Gürcüstanda təşviş. “Donuz qripi” üzündən on üç ölüm
Gürcüstanda on üç nəfər qrip virusundan ölüb, bir neçə nəfər isə reanismasiyadadır.
Onların ölümünə daha çox “donuz qripi” kimi tanınan H1N1 ştammı səbəb olub.
Səhiyyə Nazirliyi əmin edir ki, söhbət epidemiyadan getmir və buna sübut olaraq da statistikanı göstərir: bu gün Gürcüstanda hər 100 min nəfər arasında qripə yoluxanların sayı 256 nəfərdir, epidemiya zamanı isə yoluxanların sayı 450-500 nəfərə çatmalıdır.
Bununla belə Gürcüstanda əsl təşviş hökm sürür. Artıq bir həftədir ki, informasiya proqramları qrip haqda xəbərlərlə başlayır və ölümlə nəticələnən hallar haqda məlumatlar yayılır. Küçələrdə biristifadəlik tibbi maskalarda gəzən insanları görmək mümkündür, bu da Gürcüstan üçün qeyri-adi vəziyyətdir.
Apteklərdən ehtiyat üçün qrip və soyuqdəymə əleyhinə dərmanlar, o cümlədən də donuz qripinin müalicəsində istifadə olunan əsas dərman – Tamiflu antivirus preparatı tədarük edilir.
Uşaqlar üçün Yeni il şənlikləri seyrək keçir, çünki valideynlər övladlarını adamların çox olduğu yerlərə buraxmağa qorxurlar.
Yanvarın 8-dən Tbilisinin beş xəstəxanası fasiləsiz iş rejiminə keçib. Demək olar ki, ölkənin bütün səhiyyə müəssisələrində karantin elan olunub – klinikalara giriş və orada qalmaq müddəti xeyli məhdudlaşdırılıb. “Təcili yardım” xidməti də fövqəladə rejimdə işləyir.
Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, bu zamana qədər laborator şəraitdə 300-ə yaxın “donuz qripinə” yoluxma halı qeydə alınıb, onlardan 13-ü ölümlə nəticələnib. Əksər hallarda ağırlaşma qurbanları xroniki xəstəlikləri olan insanlar olub.
Hələlik Gürcüstanda yanvarın 21-ə qədər tətildir. Əgər qrip halları çoxalarsa, tətilin bir qədər də uzanacağı istisna edilmir.
Donuz qripinə qarşı naşatır spirti
Yanvarın 8-də xüsusi brifinqdə doktor Amiran Qamkrelidze əhalini dilə tutub ki, donuz qripinin müalicəsi üçün naşatır spirtindən istifadə etməsinlər və “tibbi” özfəaliyyətin başqa növləri ilə məşğul olmasınlar.
İş orasındadır ki, donuz qripi haqda söhbət gedən kimi bəzi saytlar şübhəli informasiyalarla birlikdə hər səhər acqarına naşatır spirti içməklə donuz qripindən qorunmağın mümkün olduğu haqda məlumat da yaymağa başlayıb.
Bu xəbərə yüz minlərlə dəfə baxılıb və paylaşılıb. Bəziləri isə şərhlərdə yazıblar ki, acqarına naşatır spirtini içəndən sonra mədələri ağrıyıb. Beləliklə də naşatır Facebook-un gürcü seqmentində daha proqressiv qövmün əsas memi və zarafat səbəbi olub.
Luqara laboratoriyasının məsələyə nə dəxli var?
Bəzi qərb əleyhinə olan saytlar Gürcüstanda donuz qripinin Amerikanın Luqara adına laboratoriyasının əməkdaşları tərəfindən qəsdən yayıldığı və bununla da bioloji silah sınağının keçirildiyi haqda yazıb.
•Laboratoriya informasiya müharibəsi meydanında
•17 ölkənin ekspertləri Luqara laboratoriyasında olub. Onlar orada nə tapıb?
