Gürcüstanın Güləş Federasiyasının prezidenti ikiqat Avropa çempionunu döyüb. İstefaya getmək niyyəti də yoxdur
Güləş üzrə Gürcüstan Milli Çempionatı qalmaqalla yadda qalıb – Güləş Federasiyasının prezidenti Qeqa Qeqeşidze iki qat Avropa çempionu Zurab Datunaşvilinin başına metal əşya ilə vurub. Münaqişə Gürcüstan çempionatında, yüzlərlə azarkeşin gözləri qarşısında baş verib.
Datunaşvili Qeqeşidzenin istefasını tələb edir. Qeqeşidze isə bildirib ki, uğursuz çıxışından məyus olan idmançının sözü ilə istefa vermək niyyətində deyil.
________________________
Güləş üzrə Gürcüstan Çempionatı Tbilisidə İdman Sarayında yanvarınn 10-da başlayıb. Cavan idmançılarla yanaşı orada dünyanın və qitənin təcrübəli idmançıları da iştirak edib.
Gərgin döyüşlərdən biri yanvarın 11-də baş verib – döşəyə iki titullu idmançı: ikiqat Avropa çempionu (2016, 2017-ci illər) Zurab Datunaşvili və hazırkı Avropa çempionu Robert Kobliaşvili çıxıb.
Bu qarşılaşmadan çox şey asılı idi – qalib qitə çempionatına vəsiqə qazanacaq və eyni zamanda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq imkanı əldə edəcəkdi.
Qarşılaşmanın sonuna bir neçə saniyə qalmış Zurab Datunaşvili mühakiməsini ədalətsiz hesab etdiyi hakimlərdən birinə etirazını bildirib. O referini sözlə təhqir edib. İdmançının qardaşı və məşqçiləri dərhal münaqişəyə qarışıb. Sözlü münaqişə tezliklə bitib, amma daha sonra episentr güləş döşəyindən İdman Sarayının qərb tribunasına transfer olub. Bir anın içində orada kütləvi dava düşüb və kimin kimi vurduğu bəlli olmayıb.
“Rutavi-2” teleşirkətinə tamaşaçılardan birinin təqdim etdiyi kadrlarda davada digərləri ilə yanaşı Güləş Federasiyasının prezidentinin də fəal iştirak etdiyi görünür. Həm də dalaşanları ayıranların sırasında yox, əksinə, o, xüsusi aqressivliyi ilə seçilib. Kadrlardan Qeqe Qeqeşidzenin nəsə bir əşya ilə Datunaşvilinin başına vurduğu yaxşı görünür.
Bundan sonra Datunaşvili kadrlara başı qanayan şəkildə düşüb. Bəziləri Qeqeşidzenin güləşçini metal zəncirlə, digərləri isə dəyənəklə vurduğunu deyir.
Zurab Datunaşvili öz Facebook səhifəsində Güləş Federasiyasının prezidentini ona fiziki təzyiq göstərməkdə ittiham edib. Statusda idmançı güləş üzrə milli yığmada hökm sürən qeyri-sağlam mühit və korrupsiya haqda fikirlərini də yazıb. Hüquq-mühafizə orqanları “zorakılıq” maddəsi ilə cinayət işi qaldırıb. Artıq jurnalistlər, tibb personalı, tamaşaçıların bir qismi dindirilib. Amma bununla yanaşı qalmaqalın əsas iştirakçılarından hələ də ifadə alınmayıb.
İdmançılar istintaqla əməkdaşlıq etmək istəmirlər. Zərərçəkən Datunaşvili də onların sırasındadır. O deyir ki, Güləş Federasiyasının prezidentinin istefasını istəyir, cinayət məsuliyyətinə cəlb olunmasını yox. Datunaşvili diqqəti Qeqeşidzenin qanunu pozmasına deyil, “nakişi” hərəkətinə çəkməyə çalışır. Qeqeşidze də vəkilinin xəstə olduğunu səbəb gətirərək dindirməyə gəlməyib.
Məsələyə müxalifət və qeyri-hökumət təşkilatları da qarışıb. Onlar Qeqeşidzenin cəzalandırılmasını istəyirlər. Bu tələblə onlar artıq bir neçə etiraz aksiyası keçiriblər.
Qeqa Qeqeşidzenin özü istefaya getməyə hazırlaşmır. Mövcud video-çəkilişə baxmayaraq, o, insidentdə iştirakını və Zurab Datunaşvilinin başına metal əşya ilə vurduğunu inkar edir. Yeri gəlmişkən, bu, Güləş Federasiyası prezidentinin qarışdığı ilk qalmaqal deyil.
Mayın 22-də Kotsxeli (Sameqrelo) kəndi yaxınlığında ölkə parlamentinə aralıq seçkilər zamanı baş verən münaqişədə də onun adı hallanır. Səsvermə günü Tbilisidən Kortsxeliyə bir neçə idmançı gəlib və müxalifətçiləri döyüb.
Vahid Milli Hərəkatın üzvləri o zaman bildiriblər ki, “komanda zonderi” məhz Güləş Federasiyasının prezidenti olub. Kortsxelidəki insidentdə prezidentin qardaşı Vladimir Qeqeşidze də iştirak edib.
Müxalifət əmindir ki, daha əvvəl daxili işlər naziri Aleksandr Çikaidzenin şəxsi mühafizəsinə rəhbərlik edən Qeqa Qeqeşidze hakimiyyətin “çirkli tapşırıqlarını” yerinə yetirən “zonderdir”, buna görə də hakimiyyət onu Güləş Federasiyasının prezidenti vəzifəsindən azad etməyə tələsmir.