Hamıya yer çatmayacaq
Hekayələr
Diribaş və yumruyanaq on yaşlı Mişa heç də evsiz və zorakılığa məruz qalmış uşaqlar üçün sığınacaq sakininə oxşamır. Buna baxmayaraq, o artıq həm dilənməyə, həm də oğurluq etməyə məcbur olub. Bir dəfə atalığı uşağı cəzalandırıb: onu soyuq zirzəmidə bağlayıb, nəticədə Mişanın ayaqlarını don vurub. “Valideynlərin xəstəxanaya çox gec müraciət etdikləri üçün, uşağın bütün ayaq barmaqlarını amputasiya etməli olublar. Bu hadisəyə biganə qalmayan insanlar sığınacağa zəng vurublar və xəstəxanadan çıxandan sonra onu sığınacaqda yerləşdiriblər.
5 yaşlı Nigarın anası var, amma onun əsl adı heç kimə bəlli deyil, hətta onun özünə də. Doğuş vaxtı o xəstəxanaya gəlib və özünü uydurma ad altında təqdim edib. Uşağı doğduqdan sonra çıxıb gedib. Daha sonra məlum olub ki, anada şizofreniya və şəxsiyyət pozuntusu var. O, Göyçay şəhərində ixtisaslaşdırılmış müəssisədə saxlanılır və çox güman ki, oradan heç vaxt çıxmayacaq.
Balaca Əhmədin valideynlərinin tapılması üçün onu televiziyada göstəriblər. Məlum olub ki, ana onu öz məşuqunun qapısının ağzına atıb. Uşağın faktiki olaraq bu ailəyə heç bir aidiyyəti olmasa da, məşuqun ailəsi onu bir müddət saxlayıb, sonra uşağı televiziyada göstəriblər, daha sonra da sığınacağa düşüb. Ana hələ də ortaya çıxmayıb.
Beş yaşlı Elmira, anası və onun içki yoldaşlarına bir şüşə araq pulu yığmaq üçün bir sutka sərasər dilənib. Lazımi məbləğ yığılmadıqda o döyülür, seksual təzyiqə məruz qalırdı, anasıyla yaşayanlardan biri onun ayağını siqaretlə yandırırdı. Elmiranı sığınacağa polislər gətirib.
İlk on gün uşaq sərasər yatıb, üç ay gözlərinə qədər çəkdiyi papaqla gəzib. Anası üç kişi ilə birlikdə sığınacağa gələndə uşaq isterikaya düşüb, qışqırıb onu onlara verməməyi xahiş edirmiş. Ana özü ilə bir bağlama şirniyyat gətiribmiş, gətirdiyi sovqat bir həftə qapının ağzında qalıb, heç kim ona toxunmayıb, hətta uşaqlar belə.
“Azərbaycan uşaqları ictimai birliyinin sədr müavini Aida Əliyeva deyir: “Təəssüf ki, hökumət bu cür valideynlərə qarşı çox yumşaq siyasət aparır, onlar valideyn hüququndan məhrum olunmur.
Sığınacaq
“Azərbaycan uşaqları sığınacağı 2006-cı ildə təsis edilib. QHT-nin sədri Kəmalə Ağazadə artıq uzun illərdir ki, evsiz uşaqlarla işləyir. Sığınacaqda hər bir uşaq yatmağa yer, yemək və tibbi yardım ala bilər. Amma əksər hallarda uşaqlar polis və ya icra hakimiyyətinin nümayəndələri tərəfindən gətirilir.
Sığınacağın əsas problemi stabil maliyyələşdirmənin olmamasıdır. 2014-cü ilə qədər təşkilat qrantlar alırdı, daha sonra ölkəyə xarici qrant axını bağlandı və indi onlar ancaq könüllülərin ianələri ilə dolanmalı olurlar. Dövlət dəstəyi də almaq mümkün deyil, çünki sığınacaqların fəaliyyəti qanunvericiliklə heç cür tənzimlənmir. Ölkədə yeganə uşaq sığınacağının heç bank hesabı da yoxdur. Burada işləyənlərin hamısı könüllülərdir, çünki işçilərə maaş verməyə pul yoxdur. Hətta sığınacağın icarə haqqını rəhbərlik öz cibindən ödəyir.
