Gürcüstanın yeni prezidenti daha kasıb olacaq. İnauqurasiya və yeni iqamətgah haqda təfərrüatlar
Gələn il Gürcüstanın prezident administrasiyası 3,8 milyon lari [1,4 milyon dollardan çox] əskik maliyyə alacaq.
Gürcüstanın 2019-cu il büdcə layihəsinə əsasən, administrasiyanın maliyyələşdirilməsi məhz bu həcmdə azaldılacaq.
• Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdir
•“Gürcü arzusu”nun konstitusiyası
• Prezidenti öz iqamətgahından zorla çıxardacaqlar?
Bu prezidentin maliyyələşdirilməsi ilə bağlı yeganə dəyişiklik deyil.
Bundan başqa administrasiyanın yarıdan çox əməkdaşı işdən azad ediləcək. Əgər hazırda onların sayı 140 nəfərdirsə, yeni prezident Salome Zurabişvilinin administrasiyasında cəmi 60 nəfər olacaq.
Daha bir yenilik prezident fondunun tamamilə ləğv edilməsidir.
Hər il prezident fonduna büdcədən beş milyon lari [1,9 milyon dollara yaxın] köçürülürdü. Fonddan, məsələn, qərb universitetlərində təhsil alan gürcüstanlı tələbələrin təqaüdləri ödənirdi. İndi artıq prezidentin tələbələri sevindirmək iimkanı olmayacaq.
İnauqurasiya nə zaman olacaq?
Seçilmiş prezident Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da – qanunda nəzərdə tutulduğu kimi seçkilərdən sonrakı üçüncü bazar günündə keçiriləcək.
Amma hələlik mərasilin keçiriləcəyi yer bəlli deyil.
“Rustavi-2” telekanalının məlumatına görə, ola bilər ki, mərasim Telavidə [Gürcüstanın şərqində, Kaxeti regionunda şəhər] çar Yereklenin sarayında baş tutsun. Belə olarsa, bu, inauqurasiyanın paytaxtda keçirilmədiyi ilk hal olacaq.
Zurabişvilinin sələfi Giorgi Marqvelaşvili, o cümlədən də digər Gürcüstan prezidentləri Tbilisidə parlament binasında and içiblər. Elə oradaca həyətdə yeni seçilmiş prezidentin vəzifəyə qədəm qoyması ilə bağlı rəsmi mərasim baş tutub.
Birinci variant – hazırkı Gürcüstan prezidentinin Tbilisinin Avlabar ərazisindəki iqamətgahı.
İkinci variant – Tbilisidə, 2013-cü ildə dördüncü prezident Georgi Marqvelaşvilinin inauqurasiyasının baş tutduğu Gürcüstan parlamentinin həyətində keçirilən mərasim.
Gürcüstanın ilk prezidenti 1991-ci ildə ixtisasca filoloq, anti-sovet dissidenti Zviad Qamsaxurdiya olub. Bir il sonra, 1992-ci ildə Gürcüstanda hərbi çevriliş baş verib, nəticədə Qamsaxurdiya hakimiyyəti devrilib, özü ölkədən qovulub.
Foto: Gürcüstanın ikinci prezidenti Eduard Şevarnadzenin inauqurasiya mərasimi, 2000-ci il, REUTERS
Foto: Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin ikinci müddətə seçiləndə sonra inauqurasiyası. 2008-ci il. REUTERS/David Mdzinarişvili
Prezident harada işləyəcək?
Yeni prezidentin iqamətgahı da başqa yerdə olacaq.
Zurabişvili üçüncü prezident Mixail Saakaşvili dövründə inşa edilən Avlabardakı (Tbilisidə ərazi) prezident administrasiyasında işləməkdən imtina edib.
Zurabişvili Atoneli küçəsindəki iqamətgahda oturacaq. Beşinci prezidentin administrasiyasının yerləşəcəyi mülk binasında hazırda təmir gedir, küçədə isə yolçəkmə işləri aparılır.
Ümumilikdə “Gürcü arzusu” rəhbərliyi çoxdan Avlabar iqamətgahı ilə “döyüşürlər”.
Avlabardakı prezident iqamətgahı keçmiş baş nazir və ölkənin faktiki lideri Bidzina İvanişvili ilə prezident Marqvelaşvili arasında yaranan gərginliyin konkret səbəblərindən biridir.
Əvvəlcə imtina etməsinə baxmayaraq, prezident seçiləndən sonra Marqvelaşvili Avlabar iqamətgahına yerləşmək qərarına gəldi və bununla da İvvanişvili ilə münasibətləri biryolluq korladı.
Nəinki şəxsən Saakaşvilini, onun tikdini binanı da qəbul etməyən İvanişvili üçün Marqvelaşvilinin qərarı satqınlığa bərabər idi.
Zurabişvilinin hələ də pərdə arxasından ölkəni idarə edən keçmiş baş nazirlə münaqişəyə girmək həvəsində olmadığı bəllidir.
Zurabişvili Marqvelaşvilinin qonağı ikən
Amma Zurabişvili bir dəfə də olsa bu iqamətgaha ayaq basmaq məcburiyyətində qalıb.
Gürcüstanın hazırkı prezidenti Giorgi Marqvelaşvili dekabrın 3-də Avlabar iqamətgahına gələn yeni seçilmiş prezident Salome Zurabışvili ilə görüşüb.
Salome Zurabişvili bildirib ki, görüşdə inauqurasiya məsələləri və işlərin təhvil-təslim məsələləri müzakirə olunub.
Qeyd etmək lazımdır ki, 18 dəqiqəlik görüş əslində tarixi görüş olub – Gürcüstanın 27 illik müstəqilliyi ərzində yeni seçilən prezidentlə sələfinin konstruktiv və işgüzar şəraitdə görüşdüyü olmayıb.
Görüş təşəbbüsü ikinci turun nəticələri elan olunandan dərhal sonra Marqvelaşvili tərəfindən gəlib.