"Hökm çıxarmağa tələsməyin": Paşinyanın həyat yoldaşı rəhbərlik etdiyi fonda qarşı ittihamları təkzib edir
Anna Akopyan fondla bağlı ittihamları rədd edir
Ermənistanın baş nazirinin həyat yoldaşı, “Mənim addımım” fondunun icraçı direktoru olan Anna Akopyan hüquq müdafiəçisi Daniel İoannisyan və “Müstəqil müşahidəçi” bloku ilə bağlı qarşılıqlı iddialarla çıxış etməyi planlaşdırır. O, artıq vəkillərinə işi araşdırmağı və Daniel İoannisyan barəsində cinayət işi başlanmasına əsas verə biləcək bəyanatla çıxış etməyi tapşırıb. Bloka qarşı iddia isə fondun işgüzar nüfuzuna və reputasiyasına vurulmuş zərərin kompensasiya olunması tələbini ehtiva edəcək. Bu barədə Anna Akopyan mətbuat konfransı zamanı jurnalistlərə məlumat verib.
Bundan əvvəl, aprelin 23-də “Müstəqil müşahidəçilər” bloku Anna Akopyanın inzibati məsuliyyətə cəlb edilməsi tələbi ilə İnzibati Məhkəməyə müraciət etdiyini açıqlayıb. İoannisyanın sözlərinə görə, hakim partiya ilə “əlaqəli” olan fond Ermənistanda seçkilərin keçirilməsi haqqında prezident fərmanı qüvvəyə mindikdən sonra fəaliyyətini dayandırmalı idi, lakin işini davam etdirib.
Baş nazirin həyat yoldaşı seçkilərdə iştirak etmədiyini və seçkiqabağı təşviqat aparmadığını bildirib.
O vurğulayıb ki, “Müstəqil müşahidəçi” bloku “birbaşa təşviqat sübutları” aşkar etməyib. Onun sözlərinə görə, məsələ ondadır ki, fondun xeyriyyə proqramları və onun şəxsi imici onların gözündə hakim siyasi partiya ilə assosiasiya olunur.
Anna Akopyan rəhbərlik etdiyi fondun proqramlarının təxirə salınması üçün heç bir əsas görmür. O, “Mənim addımım” fondunun Ermənistan qanunvericiliyinin heç bir müddəasını pozmadığına əmindir. Bundan əlavə, fondun tərəfdaşlar, o cümlədən beynəlxalq qurumlar qarşısında öhdəliklərinin olduğunu vurğulayıb. Buna görə də hesab edir ki, fond fəaliyyətini davam etdirməli və müqavilə öhdəliklərini yerinə yetirməlidir.
- Ermənistan xarici işlər nazirinin müavini Türkiyədə keçirilən forumda: “Ermənistan Avropaya körpüdür”
- “Üçbaşlı müharibə partiyasından baş nazirliyə namizəd: Robert Koçaryan” – Ermənistan Milli Məclisinin vitse-spikeri
- “Saxta hesablar ordusu baş nazirliyə namizədlərdən birini dəstəkləyir” – Ermənistan faktçekerləri
Anna Akopyan: “Benefisiarlar arasında heç vaxt təşviqat aparılmayıb”
Anna Akopyan hüquqlarının pozulduğunu bəyan etmək üçün jurnalistləri mətbuat konfransına dəvət edib. O vurğulayıb ki, söhbət Ermənistan Konstitusiyası və qanunları, eləcə də beynəlxalq konvensiyalarla təsbit olunmuş hüquqlardan gedir.
“Mən qadın, vətəndaş, seçici və fondun direktoru kimi hüquqlarımı qorumaqda qərarlıyam”, – deyə o bildirib.
Xüsusilə, o hesab edir ki, onun seçki hüququ və iradə azadlığı pozulub. Onun fikrincə, “hər bir insanın siyasi yönümü, səsvermə hüququ onun kimliyindən asılı olmayaraq ictimai müzakirə mövzusu ola bilməz”.
O, həmçinin hesab edir ki, onunla bağlı BMT-nin qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğvi haqqında Konvensiyasının müddəaları pozulub.
Anna Akopyan xatırladıb ki, 2022-ci ilin sentyabrında Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Həmin vaxt “Mənim addımım” fondunun icraçı direktoru vəzifəsini hakim partiyanın idarə heyətinin üzvü Mxitar Ayrapetyan tuturdu. Onun sözlərinə görə, fond həmin dövrdə seçkilərin keçirildiyi Şirak vilayətində xeyriyyə proqramları həyata keçirirdi.
“Lakin o zaman fondun və ya onun rəhbərinin cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün heç bir araşdırma aparılmayıb. Mən bunu qadınlara qarşı ayrı-seçkiliyin qanunla qadağan olunmasının pozulması hesab edirəm”, – deyə baş nazirin həyat yoldaşı izah edib.
O, Mərkəzi Seçki Komissiyasının izahına istinad edərək bildirib ki, xeyriyyə fəaliyyətinə qoyulan məhdudiyyət yalnız aşağıdakı hallara şamil olunur:
- fondun rəhbər orqanının üzvləri tam və ya qismən partiyanın daimi rəhbər orqanının üzvləri ilə üst-üstə düşürsə, yəni fond partiya tərəfindən idarə olunursa,
- fondun təsisçisi və ya rəhbəri seçkilərdə namizəd kimi irəli sürülürsə.
“Faktiki olaraq, nə fondun icraçı direktoru, nə də qəyyumlar şurasının üzvləri hər hansı siyasi qüvvəni təmsil edir və ya qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak edir. Fondun hər hansı proqramı çərçivəsində benefisiarlar arasında heç vaxt təşviqat aparılmayıb”, – deyə Akopyan vurğulayıb.
