Gürcüstanın Şovi dağ kurortunda torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb və itkin düşüb
Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi
Zaza Mesxi, həyat yoldaşı Alina Polikovskaya və onların üç övladı (aşağıdakı şəkildə) Hollandiyada yaşayırlar, Gürcüstanın məşhur dağ kurortu Şovidə dincəlməyə gəliblər. Avqustun 3-də günorta saatlarında sürüşmə nəticəsində qəsədə, o cümlədən də ailənin istiharət etdiyi kotec nəhəng torpaq kütləsinin altında qalıb. O vaxtdan bəri onlarla əlaqə saxlamaq mümkün olmayıb.
“Azadlıq” radiosunun Gürcüstan nəşri yazır ki, bu gün Alinanın cəsədi tapılıb.
O, xilasedicilərin indiyədək tapa bildiyi 15 qurbandan biridir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 20-dən çox şəxs axtarışdadır. Eyni zamanda, Daxili İşlər Nazirliyi hələ də itkin düşənlərin adlarının əks olunduğu rəsmi siyahı dərc etməyib. Ailələr özləri sosial şəbəkələrdə sürüşmə zamanı Şovidə yaşayan və ya istirahət edən yaxınlarının fotolarını yayırlar.
“Orada mənim ailəmin doqquz üzvü qalıb, orada dincəlirdilər, hələ heç biri tapılmayıb. Bu gün xilasedicilər itimizi çıxardılar, onun necə sağ qaldığını bilmirəm”, – Marita Qutaşvili “Azadlıq” radiosunun jurnalistlərinə deyir.
Hazırda tapılanların hamısı tanınmayıb. Hökumət aparatının regional əlaqələr şöbəsinin rəhbəri Leri Barnabişvili bildirib ki, cəsədlərin bəziləri o qədər zədələnib ki, yaxınları onları tanıya bilməyib və ölənlərin kimliyi DNT analizi ilə müəyyən ediləcək.
Təbii fəlakət zonasından 200-dən çox insan təxliyə edilib. Faciənin baş verdiyi yerdə xilasedicilər və ordu işləyir, lakin xüsusi hazırlığı və avadanlıqları olmayan könüllülər oraya buraxılmır. Xilasedicilər hələ damına qədər və ya damları qarışıq torpaq kütləsinin altında qalan bağ evlərinə çata bilməyiblər.
Bir çox media çəkiliş qruplarının faciə yerinə buraxılmadığını yazır.
Zərərçəkənlərə kömək etmək üçün TBC Bankda xeyriyyə hesabı açılıb. Yarım milyon lari (təxminən 200 min dollar) məbləğində ilk ianə bankın özü tərəfindən edilib.
Gözlənilməz olan odur ki, parlamentin sədri Şalva Papuaşvili bildirib ki, maddi yardım toplamaq lazım deyil, çünki “hər şeyi dövlət öz üzərinə götürəcək”. Gürcüstanın baş naziri də açıq şəkildə digər ölkələrin köməyindən imtina edərək bildirib ki, Gürcüstan təkbaşına bunun öhdəsindən gəlir. Faciə barədə məlumat yayılandan dərhal sonra axtarış-xilasetmə əməliyyatına ilk yardım təklif edən Azərbaycan və Ermənistan olub. Dünyanın hər yerindən dəstək teleqramları gəlir.
Müxalifətdən hakimiyyətə qarşı ittihamlar var ki, onlar xilasetmə işlərinə gec başlayıblar, xüsusi texnika, o cümlədən xüsusi xilasedici helikopterlər yoxdur. Hakim partiyanın lideri İrakli Kobaxidze cavab olaraq hamını “nəticə çıxarmağa tələsməməyə” çağırıb. Onun özü də fəlakət zonasındadır, o, ora buldozerlə gətirilib.