Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan olunub. Bu nə deməkdir?
Həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu, sentyabrın 27-də səhər saatlarında Qarabağda bütün təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə bağlıdır. Ermənistan-Azərbaycan sərhədinin Ermənistanın Vardanis yaşayış məntəqəsi istiqamətində də gərginlik yaşanıb.
Artıq hökumətlərin bununla əlaqədar qərarları dərc edilib və hərbi vəziyyətin şərtləri və məhdudiyyətləri qeyd olunub.
• Qarabağda hərbi əməliyyatlar. Sentyabrın 27-də hadisələrin xronologiyası
• Ermənistandan şərh: Azərbaycan mediası niyə Qarabağ haqda “sensasiyalar” dərc edir?
• Azərbaycandan şərh: “Hər iki tərəfdə müharibə haqda düşünürlər”
Yerevandan informasiya
Ermənistan hökuməti sentyabrın 27-də gündüz ölkədə hərbi vəziyyət elan olunması haqda qərar qəbul edib. Qərar dərc olunan andan qüvvəyə minib.
Ermənistanda hərbi vəziyyət çərçivəsində
- ümummilli səfərbərlik élan edilib,
- Ermənistanın Silahlı Qüvvələrinin tətbiqi planı qüvvəyə minir,
- Ermənistanın Silahlı Qüvvələri , digər qoşunlar, mülki müdafiə və fövqəladə vəziyyət orqanları hərbi zaman tərkibinə və strukturuna keçir,
- 55 yaşına qədər ehtiyatda olan zabitlərin, gizirlərin və sıravilərin səfərbərliyi elan olunur,
- müdafiə naziri ehtiyatda olanların səfərbərlik çərçivəsində çağırışını təmin edir,
- hərbi nəqliyyat öhdəlikləri olan orqanların nəqliyyat vasitələrinin cəlb olunması qanunla nəzərdə tutulan qaydada, SQ-nin ehtiyaclarına müvafiq olaraq təmin edilir.
Bakıdan informasiya
Azərbaycan prezidentinin fərmanı ilə bütün ölkə ərazisində birinci gün, sentyabrın 28-i saat 00:00-dan hərbi vəziyyət tətbiq olunur.
Bununla əlaqədar olaraq hərbi vəziyyət müddətində saat 21:00-dan 06:00-a qədər Bakı, Sumqayıt, Yevlax, Mingəçevir və Naftalan, o cümlədən də Abşeron, Cəbrayıl, Fizuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında komendant saatı elan olunur.
Göstərilmiş saatlarda xüsusi icazə və şəxsiyyət vəsiqəsi olmadan vətəndaşlara küçədə və ya digər ictimai yerlədrə olmaq qadağandır.
Sadalanan şəhərlərdə və rayonlarda xüsusi giriş və çıxış rejimi tətbiq olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.