“Mənim addımım” fondunun hakim partiya ilə assosiasiya olunub-olunmaması ilə bağlı jurnalistlərin sualına cavab olaraq o, bu sualı Ermənistan sakinlərinə ünvanlamağı tövsiyə edib:
“Mənim bu barədə fikrim yoxdur. Siz dəqiqləşdirin, assosiasiya olunur, ya yox. Daniel İoannisyan hesab edir ki, olunur. Amma bunun seçkilərə nə aidiyyəti var?”
Fondun rəhbərinin sözlərinə görə, “Müstəqil müşahidəçi” blokunun bəyanatları “mübahisəlidir” və o, bunları məhkəmədə mübahisələndirəcək:
“Guya hansısa pozuntuya yol verdiyimiz barədə yekun hökm çıxarmağa tələsməyin. Bunu məhkəmə müəyyən edəcək. Ola bilər ki, biz uduzaq. Ola da bilər ki, yox. Mən qabaqcadan nəticə çıxarmaq və özümə hakim rolu vermək istəmirəm”.
“Müstəqil müşahidəçi” blokunun mövqeyi: baş nazirin həyat yoldaşı hansı pozuntulara yol verib
“Müstəqil müşahidəçi” bloku İnzibati Məhkəməyə müraciət edərək “Mənim addımım” fondunun icraçı direktorunun 15 epizod üzrə inzibati məsuliyyətə cəlb olunmasını tələb edib.
“Seçki Məcəlləsinin 19-cu maddəsinin 6.1-ci hissəsinə əsasən, hər hansı partiya ilə əlaqəli fondlar prezidentin seçkilərlə bağlı fərmanı qüvvəyə mindiyi andan etibarən fəaliyyətlərini dayandırmalıdır”, – deyə blokun nümayəndəsi Daniel İoannisyan vurğulayıb.
Qanun belə pozuntuya görə 6 milyon dramadək (16 min dollar) cərimə nəzərdə tutur.
İoannisyanın fikrincə, “Mənim addımım” fondu birmənalı şəkildə “Vətəndaş müqaviləsi” partiyası ilə assosiasiya olunur. O xatırladıb ki, fondun qəyyumlar şurasının sədri hakim fraksiyadan olan fəaliyyət göstərən deputat Lena Nazaryandır. Bununla belə, o, 2026-cı il üzrə partiyanın seçki siyahısına daxil edilməyib.
“Bundan əlavə, “Mənim addımım” məhz “Vətəndaş müqaviləsi” partiyasının Yerevan Ağsaqqallar Şurasında və əvvəlki çağırış parlament seçkilərində formalaşdırdığı blokun adı idi. “Mənim addımım” hakim partiyanın istifadə etdiyi brenddir”, – deyə o bildirib.
Onun sözlərinə görə, fond fəaliyyətini dayandırmalı idi, lakin xeyriyyə layihələrini həyata keçirməyə davam edib.
“Müstəqil müşahidəçi” bloku son aylarda fondun fəaliyyətini ətraflı araşdırıb və nəticədə bəyan edib ki, Cinayət Məcəlləsində nəzərdə tutulan heç bir hüquq pozuntusu aşkarlanmayıb:
“Cinayət Məcəlləsinin 221-ci maddəsinə görə, namizəd, partiya üzvü və ya səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilən xeyriyyə fəaliyyəti cəzalandırıla bilər. Əslində isə nə Anna Akopyan, nə də fond namizəd, partiya, səlahiyyətli nümayəndə və ya partiya üzvüdür. Bu baxımdan cinayət tərkibi yoxdur”.
İoannisyanın sözlərinə görə, xeyriyyə fəaliyyəti təşviqatla müşayiət olunmayıb ki, bu da cinayət məsuliyyətini istisna edir.
Kontekst
Bir neçə ay əvvəl Anna Akopyan vətəndaş nikahında olduğu Nikol Paşinyanla münasibətlərini dayandırdığını açıqlamışdı. O, hökumət iqamətgahını tərk etdiyini bildirdiyi video yayımlamışdı. Akopyan həmin vaxt “Mənim addımım” fondundakı fəaliyyətinə də toxunmuşdu. O, fondun icraçı direktoru kimi cinayət məsuliyyətinə cəlb olunma ehtimalını istisna etməmişdi. Lakin işin detalları barədə heç nə deməmişdi.
Ermənistanda parlament seçkilərinin keçirilməsi ilə bağlı prezident fərmanı dərc olunduqdan sonra fond yeni başlayanlar üçün pulsuz ingilis dili kurslarının təşkilini elan etdi. Ehtimal olunurdu ki, bu, xeyriyyə fəaliyyətinə qoyulan qadağanın mümkün pozuntusu kimi qiymətləndirilə bilər. Fevralın sonunda Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Artur Naapetyan bildirmişdi ki, fondun fəaliyyəti hazırda araşdırılır. Lakin yaxın vaxtlarda o, rəhbərlik etdiyi qurumda Anna Akopyanla bağlı hər hansı cinayət işinin olmadığını açıqlayıb.
Ermənistanın baş naziri ilə səs-küylü ayrılığa gəldikdə isə, son vaxtlar Akopyan Paşinyanın tez-tez hökumət iqamətgahından paylaşdığı videolarda yenidən görünməyə başlayıb. Bundan əlavə, o, bölgələrə səfərlərdə də onu yenidən müşayiət edir. Paşinyan özü isə bildirib ki, onun geri qayıtması üçün səy göstərib və ailəni qorumaq üçün ikinci şans əldə etdiyinə görə çox sevinir.
Anna Akopyan fondla bağlı ittihamları rədd edir