əlavə edib.
“İmpulsiv addım”
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İqtisadi Məsələlər üzrə Komissiyasının sədri Nemət Əliyev bildirib ki, prezidentin sərəncamı daha çox “koronavirus pandemiyası və neft qiymətinin ucuzlaşmasının doğurduğu çaşqınlıqla atılmış impulsiv addıma” bənzəyir.
“Büdcə neftin barrelinin 55 dollar olmasına istinadən hesablarıb. İndi isə neftin qiyməti 30 dollara düşüb və aydın deyil ki, bu, nə qədər davam edəcək. Digər tərəfdən dövlət büdcəsi dibsiz quyu deyil, orada hər şey maddə-maddə qeyd olunub. 1 milyard manatın ayrılması digər maddələrin kəsilməsi deməkdir. Ümumiyyətlə, dövlət büdcəsinə edilən istənilən dəyişikliyi parlament eləməlidir”, – o deyib.