Gürcüstanın Bolnisi rayonunda “təcili yardım”ı daşa basdılar
Gürcüstanın Bolnisi rayonunun Muşavani kəndinin bir neçə sakini koronavirus simptomlarına baxmayaraq, xəstəxanaya aparılmaqdan imtina ediblər və buna görə də, “təcili yardım” maşınını daşa basıblar.
Yerli deputat Qogi Meşvelianinin sözlərinə görə, bu, sərxoş vəziyyətdə olan bir qrup gənc olub.
“Onlar qışqırırdılar: “Kənddə virus yoxdur, bizi rahat buraxın”. Onların sayı kifayət qədər çox idi, bizi taxtalarla və daşlarla təhdid edirdilər. Nəticədə, həm “təcili yardım” maşını, həm də mənim maşınım zədələnib”, – həkimlər və polis əməkdaşları ilə birgə hadisə yerində olan meriya nümayəndəsi Robizon Selimaşvili deyib.
Bir ailənin üzvləri yoluxub, onları hələlik xəstəxanaya yerləşdirməyiblər.
DİN-in məlumatına görə, iki maşın zədələnib, təhqiqata başlanıb.
Bolnisi və Marneuli rayonları martın 25-dən epidemiyann daxili yoluxması təhlükəsi üzündən tam karantin rejimindədirlər. Ümumilikdə, yalnız Bolnisi rayonunda 107 təsdiqlənmiş yoluxma halı var. Mayın 2-də Marneulinin artıq ikinci sakini koronavirusdan ölüb.
Epidemiya başlanandan Gürcüstanda səkkiz nəfər ölüb. 582 nəfər yoluxub, 207-si sağalıb və xəstəxanadan evə yazılıb.