İtləri gəzdirmək olar, uşaqları yox. Azərbaycanda ikinci ikigünlük lokdaun
Azərbaycan ikinci ikigünlük lokdaunu yaşayır. İyunun 14-15-də böyük şəhərlərin sakinlərinə evdən çıxmaq tamam qadağan edilib, mağazalar və apteklər bağlıdır, nəqliyyat işləmir.
Ancaq itini gəzdirmək və ya xüsusi icazə olduqda (bu zaman ancaq şəxsi avtomobildən istifadə etmək və avtomobil üçün də ayrıca icazə əldə etmək lazımdır) evdən çıxmaq mümkündür.
- “Həyatımız onsuz da həmişə təhlükədədir”. İctimai fəal və keçmiş siyasi məhbus Qiyas İbrahimovla müsahibə
- Azərbaycanda təcili yardım gəlmədiyi üçün ölən qadının hekayəsi
- Koronavirus və qanun: Azərbaycan karantininin hüquqi tərəfi
Bu yolla hakimiyyət koronavirusun yayılmasına qarşı mübarizə aparır. İlk dəfə bu metoddan ötən həftəsonu, 6-7 iyun tarixində istifadə olunub. Eksperimentin nəticəsi daha çox mənfi olub – yoluxanların sayı azalmayıb (hər gün 300 nəfər civarında), əvəzində isə cəmiyyətdə narazılıq səviyyəsi az qala böhran həddinə çatıb. Bununla belə, hakimiyyət ikigünlük lokdaunu təkrarlamaq qərarına gəlib. Bu dəfə hər şey daha sakit baş verir.
İyunun 14-ə olan rəsmi məlumata əsasən, ümumilikdə Azərbaycanda COVID-19 virusuna 9957 yoluxma halı qeydə alınıb. 119 nəfər ölüb, 5583 nəfər artıq sağalıb, 4255 nəfərin müalicəsi davam edir. Ölkədə karantin rejimi iyulun 1-ə qədər uzadılıb.
Hazırkı ikigünlük lokdaun ötən dəfəkindən fərqli olaraq tam həftəsonuna təyin edilməyib: bu dəfə ikigünlük karantin bazar və bazar ertəsi günlərini əhatə edir, çünki iyunun 15-i Azərbaycanda Qurtuluş Günü qeyd olunur və istirahət günüdür. Bu, 1993-cü ildə Heydər Əliyevin (hazırkı prezidentin atası) hakimiyyətə qayıdışı ilə əlaqədar olaraq müəyyən edilmiş rəsmi dövlət səviyyəli bayramdır.

biri (JAMnews)
Ötən lokdaun təcrübəsindən sonra Bakı sakinlərinin əksəriyyəti mənzillərdə qapalı qalmamaq üçün şəhər kənarındakı bağlarına və ya əyalətə getmək qərarına gəlib.
İnsanlar zibil atmağa icazə verilmədiyi üçün 40 dərəcəlik istidə zibili iki sutka saxlamağa məcbur olduqlarından narazıdırlar.
Balaca uşaqların valideynləri isə hesab edirlər ki, yay vaxtı onların evə qapadılması lüzumsuzca sərt tədbirdir.
Amma ümumilikdə vəziyyət ötən dəfə ilə müqayisədə xeyli daha sakitdir. Polislərlə ciddi toqquşmalar hələlik yaşanmayıb, baxmayaraq ki, ötən lokdaun zamanı gərginlik ciddi həddə çatmışdı və kütləvi saxlanılmalarla nəticələnmişdi.
Amma sosial şəbəkələrdə paylaşılanlardan belə nəticəyə gəlmək olar ki, insanlar evə qapadılmalarını çarəsiz məcburiyyət kimi qəbul edirlər, amma bunun yoluxmaların artmasının qarşısını alacağına inanan yoxdur. Ən azı ona görə ki, həftənin qalan beş günü olduğu kimi qalır, nəqliyyat yenə də basabas, heç yanda insanlar arasında məsafə qorunmur.