Gürcüstanlı biznesmen keçmiş baş nazir İvanişvilinin ondan 4 milyon tələb etməsi haqda danışıb
Gürcüstanın keçmiş baş naziri və iqtidar partiyasının hazırkı lideri Bidzina İvanişvili yerli biznesmendən dörd milyon dollar tələb edib. Bu haqdaa “Omeqa” Qrupu şirkətinin təsisçisi Zaza Okuaşvili yerli “Rustavi-2” telekalına danışıb.
Amma bu hələ hamısı deyil. Okuaşvili bildirib ki, elə həmin İvanişvilinin tapşırığı ilə keçmiş prokuror Otar Partsxaladze bir müddət əvvəl pul tələb etməsinin şahidi olan keçmiş idman naziri Levan Kipianini zirzəmiyə salıb və onu öldürməklə təhdid edib.
Okuaşvili hazırda Londondadır və oradan müsahibə verib. Onun “Rustavi-2” telekanalına təqdim etdiyi gizli kamera görüntülərində Kipiani zirzəmidə baş verən insident haqda özü danışıb.
Bundan başqa, biznesmen iddia edir ki, Gürcüstanın qeyri-formal lideri Bidzina İvanişvili özəl kommersiya banklarına təzyiq göstərir və buna dair sübutlar da təqdim edir.
Müsahibə böyük sensasiyaya səbəb olub və bütün cəmiyyətin diqqətini cəlb edib, üstəlik bu qalmaqal seçki ərəfəsində baş verib – Gürcüstanda oktyabrın 28-də prezident seçiləcək.
Hələlik Okuaşvilinin söylədiklərinin dəqiq təsdiqi yoxdur. Onun təqdim etdiyi gizli kamera ilə çəkilmiş video-görüntü də hələlik dəqiq deyil.
Bu hadisənin əsas fiqurantları haqda bəzi detalları, həmçinin bu hadisənin cəmiyyət üçün nə demək olduğu, qalmaqalın hansı nəticələr verə biləcəyi haqda danışacağıq.
____________________
Okuaşvili: “Mən İvanişvilini dəstəkləyirdim, amma onun qurbanına çevrildim”
“Omeqa” Qrupu Gürcüstanda 1991-ci ildən eyni zamanda bir neçə sahədə çalışmağa başlayıb. Qrupa “Omeqa Motors” (lüks avtomobillərin ixracı ilə bağlı olan biznes), OGT (Philip Morris, Rothmans və R.J.Reynolds şirkətləri ilə tərəfdaşlıq çərçivəsində siqaret istehsalı) və “Omeqa Teq” (Heidelberg şirkəti ilə tərəfdaşlıq çərçivəsində mətbəə) daxildir.
Tbilisidə yayımlanan “İberiya” telekanalı da “Omeqa” Qrupuna məxsusdur.
Gürcüstanın bundan öncəki prezidenti Mixail Saakaşvilinin rəhbərliyi zamanında “Omeqa” Qrupunun problemi yarandı və Zaza Okuaşvili ölkədən getdi.
Bu, 2004-cü ildə baş vermişdi. 2012-ci ildə Gürcüstanda daxili siyasi mübarizə kəskinləşdi və nəticədə Bidzina İvanişvili “Gürcü arzusu” partiyası ilə birlikdə hakimiyyətə gəldi. Okuaşvili açıq şəkildə Saakaşvili ilə mübarizədə “Gürcü arzusu”nu dəstəkləyirdi və partiya hakimiyyətə gələn kimi ölkəyə qayıtdı.
Həmçinin saytda: Mixail Saakaşvili haqqında gürcülərə vermək istədiyiniz 6 sual
Okuaşvilinin həyat yoldaşı Nato Çxeidze 2016-cı ildə iqtidar partiyasını dəstəkləyən müxalif “Vətənpərvərlərin Alyansı” partiyasından Gürcüstan parlamentinin deputatı oldu.
Amma elə həmin il “Omeqa” Qrupunun yenidən problemləri yarandığı haqda məlumat yayıldı.
2016-cı il sentyabrın 28-də Gəlirlər Xidməti elan etdi ki, “Omeqa” Qrupunun 50 milyon lari [20,4 milyon dollar] həcmində borcu yığılıb, bu borcu qapatmaq üçün “Omeqa” Qrupunun əmlakı auksiona qoyulmalıdır.
O zaman Zaza Okuaşvili İvanişvili ilə onun Tbilisi üzərindəki şüşə sarayında görüşüb.
Televiziya müsahibəsində o bildirib ki, “ədaləti bərpa etməyə” gəlib. Okuaşvili Saakaşvili zamanında biznesinə dəymiş ziyanın ödənilməsini xahiş edib. O bu xahişində İvanişvilinin seçkiqabağı kampaniya zamanı hakimiyyətlə münaqişəsi olan biznesmenlərin işlərini araşdıraraq, onlara qarşı ədaləti bərpa edəcəklərinə dair verdiyi vədə əsaslanıb.
O zaman görüşdə biznesmenin maraqlarının lobbiçiliyi ilə məşğul olan idman naziri Levan Kipiani də iştirak edib və Okuaşvilinin sözlərinə görə, bunun müqabilində yaxşı qonorar da alıb.