“Donuz qripi yalnız Gürcüstanda və bütün bunlar Luqara Laboratoriyasına görədir” (Aliya qəzeti)
“Hazırda baş verənlər Luqara laboratoriyasının sınağıdır. Laboratoriya Kremlin xoşuna gəlmir deyə biz bunu görməzdən gələ bilmərik” (Euronews.ge internet səhifəsi)
Amerikalı senator Luqaranın adını daşıyan Tədqiqat Mərkəzi Tbilisi aeroportunun yaxınlığında yerləşir. Bu laboratoriya 2011-ci ildə Alekseyevka qəsəbəsində açılıb. Mərkəz yüksək müasir standartlara uyğun təchiz olunub və orada qarayara və taun kimi bir neçə ən təhlükəli patogenlər istisna olmaqla istənilən növ mikroblar üzərində iş aparılır.
Artıq bir neçə ildir ki, Rusiya mediasında Luqara laboratoriyası vaxtaşırı olaraq az qala Rusiyaya qarşı böyük təhlükə kimi təqdim olunur, çünki guya Amerika hərbçiləri bilavasitə Rusiya sərhədində bioloji silah hazırlayır və ya istehsal edir və bu silahdan Rusiyaya qarşı istifadə etmək niyyətindədir.
ABŞ və Gürcüstan hakimiyyətləri dəfələrlə bəyanatla çıxış edərək Tbilisi yaxınlığında yerləşən Luqara laboratoriyasının əsas missiyasının epidemiyaların zamanında üzə çıxarılması və qarşısının alınmasından ibarət olduğunu bildiriblər.
Cəmiyyətin liberal hissəsi sosial şəbəkələrdə Luqara laboratoriyası haqda bu fikirləri lağa qoyur və bu informasiyanın Rusiya təbliğatı tərəfindən ortaya atıldığı fikrindədir, çünki dəfələrlə məhz Rusiya siyasətçiləri bu laboratoriyanın əleyhinə çıxış edib.
İnternetdə Luqara laboratoriyası haqda bu xəbərləri təkrarlayan məşhurları da lağa qoyurlar.
Donuz qripinin simptomları nədir?
H1N1 virusunun əsas simptomları adi mövsümi qriplərin simptomları ilə üst-üstə düşür – baş ağrısı, yüksək hərarət, öskürək, bəzən zökəm.
Çox vaxt bu qrip qəfil qızdırmanın 40-da yuxarı qalxması ilə başlayır. Həmçinin bəzən diareya, öyümə, qarında ağrılar da özünü biruzə verir.
Çox vaxt H1N1 ağırlaşmalar olmadan keçir, təxminən bir həftə sonra xəstə sağalır. Amma təhlükə ondadır ki, xəstəliyin ağır forması çox tez inkişaf edir və viruslu pnevmaniya ilə nəticələnir. Viruslu pnevmaniya bakterial pnevmaniyadan fərqli olaraq antibiotiklə müalicə olunmur, burada xüsusi və çox təcili antivirus müalicəsinə ehtiyac var. Buna görə də həkimlər xəbərdarlıq edirlər ki, ilk qrip simptomları zamanı həkimə müraciət etmək lazımdır.
Sonuncu dəfə bu ştammın dünyada pandemiyası 2009-cu ilin martında baş verib. O zaman 20 minə yaxın insan bu virusdan həyatını itirmişdi. Və bu yalnız laborator şəraitdə təsdiqlənən hallardır, gerçəkdə isə bu rəqəm daha yüksəkdir.
Aşağıda Tbilisidə fasiləsiz işləyən xəstəxanaların siyahısı verilir:
- «Medkapital-Qldani» (Vekua küçəsi N 18);
- «Medkapital-Saburtalo » (Qamrekeli küçəsi N19);
- Milli Ailə Səhiyyəsi Tədris Mərkəzi (Tsinamdzqvrişvili küçəsi N57);
- “Medsi” («Vere-21», Kiaçeli küçəsi N18);
- «Medkapital-Samqori» (Moskva prospekti, 4-cü məhəllə).