“Bizə tez-tez İcra Hakimiyyətindən gəlirlər, – Aida xanım danışır, – amma onlar bizə heç bir kömək göstərə bilmirlər. Biz maliyyələşmə üçün bir çox təşkilatlara müraciət edərək, bizi hansısa sponsor proqramlarına daxil etməyi xahiş etmişik, amma bu heç bir nəticə verməyib. Bizim sahəmiz o qədər də böyük deyil və biz burada çoxlu sayda adam yerləşdirə bilmirik, buna görə İH nümayəndələrindən bizə heç olmasa yer ayırmağı xahiş etmişik.
Böhran
Sığınacağın binası Bakı mikrorayonlarından birində icarəyə götürülmüş kiçik evdir. Burada ancaq uşaqlar deyil, həm də müxtəlif səbəblər üzündən evsiz qalan analar, zorakılıq qurbanları, boşanma prosesi üzrə məhkəmə qərarını gözləyənlər və yaşamağa yeri olmayanlar qalır. Əslində iki yataq otağında cəmi 20-25 nəfər qala bilər, indi isə onların sayı otuzdan çoxdur.
Təşkilatın çoxlu sayda qəyyumluğa götürdüyü yeməyə çörək tapmayan yoxsul ailələr, bahalı əməliyyat və müalicəyə ehtiyacı olan uşaqlar var. “Bizim işçimiz könüllü əsasda, heç bir əmək haqqı almadan əməliyyata ehtiyacı olan yoxsul adamlarla birlikdə həkimlərin qəbuluna gedir və onları müalicəni pulsuz və ya çox ucuz qiymətə aparmağa razı salmağa çalışır. Rəsmi olaraq isə bizdə tibbi xidmət pulsuzdur, – Aida Əliyeva danışır.
Bütün mövcud problemlərdən əlavə, iqtisadi böhran ianələrin miqdarını kəskin şəkildə azaldıb. “Bayramlarda xüsusilə çox şey gətirirdilər, Qurban bayramında qurbanlıq ət, başqa bayramlarda da ərzaqlar olurdu. Bir neçə nəfər toplaşıb, 100 manatdan yığıb, bütün bu pula ərzaq ala bilirdilər. İndi artıq belə bir şey yoxdur, çox az kömək gəlir, – Aida xanım danışır.
Necə olmalıdır?
Dövlət uşaqları, onların həyatının çətin anlarında sığınacaqla təmin etməlidir. Misal üçün, “Təmiz həyat qadınlara dəstək ictimai birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ailə boşanma prosesində olanda, çox vaxt ancaq yaşamağa yeri olmayan və əri ilə bir mənzildə yaşamağa məcbur olan (və əksər vaxtlarda psixoloji zorakılığa məruz qalan) qadın çətin vəziyyətə düşmür, uşaq da eyni problemləri yaşayır, xüsusən də “ailə işi vətəndaş məcəlləsi çərçivəsindən çıxaraq, cinayət tərkibli olanda. Amma Azərbaycanda hüquq-mühafizə orqanları və problemli ailələr haqqında məlumat verə biləcək sosial xidmət əməkdaşlarının tandemi işləmir. Balaca Mişanın başına gələnlərə biganə qalmayan insanlar onun köməyinə gələrək, sığınacağa müraciət ediblər. Bəs belə insanlar olmayanda, necə?
Daha bir problem uşağa valideynlərinin boşanmasından tutmuş tüfeylilik və dilənçiliyə qədər istənilən çətin vəziyyətdə peşəkar psixoloji yardımın vacibliyidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin rəisi Taliyə İbrahimovanın sözlərinə görə, şəhərimizdə və regionlarda Ailə və Uşaqlara Dəstək Mərkəzləri fəaliyyət göstərir, onların işçiləri ailə üzvləri ilə görüşməli, söhbət aparmalı və psixoloji yardım göstərməlidirlər. Amma bu mərkəzlərin real fəaliyyəti sual altındadır.
Dərc edilib: 17.03.2016