Okuaşvili deyir ki, İvanişvili ona problemlərini həll edəcəyinə dair söz verib.
Tezliklə İvanişvilinin yaxın çevrəsinə daxil olan o zamankı baş prokuror Otar Partsxaladze biznesmenlə əlaqə yaradıb. Prokuror problemin həllinin əvəzində 4 milyon dollar həcmində “təzminat” ödəməyi təklif edib.
Zirzəmiyə salınan keçmiş nazir
Biznesmenin sözlərinə görə, bundan sonra hadisələr detektiv janrında davam edib.
Okuaşvili təzminatı ödəmək istəməyib. Onun yuxarıda adı çəkilən vasitəçisi, idman naziri Levan Kipiani kömək üçün o zamankı baş nazir Giorgi Kvirikaşviliyə müraciət edib.
Baş nazirin işdən xəbəri olmadığı üçün Bidzina İvanişvili ilə əlaqə saxlayıb. Biznnesmen deyir ki, bu da İvanişvilinin qəzəbinə səbəb olub.
Biznesmenin söylədiklərinə görə, keçmiş idman nazirini binalardan birinin zirzəmisinə salıb, ağzını bağlayıblar, soyundurub, döyüblər və zorlama ilə təhdid ediblər.
Okuaşvilinin sözlərinə görə, Kipiani yalnız səhəri gün evinə gedə bilib və hətta intihar etmək istəyib.
İkinci görüş
Biznesmenlə İvanişvilinin növbəti görüşü 2016-cı ilin sonunda baş verib və bu zaman oliqarx dörd milyon dolları ondan şəxsən tələb edib
Bu görüşdə hazırkı daxili işlər naziri Giorgi Qaxariya (o zaman biznes-ombudsmen vəzifəsində olub) və həmin Levan Kipiani iştirak edib.
Bidzina İvanişvili qışqırır, “ictimaiyyətin ekranlardan tanıdığı insandan kəskin fərqlənirmiş”, “Omeqa” Qrupunun rəhbəri danışıb.
Onun fikrincə, İvanişviliyə bu milyonlar müxtəlif siyasi xadimlərin və ümumiyyətlə özünə qarşı loyal insanların dəstəklənməsi üçün lazım olub, çünki buna öz pullarını xərcləmək istəmir.
Həmçinin saytda:Əsrlik ağaclar – milyardçının son marağı
Ofşora köçürülən dörd milyon
Zaza Okuaşvilinin müsahibəsində Gürcüstanın iqtidar elitasının ünvanına səsləndirdiyi ciddi ittihamlardan biri də hakimiyyətin özəl kommersiya bankları ilə arasındakı münasibətlə bağlıdır.
O deyib ki, nəticədə bu dörd milyon dolları ödəməli olub. Pullar ofşorda qeydiyyatdan keçmiş hansısa şirkətin hesabına köçürülüb. Üstəlik şirkət pul köçürməsindən bir gün öncə qeydiyyatdan keçib və dörd milyon elə həmin gün Gürcüstanın ən iri banklarından birində – TBC Bankda hesabdan nağd şəklində çıxarılıb.
Okuaşvili deyir ki, bankın bu cür məbləğləri 24 saat əvvəl qeydiyyatdan keçən şirkətlərin hesabından çıxarmaq haqqı yoxdur, amma “bank rəhbərliyi təzyiqə tab gətirməyib”.
Reaksiya
Bidzina İvanişvili artıq biznesmenin müsahibəsini şərh edib.
O deyib ki, həqiqətən də Okuaşvili ilə görüşüb, amma yalnız “onun vergi ödəmiş batan şirkətinə kömək etmək” üçün.
İvanişvili biznesmenə onların görüşünün lent yazısını yaymağı təklif edib.
Hakimiyyət nümayəndələri bildiriblər ki, sensasiyalı müsahibə seçki öncəsi “qara piardır”, arxasında da “Milli Hərəkat” [keçmiş prezident Saakaşvilinin partiyası — JAMnews] dayanır.
Müxalifət və bir çox müstəqil müşahidəçilər hesab edirlər ki, Okuaşvilinin söylədiklərindən çoxu onsuz da məlum idi. Məsələn, Gürcüstanda Bidzina İvanişvilinin başçılığı altında kölgə hökumətinin mövcud olduğu – yəni əslində ölkəyə hökumətə daxil olmayan və heç bir rəsmi vəzifə tutmayan insanların rəhbərlik etdiyi yeni bir şey deyil.
Bir neçə Gürcüstan bankı xüsusi bəyanat yayıb.
Məsələn, aparıcı “Gürcüstan Bankı” bildirib ki, Okuaşvili artıq uzun müddətdir ki, borclarını ödəməyib və borcu 30 milyon lariyə [təxminən 12, 2 milyon dollar] çatıb.
TBC Bank isə bəyan edib ki, Okuaşvilinin haqqında danışdığı vəziyyət ümumiyyətlə yaşanmayıb və bank heç vaxt ofşorda qeydiyyatdan keçən şirkətin hesabından dörd milyon dollar nağd pul verməyb.